Akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib Oktyabr 19, 2023 | 02:00 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev akademik Mahmud Kərimovun 75 illik yubileyinə həsr edilmiş elmi konfransda akademik Mahmud Kərimovun elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Akademik Rasim Əliquliyev məruzəsində akademik Mahmud Kərimovun 75 illik yubileyi ilə bağlı keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Alim M.Kərimovun həyat və fəaliyyətindən söz açaraq, onun AMEA-nın müxbir üzvü, sənətşünaslıq sahəsində tanınmış alim olan Kərim Kərimovun ailəsində anadan olduğunu və ziyalı mühitdə boya-başa çatdığını diqqətə çatdırıb. Akademik Mahmud Kərimovun Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdiyini, öz həyatını tamamilə elm sahəsinə, AMEA-ya bağladığını və ömrünün sonunadək bu elm ocağında fəaliyyət göstərdiyini qeyd edib.

AMEA-nın vitse-prezidenti görkəmli alimin zəngin elmi fəaliyyətinin əsas məqamlarına toxunaraq onun radiasiya fizikası və ekologiyası sahələrinin yeni biliklərlə zənginləşdirilməsində mühüm rol oynadığını bildirib. M.Kərimovun 31 yaşında fəlsəfə, 41 yaşında elmlər doktorluğu üzrə dissertasiya işini müdafiə etdiyini, uzun müddət Radiasiya Tədqiqatları Sektoruna rəhbərlik etdiyini, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü və prezidenti seçildiyini deyib.

Akademik  Rasim Əliquliyev 64 il ömür sürən mərhum akademik Mahmud Kərimovun Azərbaycan Milli Elmlər Akademiyasının formalaşması və inkişafında müstəsna xidmətləri olduğunu söyləyib.

M. Kərimovla uzun illər davam edən səmimi və işgüzar münasibətlərindən bəhs edən R.Əliquliyev qeyd edib ki, görkəmli alim islahatçı və yenilikçi ruhu, alicənablığı, xeyirxahlığı və yüksək insani keyfiyyətləri ilə Azərbaycan ictimaiyyəti arasında yüksək nüfuz və hörmət qazanmışdır.

“M. Kərimov AMEA-nın prezidenti kimi fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminin idarə olunmasında müasir çağırışları rəhbər tutmuş, ölkə elminin inkişafı və beynəlxalq aləmə inteqrasiyası istiqamətində kompleks tədbirlər həyata keçirmişdir”, - deyən akademik R.Əliquliyev alimin AMEA rəhbəri kimi böyük etimad qazandığını vurğulayıb.

Akademikin sözlərinə görə, “Azərbaycan elminin doktrinası” kimi qəbul olunan, müasir elmin çağırışlarına cavab verən, elmdə kompleks islahatların həyata keçirilməsini əks etdirən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasında akademik Mahmud Kərimovun əvəzsiz xidmətləri olmuşdur.

Akademik R.Əliquliyev bildirib ki, M.Kərimov AMEA prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən informasiya cəmiyyətinin qurulması ilə bağlı dövrün tələblərini nəzərə alaraq bir sıra elmi tədqiqat strukturlarının, sektorların, mərkəzlərin beynəlxalq standarlara cavab verən institutlara çevrilməsi məqsədilə ölkə rəhbərliyi qarşısında təşəbbüslə çıxış etmişdir. 

AMEA-nın vitse-prezidenti Azərbaycan elminin maliyyələşdirilməsi, Akademiyanın elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının zənginləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması, AMEA-nın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əlaqələrinin qurulması və bu istiqamətdə institusional tədbirlərin həyata keçirilməsi, kadr mübadiləsinin aparılması ilə bağlı akademik Mahmud Kərimovun böyük səy göstərdiyini qeyd edib.

Akademik R.Əliquliyev M.Kərimovun NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı ilə əməkdaşlıq istiqamətində həyata keçirdiyi əhəmiyyətli tədbirlərdən də bəhs edib. O, həmçinin akademik M. Kərimovun radiasiya təhlükəsizliyi, ekoloji təhlükəsizlik, yaşıl texnologiyaların tətbiqi ilə yaşıl cəmiyyətin formalaşması, yaşıl enerji mənbələrinin əldə olunması ilə bağlı mühüm layihələr həyata keçirdiyini deyib.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, akademik M. Kərimov hər zaman Akademiyanın davamlı inkişafını təmin etmək üçün islahatların aparılması üzərində düşünür, xarici təcrübənin ölkəmizdə tətbiqi məqsədilə çox işlər görürdü.

Akademik R.Əliquliyev diqqətə çatdırıb ki, Mahmud Kərimov ictimai fəallığı ilə seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə də həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir. Bu baxımdan alimin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyəti də təqdirəlayiq olmuşdur.

Akademik Rasim Əliquliyev çıxışının sonunda dövlətimiz tərəfindən hər zaman akademik Mahmud Kərimovun şəxsiyyətinə böyük etimad göstərildiyini, onun fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib. M.Kərimovun əziz xatirəsinin xalqımız tərəfindən hər zaman ehtiramla yad ediləcəyinə, görkəmli alimin əsasını qoyduğu elmi məktəbin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı