Proqram təminatının sınaqdan keçirilməsində standartların tətbiqi ilə bağlı araşdırmalar aparılır İyun 30, 2023 | 02:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Proqram təminatının sınağında standartların tətbiqi” mövzusunda məruzə dinlənilib.

Mövzuya dair çıxış edən institutun böyük elmi işçisi Nəzakət Məlikova proqram mühəndisliyi üzrə standartları işləyən təşkilatlar, keyfiyyətin idarə edilməsi üzrə  (Systems and Software product – Quality Requirements and Evaluation – SQuaRE) standartlar seriyası, eləcə də testləşmədə istifadə olunan standartlar haqqında ətraflı məlumat verib.

Tədqiqatçı qeyd edib ki, işin məqsədi proqram sistemlərinin sınağında standartların tətbiq edilməsi, həmçinin proqram təminatının keyfiyyətinin yüksəldilməsi üçün tətbiq edilən standartların vacibliyinin göstərilməsidir.

Məruzəçi bildirib ki, standartlaşdırma obyektlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyətdir. İnformasiya təhlükəsizliyini təmin etməyin yollarından biri də proqram təminatının işlənilməsi zamanı onun normativ bazasının reqlamentləşdirilməsi və standartlaşdırılmasından ibarətdir.

N.Məlikova diqqətə çatdırıb ki, Azərbaycanda İKT-nin inkişafına təkan vermək üçün beynəlxalq tələb və tövsiyələrə uyğun milli standartların hazırlanması ilə bağlı işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə əmri ilə yaradılan və 2008-ci ildən fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya Kommunikasiya Texnologiyaları” Texniki Komitəsi tərəfindən həyata keçirilir.

Onun sözlərinə görə, adətən standartlar müxtəlif milli və beynəlxalq qurumlar, peşə cəmiyyətləri və ya sənaye təşkilatları tərəfindən təsdiqlənir. Standartların beynəlxalq, milli, təşkilati və layihə standartları növləri var.

Proqram mühəndisliyinin standartları haqqında bəhs edən tədqiqatçı söyləyib ki, onlar proqram təminatının keyfiyyətinin idarə edilməsində mühüm rol oynayır, məhsulun və ya prosesin lazımi atributlarını müəyyənləşdirir, eləcə də bəzi məsələləri əhatə edir. Bu məsələlərə terminologiya, fəaliyyət prinsipləri, keyfiyyətin idarə edilməsi üzrə plan və s. aiddir. Bu standartların tətbiqinin ən yaxşı təcrübənin inkapsulyasiya edilməsi, keçmiş səhvlərin təkrarlanmasının qarşısının alınması, təşkilatın keyfiyyəti anlayışının müəyyənləşdirilməsi, layihənin davamlılığının təmin edilməsi və s. kimi üstünlükləri var.

“Proqram təminatının verifikasiya metodları onun xüsusiyyətlərinin qoyulan tələblərə uyğun gəldiyini təsdiq etmək üçün nəzərdə tutulmuşdur”, - deyən N.Məlikova bu metodların təyinatına və son nəticəyə çatma üsullarına görə müxtəlif olduğunu da vurğulayıb:  “Proqram təminatının texniki vəziyyəti və iş qabiliyyətinin qiymətləndirilməsinə yönəlmiş verifikasiya metodları əsasən ekspertiza, statik analiz, formal metodlar, dinamik analiz və sintetik metodlar kimi təsnif edilir”.

O, nəzərə çatdırıb ki, hazırda 5 müxtəlif beynəlxalq sınaq standartları mövcuddur. Proqram təminatının sınaq standartları proqram təminatının sınaqdan keçirilməsi üçün şablon təlimatlar toplusudur. Bu standartlar hazırlanmış və sınaqdan keçirilən proqram təminatının keyfiyyətini təmin etməyə kömək edir.

Sonda məruzəçi bildirib ki, sifarişçinin tələblərinə cavab verə biləcək keyfiyyətli proqram təminatının işlənilməsi üçün onun normativ bazası reqlamentləşdirilməli və standartlaşdırılmalıdır. Proqram mühəndisliyi üzrə standartlar durmadan inkişaf etdirilir, dövri şəkildə nəzərdən keçirilir və lazım gəldikdə yenilənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı