Kompüter şəbəkələrinin təhlükəsizliyinin dərin təlim əsasında monitorinqi modeli təqdim olunub Sentyabr 22, 2023 | 09:41 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında “Kompüter şəbəkələrinin təhlükəsizliyinin dərin təlim əsasında monitorinqi modeli” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəni təqdim edən R.Şıxəliyev bildirib ki, kompüter şəbəkələrinin (KŞ) təhlükəsizliyinin monitorinqi kiberhücumların aşkar edilməsi və qarşısının alınması üçün kompüter şəbəkəsinin davamlı olaraq monitorinqi prosesidir. Hazırda KŞ-nin kibertəhlükəsizlik insidentlərinin sayı getdikcə artır və bu insidentlər şəbəkələrin, şəbəkə proqramları və xidmətlərinin işinin pozulması və s. kimi mənfi nəticələrə gətirib çıxara bilər.

R.Şıxəliyev müasir KŞ-nin miqyası, mürəkkəbliyi və qarşılıqlı əlaqəsinin, eləcə də generasiya edilən məlumatların həcminin artmasının KŞ-nin təhlükəsizliyinin monitorinqini çətinləşdirdiyini söyləyib. Bunun ənənəvi şəbəkə monitorinqi modellərinin real vaxt rejimində böyük həcmli məlumatın dəqiq və effektiv emalı problemi ilə əlaqədar olduğunu qeyd edib. Bu baxımdan KŞ-nin təhlükəsizliyinin intellektual monitorinqi üçün dərin təlimə (DT) əsaslanan yeni modellərin işlənilməsinin aktual məsələlələrdən olduğunu vurğulayıb.

Tədqiqatçı qeyd edib ki, zərərli proqrama yoluxma, xidmətdən imtina (DoS) hücumları, fişinq hücumları, “Ortada adam” hücumları (Man-in-the-middle attack), şəbəkənin skan edilməsi, parolların sındırılması, icazəsiz giriş, təhlükəsizlik siyasətinin pozulması və s. kibertəhlükəsizlik insidentlərinə daxildir. O, DT modellərinin istifadəsi ilə bağlı problemlərdən söz açaraq, effektiv DT modelinin işlənilməsi, yeni təhlükə növlərinə uyğunlaşma, DT modellərinin təfsirinin mürəkkəbliyi, kiçik həcmli məlumatla işləmək, nəticələrin təfsirində çətinlik və s. haqqında danışıb.

KŞ-nin təhlükəsizliyinin monitorinqi modeli barədə məlumatı diqqətə çatdıran məruzəçinin sözlərinə görə, KŞ-nin təhlükəsizliyinin monitorinqi məsələsi üçün bir DT modelinin istifadəsi zamanı kibertəhlükəsizlik insidentlərinin analizi ilə bağlı problem yarana bilər. Bu, bir DT modelinin KŞ-nin kibertəhlükəsizlik insidentlərinin müxtəlif növ əlamətlərini çıxara bilməməsi ilə əlaqədardır, çünki kibertəhlükəsizlik insidentləri məkan, zaman və s. əlamətlərə malikdir. Buna görə də elmi-tədqiqat işində KŞ-nin təhlükəsizliyinin monitorinqi üçün DT modellərinin (CNN və LSTM) hibridindən istifadə edilməsi təklif olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı