“E-demoqrafiya sistemi cəmiyyətin rəqəmsal əkizi kimi” mövzusunda aparılan tədqiqatın nəticələri müzakirə olunub Sentyabr 28, 2023 | 08:48 / Konfranslar, iclaslar

E-demoqrafiya sistemi inkişaf etdikcə, intellektuallaşdıqca fərd, ayrı-ayrı qruplar və ümumilikdə cəmiyyətdə baş verən sosial proseslərlə bağlı daha dəqiq proqnozlar verə bilən, cəmiyyətin rəqəmsal əkizi olan ağıllı sistemə çevrilir. E-demoqrafiya platformasında cəmiyyətin rəqəmsal əkizi dedikdə demoqrafik modellərin intellektuallaşdırılması nəzərdə tutulur.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova elmi seminarda məlumat verib. “E-demoqrafiya sistemi cəmiyyətin rəqəmsal əkizi kimi” mövzusunda məruzə ilə çıxış edən İ.Ələkbərova tədqiqatın məqsədinin e-demoqrafiya konsepsiyasının mahiyyətini araşdırmaq, bu konsepsiyanın cəmiyyətin öyrənilməsində rolunu müəyyənləşdirmək və cəmiyyətin rəqəmsal əkizinin formalaşması üçün həlli vacib məsələləri müəyyənləşdirməkdən ibarət olduğunu bildirib.

Məruzəçi demoqrafik tədqiqatların elmi araşdırmaların klassik tədqiqatlar üzərində qurulması, demoqrafik göstəricilərin seçilməsi və əldə edilməsi metodlarının təkmilləşdirilməsi, eləcə də sosial proseslərin öyrənilməsi və proqnozlaşdırılması üçün funksional-mexanika (sosial fizika) prinsiplərinə əsaslanan daha effektli modellərin seçilməsi mərhələlələri ilə xarakterizə olunduğunu diqqətə çatdırıb.

“Demoqrafik modelləşdirmədə bir çox hallarda müəyyən demoqrafik proses modelləşdirilir”, - deyə bildirən İ.Ələkbərova bu məqsədlə miqrasiya, xəstəlik, əhali artımı, ölüm hallarının modelləşdirilməsi və proqnozlaşdırılmasının aparıldığını qeyd edib, bu modelləşdirmələrin hər biri haqqında ətraflı məlumat verib. Məruzəçi əlavə edib ki, model əhalinin artım dinamikasına əsasən gələcəkdə əhali sayının artımını proqnozlaşdırır.

İ.Ələkbərovanın sözlərinə görə, e-demoqrafiya sistemi cəmiyyətin dəqiq modelinin yaradılması üçün bütün imkanlara malikdir. Bu sistem cəmiyyətin rəqəmsal əkizi, başqa sözlə, intellektual alqoritmlər vasitəsilə yaradılan virtual cəmiyyət modelidir: “Bu modelin yaradılmasında əsas məqsəd cəmiyyətin daha ətraflı öyrənilməsi, baş verən sosial proseslərin məntiqi izahının verilməsi və proqnozlaşdırılmasıdır”.

Məruzəçi qeyd edib ki, maşın təlimi metodları e-demoqrafiya sistemində toplanan məlumatlar əsasında cəmiyyətdə baş verən sosial proseslər, insanların davranışı və maraqları haqqında fikir əldə etmək üçün əhəmiyyətlidir. O, əlavə edib ki, bunun üçün müxtəlif informasiya sistemlərindən məlumatların vahid milli reyestrə gətirilərək müxtəlif proyeksiyalar altında analiz olunması vacibdir.

İ.Ələkbərova vahid milli reyestrdə ölkə vətəndaşları, ölkədə yaşayan, lakin vətəndaşlığı olmayan xarici vətəndaşlar və xaricdə daimi yaşayan ölkə vətəndaşları haqqında məlumatların saxlanıldığını bildirib, reyestrdə hər bir şəxs haqqında yazının formalaşdırıldığını və hər bir yazının xüsusi identifikasiya nömrəsi ilə nömrələndiyini diqqətə çatdırıb.

O, həmçinin e-demoqrafiya sisteminin ümumi sxemini və e-demoqrafik modelləşmənin konsepsiyasını təqdim edib.

“Rəqəmsal əkiz konsepsiyası Dördüncü Sənaye İnqlabının bir istiqaməti olub, fiziki obyekt haqqında bütün mümkün məlumatlar əsasında bu obyektin dəqiq qurulan virtual modelidir”, - deyən İ.Ələkbərova cəmiyyətin rəqəmsal əkizinin formalaşması üçün həlli gözlənilən məsələlərdən bəhs edib. O, bu məqsədlə vahid milli reyestrin, o cümədən e-tibbi və e-ekoloji demoqrafiya sistemlərinin, eləcə də e-miqyasiya reyestrinin və hər bir fərdin rəqəmsal əkizinin yaradılmasının önəminə toxunub. Həmçinin demoqrafik situasiyanın monitorinqi, düzgün qiymətləndirilməsi, səmərəli idarə olunması və proqnozlaşdırma sistemlərinin intellektuallaşdırılması və ölkənin müvafiq ali təhsil müəssisələrində e-demoqrafiya sahəsində tədris proqramlarının hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsinin həlli vacib məsələlərdən olduğunu qeyd edib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı