E-kommersiya sistemlərinin təkmilləşdirilməsi metodları araşdırılır May 25, 2023 | 11:30 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, iqtisad elmləri doktoru Əlövsət Əliyev tədbirin “E-kommersiya sistemlərinin təkmilləşdirilməsi metodları” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. Mövzunun aktuallığından bəhs edən şöbə müdiri hazırda dünya bazarında mövcud olan tendensiyalar haqqında məlumat verib. Bildirib ki, burada e-ticarət bazarının iştirakçılarında artım, e-ticarət sektorunda rəqabətin güclənməsi, müştəri gözləntilərinin yüksəlməsi, eləcə də mövcud e-kommersiya infrastrukturundakı çatışmazlıqların üzə çıxması müşahidə olunur.

Sonra institutun magistrantı Ülkər Haqverdiyeva dissertasiya mövzusu üzrə çıxış edərək bildirib ki, tədqiqatın məqsədi rəqəmsal iqtisadiyyat şəraitində IV Sənaye İnqilabı komponentlərinin, habelə ən yeni İKT texnologiyaları və sistemlərinin tətbiqi əsasında e-kommersiya sistemlərinin fəaliyyətinin daha səmərəli təşkili və idarə olunması, ümumi prosesin təkmilləşdirilməsi üçün müvafiq model, metod, mexanizmlərin tətbiqi üzrə tövsiyələrin işlənilməsindən ibarətdir. Dissertasiya işində qoyulmuş məqsədə çatmaq üçün müqayisəli təhlil, sistemli analiz, çox kriteriyalı ekspert qiymətləndirmələri metodlarından istifadə edilmişdir.

Magistrantın sözlərinə görə, elektron kommersiya sistemlərinin cari vəziyyətinin təhlili, onların formalaşma mərhələlərinin, spesifik xüsusiyyətlərinin araşdırılması, mövcud və müasir e-kommersiya modellərinin müqayisəli təhlili, e-kommersiya sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin analizi, böyük verilən, bulud, Əşyaların İnterneti, süni intellekt texnologiyalarının tətbiqi ilə intellektual e-kommersiya sisteminin konseptual modelinin işlənilməsi tədqiqat işində qarşıya qoyulmuş məsələlərə daxildir.

Sonra tədqiqatçı e-kommersiyanın əsas səciyyəvi xüsusiyyətinə alıcı ilə satıcı arasındakı bütün əlaqələrin İnternet vasitəsilə həyata keçirilməsini, interaktivliyi, əhatəliliyi, səmərəliliyi, operativliyi, sürəti və s. aid etmişdir.

Məruzəçi elektron kommersiya sistemlərinin mövcud və müasir fəaliyyət modellərini təhlil edərək bu modellərin iki hissədə qruplaşdırıldığını, klassik modellərin Biznes-Biznes (B2B), Biznes-İstehlakçı (B2C), İstehlakçı-istehlakçı (C2C), Oflayn-Oflayn (O2O), müasir modellərin isə Mobil kommersiya (M-kommersiya) və Sosial kommersiyadan ibarət olduğunu diqqətə çatdırıb.

Daha sonra Ü.Haqverdiyeva elektron kommersiya platformalarının böyük verilənlər və bulud texnologiyaları, həmçinin Əşyaların İnterneti və kiber-fiziki sistemlər əsasında təkmilləşdirilməsi modelləri haqqında məlumat verib: “E-kommersiya ekosistemində generasiya olunan verilənlərin mənbələrini 4 əsas istiqamət - veb və sosial media, maşınlar, tranzaksiya, insanlar üzrə qruplaşdırmaq olar. Əşyaların İnterneti isə logistika proseslərində şəffaflığın təmin edilməsi, mümkün saxtakarlıq hallarının minimuma endirilməsi, bağlamaların vəziyyətinin dinamik izlənmə imkanı, təhvil-təslim məntəqələrində proseslərin avtomatlaşdırılması istiqamətləri üzrə e-kommersiya ekosisteminin inkişafına xidmət edir”.

Tədqiqatçı “Vahid pəncərə” prinsipi əsasında mərkəzləşdirilmiş e-kommersiya sisteminin konspetual modelindən də söz açıb. Söyləyib ki, “Vahid pəncərə” e-kommersiya strukturu e-ticarət prosesində bilavasitə və dolayı yolla iştirak edən bütün komponentləri özündə birləşdirən mərkəzləşdirilmiş platforma olub, müəssisələrə onlayn biznes prosesində səhv riskini minimuma endirməyə, səmərəliliyi yüksəltməyə, nəticədə məhsuldarlığı, gəlirliliyi və müştəri məmnuniyyətini artırmağa imkan verir. Beynəlxalq təcrübədə ayrı-ayrı ölkələrdə tətbiq edilən “Vahid pəncərə” strukturları texnoloji, dizayn və tərkib elementləri baxımından fərqlənsələr də, mahiyyət etibarilə eyni məqsədə xidmət edirlər.

Məruzəçi tədqiqatın nəticələrini diqqətə çatdıraraq bildirib ki, Sənaye 4.0-ın müasir komponentləri olan süni intellekt, Əşyaların İnterneti və bulud texnologiyalarının tətbiqi ilə e-kommesiya sistemlərinin təkmilləşdirilməsinə, fəaliyyət səmərəliliyinin yüksəldilməsinə və intellektuallaşdırılmasına nail olmaq olar. Ölkədə e-kommersiya sistemlərinin perspektiv inkişaf istiqamətləri tədqiq olunmuş, nəticədə beynəlxalq təcrübə nəzərə alınmaqla “Vahid Pəncərə” prinsipinə əsaslanan vahid, mərkəzləşdirilmiş e-kommersiya modeli təklif edilmişdir.

Sonda şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev çıxış edib. Alim müvafiq istiqamətdə aparılan tədqiqatların gələcəkdə daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib. Qeyd edib ki, mövzu üzrə beynəlxalq təcrübənin araşdırılması və tanınmış elmi jurnallarda məqalələrin dərc olunması tədqiqatın səmərəliliyinin artırılması baxımından önəmlidir. O, tədqiqat işinin indiki mərhələsinin magistr dissertasiyasına qoyulan tələbləri ödədiyini bildirib. Eyni zamanda bu tədqiqat işinin fəlsəfə doktoru dissertasiya işi kimi də davam etdirilməsinin məqsədəuyğunluğunu ifadə edib. Magistr dissertasiya işinin geniş müzakirədən sonra növbəti mərhələyə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı