Rəqəmsal texnologiyalar və innovasiyalar əsasında sirkulyar iqtisadiyyatın formalaşması problemləri tədqiq olunub Oktyabr 04, 2023 | 08:57 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal texnologiyalar və innovasiyalar əsasında sirkulyar iqtisadiyyatın formalaşması problemlərinə həsr olunmuş elmi seminar keçirilib.

Tədbirdə giriş məruzəsi ilə çıxış edən şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev müasir dövrdə rəqəmsal innovasiyaların və texnologiyaların tətbiqinin, yeni ekoloji cəmiyyətdə innovativ əsaslı inkişaf paradiqmalarının, yeni ekoloji cəmiyyətə konseptual rəqəmsal baxışların formalaşmasının sirkulyar iqtisadiyyatın əsasını təşkil etdiyini bildirib. O, rəqəmsal sirkulyar iqtisadiyyat prinsiplərinin Avropa İttifaqı, Cənubi Koreya, Yaponiya və s. kimi ölkələrin normativ-hüquqi aktlarında geniş şəkildə öz əksini tapdığını vurğulayıb.

Sonra institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva və baş mütəxəssisi Səyyar Abdullayevin həmmüəllifi olduqları məruzəni R.Şahverdiyeva təqdim edib.

R.Şahverdiyeva əvvəlcə tarixi aspektdə yaşıl iqtisadiyyatın resursların səmərəliliyi, davamlı istehlak və istehsal, sosial bərabərlik kimi prinsiplərindən bəhs edib, yaşıl iqtisadiyyatın formalaşdırılması sahəsində rəqəmsal texnologiyaların tətbiqinin Azərbaycanda vəziyyətinin təhlilini aparıb.

Tədqiqatçı müvafiq sahənin normativ-hüquqi əsaslarına toxunaraq “ağıllı şəhər” və “ağıllı kənd”lərdə yaşıl iqtisadiyyata keçid zamanı dövlətin rolunun gücləndirilməsi və dövlət siyasətinin təkmilləşdirilməsinin zəruriliyinin ölkəmizdə yaşıl, o cümlədən sirkulyar iqtisadiyyatın inkişafında, tullantısız texnologiyaların tətbiqində mühüm mərhələni təşkil etdiyini diqqətə çatdırıb. O, yaşıl iqtisadiyyat konsepsiyasının resurslardan səmərəli istifadəyə və israfçılığın azaldılması kimi prioritet iqtisadi prinsiplərə əsaslandığını bildirib.

R.Şahverdiyeva sirkulyar  iqtisadiyyatın əlamətləri, bu iqtisadiyyata rəqəmsal texnologiyalar və innovasiyalar əsasında keçidin formalaşma xüsusiyyətləri və sistemyaradıcı elementləri, sirkulyar iqtisadiyyatın inkişafında rəqəmsal transformasiya texnologiyalarının tətbiqi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, süni intellekt, “Əşyaların İnterneti”, maşın təlimi kimi üsullar Dördüncü Sənaye İnqilabının tərkib hissəsi olaraq sirkulyar iqtisadiyyatda tətbiq olunur.

Məruzəçi bildirib ki, dövri proses sirkulyar iqtisadiyyatın daha dayanıqlı və rəqabətli olması üçün istehsalın, istehlakın rəqəmsal innovativ texnologiyaların tətbiqi və səmərəli üsullarla idarə olunmasını, istehsalçıların resurs çatışmazlığından və qiymət dəyişkənliyindən qorunmasını, tullantıların idarə edilməsinin optimallaşdırılmasını, təkrar emalını, havanı, torpağı, suyu çirkləndirən emissiyaların azaldılmasını və s. işlərin yerinə yetirilməsini tələb edir.

 “Sirkulyar iqtisadiyyat rəqəmsal resurslardan maksimum istifadə edir və tullantını azaltmağı hədəfləyir”, - deyən məruzəçi onun məqsədinin istehlak yox, təkrar emalı inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb. Onun sözlərinə görə, sirkulyar iqtisadiyyat təkrar emal və yenidən emal yolu ilə materialların birdəfəlik istifadə olunmasının qarşısını alır, iqtisadiyyatın istehsal və istehlak modellərini, xidmətləri və infrastrukturu yenidən nəzərdən keçirməyə imkan verir.

Çıxışının sonunda R.Şahverdiyeva bildirib ki, sirkulyar iqtisadiyyat təcrübələrini qəbul etmiş ölkələrdə iqtisadi artım təşviq edilərək innovasiya və iş yerlərinin yaradılması üçün yeni imkanlar yaranacaq. Əlavə edib ki, Dördüncü Sənaye İnqilabının rəqəmsal  platforması komponentləri sirkulyar iqtisadiyyata keçidin formalaşması problemlərinin həllində geniş tətbiq olunmalıdır. Eyni zamanda İnformasiya Cəmiyyəti quruculuğu aspektində İKT qurğu və avadanlıqlarının ikinci əl bazarı vasitəsi ilə təkrar istifadəyə və emala qaytarılması üzrə tədbirlər və mexanizmlər işlənilməlidir.

Sonra çıxış edən şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev müasir dövrdə böyük aktuallıq kəsb edən elmi problemlərdən biri olan yaşıl, həmçinin sirkulyar iqtisadiyyatla bağlı tədqiqatların aparılmasının əhəmiyyətinə toxunub, bu istiqamətdə araşdırmaların daha mütərəqqi rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi aspektində dərinləşdirilməsinə dair təklif və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı