“Beyin axını” problemləri ilə bağlı araşdırmalar aparılır İyun 19, 2023 | 11:04 / Konfranslar, iclaslar

“Beyin axını” (brain drain) yüksəkixtisaslı və bacarıqlı insanların öz ölkələrindən daha yaxşı şəraitdə işləyə və daha çox pul qazana biləcəkləri inkişaf etmiş ölkələrə köçməsidir. Bu proses həm də “insan kapitalının köçü” kimi tanınır. Bu termindən ilk dəfə keçən əsrin 50-ci illərinin sonu – 60-cı illərin əvvəllərində Böyük Britaniyadan yüksəkixtisaslı mütəxəssislərin ABŞ və Kanadaya emiqrasiyasını təsvir etmək üçün  istifadə edilmişdir.

İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. İnstitutun böyük elmi işçisi Aybəniz Əliyeva “Beyin axını problemi” mövzusuna həsr olunmuş tədbirdə “beyin axını”nın meydana gəlməsi, səbəbləri, nəticələri və Azərbaycanda “beyin axını” ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. İllər ərzində beyin hərəkətliliyi ilə bağlı geniş terminologiyanın  yarandığını qeyd edən məruzəçi “beyin itkisi” (brain waste), “beyin dövriyyəsi” (brain circulation), “beyin mübadiləsi” (brain exchange), “optimal beyin axını” (optimal brain drain), “beyin qazancı” (brain gain), beyin qloballaşması (brain globalization) və beyin ixracı (brain export) kimi terminlər haqqında bəhs edib.

Əvvəlcə “Beyin axını” konsepsiyasından söz açan tədqiqatçı bu prosesə iki – “Brain eхchange”, bilik və təcrübənin paylanması, yaхud mübadiləsi, eləcə də “Brain Waste” – beyin itkisi konsepsiyalarının aid olduğunu diqqətə çatdırıb: “Birinci konsepsiyaya görə, beyin miqrasiyasına qoşulan insanlar öz bilik və təcrübələrini yeni müəssisə və transmilli şirkətlərlə paylaşırlar. Bu zaman öz mütəхəssislərini digər quruma “icarəyə” verən transmilli şirkət “beyin aхını” ilə üzləşmir. İkinci konsepsiyada isə prosesə məruz qalan dövlət öz intellektual potensialını tamamilə itirməli olur. Nəticədə isə “düşünən beyin”lərini itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalır”.

A.Əliyevanın sözlərinə görə, “beyin axını”nın səbəblərinə daha yaxşı karyera və gələcək qurmaq, ali təhsil almaq arzusu, intellektual azadlığın olmaması, daha yüksək gəlir, yaxşı tədqiqat və iş imkanları daxildir.

Sonra o, “beyin axını”nın ölkəmizə təsirləri haqqında söyləyib ki, statistik məlumatlara əsasən, azərbaycanlı alimlər Rusiya, Türkiyə, ABŞ da daxil olmaqla, ümumilikdə, dünyanın 40-dan çox ölkəsində fəaliyyət göstərir. Təkcə son 10 ildə 120 mindən çox ali təhsilli Azərbaycan vətəndaşı ölkəni tərk edib.

Məruzəçi hazırda yüksəkixtisaslı kadrların miqrasiyasının intensivləşdiyini, hər il 100-150 alimin ölkədən getdiyini bildirib. Qeyd edib ki, Azərbaycanda intellektual miqrasiyanın əsas  stimullaşdırıcı amillərinə elmi-tədqiqat işlərinin aparılması üçün  şəraitin (tədqiqat prosesi üçün kifayət qədər maddi-texniki təminat olmaması) və maliyyənin olmaması, maaş azlığı və tədqiqatçıların işinin kifayət qədər qiymətləndirilməməsi daxildir. 

Son illər gənclərin “beyin axını” prosesində üstünlük təşkil etdiyini vurğulayan A.Əliyeva ölkədə elmi və innovativ fəaliyyətləri stimullaşdırmaq və beyin axınının qarşısını almaq məqsədilə  həyata keçirilən layihələrdən də danışıb: Təhsil, xüsusilə artan beynəlxalq miqrasiya problemlərində güclü rol oynayır. Dövlət gənclərin xaricdə təhsil alması üçün təqaüd proqramları hazırlayır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavr və magistr proqramları üzrə təhsil alan 3302 tələbə hökumət tərəfindən maliyyələşdirilib. 2022-2026-cı illərdə hökumət xaricdə bakalavr və aspirantura proqramlarında təhsil almaq üçün ildə 400-ə qədər tələbəyə maliyə dəstəyi göstərməyi planlaşdırır.

Onun sözlərinə görə, daha yaxşı təhsil infrastrukturunun yaradılması, elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi ilə bağlı müəyyən addımların atılması, elmin maliyyələşdirilməsinə dövlətlə yanaşı, özəl şirkətlərin, biznes strukturlarının da cəlb olunması, elmi tədqiqatlar üçün geniş imkanların yaradılması, elmi laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsi, müvafiq ixtisaslara uyğun əməkhaqlarının təyin edilməsi, daha yaxşı yaşayış və iş şəraitinin təmin olunması mövcud problemlərin həlli istiqamətdində həyata keçirilməsi zəruri olan tədbirlərdir.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı