İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları tədqiq edilir İyun 24, 2023 | 10:51 / Konfranslar, iclaslar

İqtisadiyyatın əsasını müasir cəmiyyətin sosial-iqtisadi inkişafının əsas amili olan intellektual potensial təşkil edir. Alimlərin fikrincə, intellektual potensialın əsas hərəkətverici qüvvəsi elmi bilik və texnologiyanın istehsalı, yayılması və səmərəli istifadəsi olan təhsil cəmiyyətinin formalaşması ilə bağlıdır. Dünya təcrübəsi cəmiyyətin inkişafında təbii resursların, coğrafi və siyasi mühitin, iqtisadi və sosial vəziyyətin, xüsusilə də elmin və təhsilin əhəmiyyətli rol oynadığını göstərir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

İnstitutun böyük elmi işçisi Mərziyə İsmayılova “İntellektual potensialın qiymətləndirilməsi metodologiyaları” mövzusunda məruzə ilə çıxış edərək intellektual potensialın qiymətləndirilməsi sahəsində mövcud metodologiyalar haqqında ətraflı məlumat verib.

Məruzəçi qeyd edib ki, intellektual potensialın qiymətləndirilməsində “Bilik indeksinin hesablanma metodologiyası”, “Ölkənin elmi-texniki potensialının inteqral qiymətləndirilməsi metodologiyası”, “Ümumi innovasiya indeksinin hesablanma metodologiyası” , “Universitetlərin intellektual potensialının hesablanma metodikası”, “Cəmiyyətin intelektual potensialının qiymətləndirilməsi” və s. metodologiyalardan istifadə edilir.

Sonra o, Azərbaycanda intellektual potensialın qiymətləndirilməsindən söz açaraq təhsil və elm üzrə intellektual potensialın kəmiyyət qiymətləndirilməsi üçün Rutkeviç və Levaşov metodikasından istifadə edildiyini bildirib: “Bu metodikada cəmiyyətin intellektual potensialını qiymətləndirmək üçün 2 əsas subyektin (təhsil və elm sferası) göstəricisi əsas götürülür. İntellektual potensialın qiymətləndirilməsində Azərbaycan Dövlət Statistika Komitəsinin statistik məcmuəsi (2017-2021-ci illər) üzrə Azәrbaycan Respublikasında tәhsilin, elmin vәziyyәtini vә inkişaf sәviyyәsini әks etdirәn bir sıra göstәricilәrdən istifadə olunmuşdur”.

İntellektual potensialın qiymətləndirilməsi sahəsindəki çatışmazlıqlardan bəhs edən M.İsmayılova intellektual potensialın ölçülməsi ilə bağlı ayrı-ayrı ölkələrin və tədqiqatçıların təklif etdiyi çoxlu sayda metodikaların olmasına baxmayaraq onun qiymətləndirilməsinə dair vahid yanaşmanın olmadığını və müxtəlif üsullardan istifadə olunduğunu diqqətə çatdırıb.

Tədqiqatçı vurğulayıb ki, intellektual potensialı adekvat şəkildə təsvir etmək üçün bir çox göstəricilərə, həmçinin  onun qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi üçün intellektual potensialdan istifadə mexanizmlərinin işlənib hazırlanmasına ehtiyac var.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı