899
Hər biri Azərbaycan tarixinə şanlı səhifə kimi yazılan 44 gün Sentyabr 27, 2023 | 09:09 /

Azərbaycan xalqı canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır

Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından üç il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

AZƏRTAC 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına, rəşadətli ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinə, böyük Zəfəri təmin edən əsas amillərə bir daha nəzər salır.

Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi.

“Dəmir yumruq” əməliyyatı

Əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz və Qərvənd kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi qarşıdakı böyük Qələbəmizin ilk müjdəsi oldu.

“Dəmir yumruq” əməliyyatının qısa xronikası: Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan bayrağını ucaltdı. Oktyabrın 18-də - Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu.

Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri dağlardan, meşələrdən, cığırlardan keçərək, Şuşanın sıldırım qayalarına dırmaşaraq, bir neçə istiqamətdən şəhərə daxil oldular. Qəhrəman ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini noyabrın 8-də səhər saatlarında Şəhidlər xiyabanından verdi.

Böyük Qələbə münasibətilə Prezident müraciətində böyük fəxarət və qürur hissi ilə xalqımızı təbrik etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq”.

Şuşanın azad edilməsi ilə Ermənistan ordusunun müqavimət gücü tamamilə sarsıldı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

Düçar olduqları ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi.

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi bu gün dünyanın hərbi məktəblərində öyrənilir

XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq bütün 44 gündə yalnız irəli getdi. Ermənistan Ordusunda on mindən çox əsgər fərarilik etdiyi halda, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də fərari olmadı.

İkinci Qarabağ müharibəsində qazanılmış şanlı Qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2900-dən çox əsgər və zabitimiz şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün deyil, həmişə ehtiramla yad edir.

Prezidentin imzaladığı Sərəncamda qeyd edilir: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.

Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin 2020-2021-ci illərdə imzalandığı sərəncamlarla Vətən müharibəsinin ümumilikdə 159 mindən çox iştirakçısı müxtəlif orden və medallarla təltif olunub.

Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməli qoyulub.

Qələbələrimizi təmin edən əsas amil xalq-dövlət-ordu birliyi oldu

Dünya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, müharibələrin taleyini həll edən ən başlıca amil xalq-dövlət-ordu birliyidir. İkinci Qarabağ müharibəsində şanlı Zəfəri xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi təmin etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalara qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Azərbaycan KİV-ləri, o cümlədən AZƏRTAC Vətən müharibəsinin gedişini peşəkarcasına işıqlandıraraq cəbhə xəbərlərini xalqımıza və dünya ictimaiyyətinə operativ və dəqiq şəkildə çatdırdılar.

Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdədir. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin açılışı oldu, yeni layihələrə start verildi. Şuşaya böyük Qələbənin rəmzi olan Zəfər yolu çəkildi. Füzulidə Beynəlxalq Aeroport açıldı. Zəngilan rayonunda tikilən “ağıllı kənd”ə ilkin olaraq 66 ailə (ümumilikdə 326 nəfər) köçürüldü. Bununla da “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu.

Ötən il Anım Günü ərəfəsində daha bir tarix hadisənin qürur və sevincini yaşadıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezidentimiz 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Antiterror tədbirləri ilə düşmən Azərbaycan Ordusunun və əsgərinin gücünü bir də gördü

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, peşəkar komando bölmələri yaradılır. Bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadirdirlər. Biz Azərbaycan Ordusunun və əsgərinin gücünə, qətiyyətinə ötən il sentyabrın 13-14-də bir daha şahid olduq. Ordumuz Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonları ərazisində törətdiyi növbəti təxribatlara layiqincə cavab verərək düşməni yenə də yerinə oturtdu. Təəssüf ki, əks-hücum əməliyyatları zamanı 80 hərbi qulluqçumuz şəhid oldu. Onların qisası bu dəfə də artıqlaması ilə alındı.

 

Təəssüf ki, düşmən ağır məğlubiyyətdən nəticə çıxarmadı, fürsət düşdükcə təxribatlar törətdi, yolları minaladı, günahsız insanları qətlə yetirdi. Bu ili sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri yenə Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutka ərzində düşmən aldığı ağır zərbələrdən sonra tərk-silah olunmağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Təəssüf ki, yeni itkilərsiz keçinmək mümkün olmadı, yenə şəhidlər verdik.

Axıdılan şəhid qanları hədər getmir. Xalqımızın otuz illik arzusunu reallığa çevirən, Azərbaycanın hərbi qüdrətini bütün dünyaya göstərən, bizi qalib xalqa çevirən qəhrəman əsgər və zabitlərimiz bu gün işğaldan azad olunmuş torpaqlarımızın, Vətən sərhədlərinin müdafiəsində “Dəmir yumruq” kimi dayanmaqda davam edirlər.

Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı,

canı və qanı bahasına qazanıldı

Zəfərə gedən yolun başlanğıcı ilə bağlı AZƏRTAC-a fikirlərini bölüşən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib ki, hərbçilərimizin şücaəti, canı, qanı bahasına 44 günlük savaşda qazanılan tarixi Zəfər hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. 2020-ci il sentyabrın 27-də növbəti hərbi təxribat müharibə üçün qığılcım oldu. Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüz törətdilər. Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan Ordusu Ermənistanın ordusunu məhv edərək, kapitulyasiya aktına imza atmağa məcbur etdi, tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı. Vətən müharibəsində tarixi Zəfər heç də asanlıqla əldə olunmayıb. Torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Azərbaycanın cəsur oğullarının şücaəti ilə düşmənin bütün sədləri darmadağın edildi, Vətən müharibəsində tarixi Zəfər cəsur Azərbaycan oğullarının fədakarlığı, canı və qanı bahasına qazanıldı.

Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir

İkinci Qarabağ müharibəsinin iştirakçısı Sənan Zeynalov deyib: “Bütün şəhid valideynləri qarşısında baş əyirəm. N saylı kəşfiyyat taborunun tərkibində Füzuli istiqamətində döyüşlərə başlamışıq. Daha sonra Cəbrayıl, Qubadlı rayonlarında gedən döyüşlərdə iştirak etmişəm və yaralanmışam. Tam sağalmamış yenidən döyüşlərə qatılmışam və düşmən diversiya qrupunun ələ keçirilməsində birbaşa iştirak etmişəm. Bu Vətən bizimdir, Vətən borcu heç zaman ödənməz. Nə qədər canımızda can var hər zaman Vətənin keşiyində duracağıq. Danışmaq həqiqətən çox çətindir. Həqiqi dostları, mərd insanları orada gördüm. Onların hər biri bir dastandır, nə qədər danışsaq azdır. Müharibə vaxtı insanlar yaralanırdı, biz onları hospitala göndərə bilmirdik. Onlar deyirdilər ki, sizi qoyub hara gedək? Mərd oğullarla çiyin-çiyinə döyüşdüyüm üçün həqiqətən çox şərəf hissi keçirirəm. Bu Vətəni qəlblə sevmək lazımdır. Mənim üçün ailədən, hər şeydən vacib Vətəndir. Demək olar ki, hər gün Şəhidlər xiyabanını ziyarət edirəm. Bunu özümə borc bilirəm. Son nəfəsimə qədər yenə ziyarət edəcəyəm”.

Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə xanım İbrahimova deyib: “Oğlum Birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra Gəncədə N saylı hərbi hissədə xidmət edib. Ulu Öndər Heydər Əliyev onu hərbi xidmətdə fərqləndiyinə görə mükafatlandırıb, medalı şəxsən özü təqdim edib. Uzun illər Gəncədə müxtəlif vəzifələrdə xidmət edib. Hərb sənətinə çox sevirdi, sanki hərbçi doğulmuşdu.

Oğlum İkinci Qarabağ müharibəsi başlayanda ehtiyatda olsa da, könüllü şəkildə cəbhəyə yola düşdü. Dedi ki, ana, məni heç bir qüvvə saxlaya bilməz. Getməsəm, bu vətənə xəyanət olar. Oğlum gedən kimi onu artilleriya rəisi təyin etdilər. Bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərdi. Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid oldu. Noyabrın 8-də gördüm ki, hamı bizim evə tərəf qışqıraraq “şəhid anası” deyə-deyə gəlir. Bilmədim ağlayım, ya gülüm. Bir gözüm sevinirdi ki, Vətənim qalib gəlib. Digər gözüm ağlayırdı ki, balamı itirmişəm. Hərbçilərə ehtiramım çox böyükdür, onların mövqeyi həmişə mənim gözümdə ucadır. Allah hər bir hərbçini qorusun, ucalarda saxlasın. Xalqımdan razıyam ki, şəhidlərini unutmurlar, həmişə onları ziyarət edirlər.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Xeyrulla İbrahimov “Azərbaycan bayrağı” ordeni, Şuşa, Füzuli, Cəbrayılın azad olunması uğrunda medallarla təltif edilib. Adına küçə verilib, abidəsi qoyulub.

Anım Günü münasibətilə Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı naminə canından keçmiş bütün insanların xatirəsi bu gün hörmət və ehtiramla yad edilir. Heç kim unudulmamalı, heç nə yaddan çıxmamalıdır. Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü həmişə yad edəcək, şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaq. Şəhid adını qazanmış Azərbaycanın igid övladları xalqımızın qəhrəmanlıq tarixində əbədiyyətə qovuşub. İllər keçsə belə, onların Vətəninə, xalqına, millətinə olan sevgisi hər birimiz üçün örnək olacaq. Allah Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!

AZƏRTAC

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı