İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Almaniyada keçirilən beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib Sentyabr 20, 2023 | 02:41 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 14-15 sentyabr 2023-cü il tarixlərində Almaniyanın Dortmund şəhərində hibrid formatda keçirilən “XXI əsrdə elmin inkişafı” mövzusunda VIII beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.

Ş.Mahmudova “Bulud sistemlərinin platformasında paylanmış strukturlu proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metodun işlənməsi” (Development of a method for increasing the reliability of distributed software systems on cloud systems platform) mövzusunda məruzəsində  bildirib ki, hesablama buludları istifadəçilərə məlumatları səmərəli şəkildə saxlamağa və idarə etməyə imkan verir. 

Dosent Ş.Mahmudova proqram sisteminin qurulmasında hesablama buludlarından istifadə edilməsinin xərclərin azalmasına, verilənlərin saxlanma dəyərinin minimallaşdırılmasına səbəb olduğunu qeyd edib. Tədqiqatçı bildirib ki, dünya iqtisadiyyatının müasir inkişafı informasiya sistemlərinin geniş tətbiqi ilə müşayiət olunur ki, onların arasında bulud texnologiyaları xüsusi yer tutmağa başlayır.

“Bulud texnologiyaları tədricən müxtəlif sənaye və fəaliyyət sahələrində şirkətlərin rəqabət qabiliyyətinin artmasına təsir edən ən mühüm amillərdən birinə çevrilir”, - deyə qeyd edən məruzəçi bu prossesin bir neçə mərhələdən ibarət olduğunu deyib. O, bu məqsədlə hesablama buludları, xüsusiyyətləri və xidmətlərinin araşdırıldığını, əlaqəli işlər və ən çox yayılmış hesablama buludları modellərinin, bulud verilənlər bazalarının tədqiq edildiyini diqqətə çatdırıb. Ş.Mahmudova hesablama buludlarının üstün və çatışmayan cəhətlərini də qeyd edib. 

Məruzəçinin sözlərinə görə, bulud texnologiyalarından istifadənin səmərəliliyini artırmaq üçün effektiv yanaşmaların olması onların istifadəsinin üstünlükləri və məhdudiyyətlərinin hərtərəfli qiymətləndirilməsinin məqsədəuyğunluğunu və əhəmiyyətini, habelə gələcək inkişaf perspektivlərini əvvəlcədən müəyyənləşdirir.

Ş.Mahmudova hesablama buludlarında proqram sistemlərinin məhsuldarlığının artırılması, proqnozlaşdırılması,  monitorinqi, istehsal vaxtının azaldılması məqsədilə rəqəmsal əkiz texnologiyaları, növləri və s.nin tədqiq edildiyini vurğulayıb. O, həmçinin hesablama buludlarında proqram sistemləri üçün etibarlılıq meyarlarının seçildiyini, proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metodun işlənildiyini qeyd edib.

Çıxışının sonunda dosent Ş.Mahmudova əldə olunmuş elmi nəticələr əsasında aparılan hesablamaların yüksək nəticə verdiyini diqqətə çatdırıb.

Ş.Mahmudova beynəlxalq konfransda məruzə ilə çıxış etdiyinə görə sertifikatla təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı