Regional və milli iqtisadiyyatın kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələləri müzakirə olunub Dekabr 20, 2022 | 02:47 / Konfranslar, iclaslar

Dünyanın hazırki kritik sosial-iqtisadi və ictimai-siyasi inkişaf mərhələsi əsas etibarilə təbii fəlakətlər, pandemiyalar və regional münaqişələr kimi neqativ faktorlarla xarakterizə olunur. Onların əksəriyyətini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Yaxın vaxtlarda bunun uğurlu həlli tapılmazsa, planetin iqtisadi infrastrukturu ciddi zədələnəcək və onun yenidən qurulması zərurəti yaranacaq.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “Regional və milli iqtisadiyyatların təhlükəsiz və kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələlərinə konseptual yanaşma” mövzusuna həsr olunmuş elmi seminarda məlumat verib.

Məruzəçi davamlı, dayanıqlı inkişaf və dayanıqlılıq problemi, informasiya təhlükəsizliyinin iqtisadi aspektləri, İKT-nin iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələləri və s. haqqında bəhs edib. Aparılan tədqiqat haqqında diqqətə çatdırıb ki, tədqiqatın əsas məqsədi regional və milli iqtisadiyyatların informasiya infrastrukturunun təhlükəsizliyi və kiberdayanıqlılığın mahiyyətinin müəyyənləşdirilməsindən, eləcə də onun yüksəldilməsi sahəsində konseptual mexanizmlərin işlənilməsindən ibarətdir.Kiberdayanıqlılığın əhatə dairəsinə aid olan məsələlərin konturlarının müəyyənləşdirilməsi, onların həllinə konseptual formada elmi dəstəyin verilməsi isə tədqiqatın əsas vəzifəsidir”.

Ə.Əliyev qeyd edib ki, müasir sosial-iqtisadi və ictimai-siyasi mühitdə və elmi dövriyyədə tez-tez işlədilən “Davamlı və dayanıqlı inkişaf”ın bir çox şərhlərinə rast gəlinir. İqtisadi inkişafın və ya iqtisadiyyatın dayanıqlılığı pozitiv, sosial, ekoloji və digər effektlərlə müşahidə olunan inkişaf tərzidir. İnkişafın dayanıqlılığı və stabilliyi onun daxili və xarici şoklara, təsirlərə, müdaxilələrə qarşı müqavimətliliyi, həmçinin onların sonrakı dövrdə bərpa olunma qabiliyyətidir.

Sonra milli və iqtisadi təhlükəsizliyin təmin edilməsi mexanizmlərindən söz açan tədqiqatçı iqtisadi təhlükəsizlik üzrə dövlət strategiyasını, eləcə də ölkənin təhlükəsizliyinə olan daxili təhdidləri diqqətə çatdırıb.

Məruzəçi iqtisadi informasiyanın təhlükəsizliyinin, eləcə də İKT sistemlərinin iqtisadi təhlükəsizliyinin təmin edilməsi məsələlərindən söz açıb. Söyləyib ki, İKT və informasiya təhlükəsizliyi ilə əlaqəli ola biləcək bir çox hallar iqtisadi təhlükəsizliyə təhdidlər yaradır. Bunlara qabaqcıl ölkələrin iqtisadi inkişaf səviyyəsindəki üstünlüklərindən və yüksək texnologiyalardan qlobal rəqabət aləti kimi istifadə, regional maliyyə sisteminin qlobal risklərə məruz qalması və maliyyə-bank sisteminin informasiya infrastrukturunun zəifliyi və s. aiddir.

Daha sonra Ə.Əliyev rəqəmsal iqtisadiyyatda informasiya təhlükəsizliyinin spesifik xüsusiyyətləri haqqında danışıb. Bildirib ki, burada kibercinayətlər, ölkənin digər dövlətlərdən texnoloji asılılığının hazırki səviyyəsi, ölkənin daxili bazarlarında informasiya mənbəyi və istehlakçısı olan kommersiya strukturları, kommersiya sirri olan məlumatların oğurlanması, habelə məlumatın qanunsuz surətinin çıxarılması və onun təhrif edilməsi kimi bir sıra real təhlükə mənbələri mövcuddur.

Alim həmçinin nəzərə çatdırıb ki, aparılan tədqiqatlar iqtisadi sferanın kibertəhlükəsizliyindən onun kiberdavamlılığına keçidin daha təhlükəsiz və davamlı gələcəyə doğru mühüm addım olduğunu göstərir: “Etibarlı və təhlükəsiz rəqəmsal iqtisadi mühiti təmin etmək üçün əlaqədar mərkəzi idarəetmə orqanları, müəssisə, təşkilatlar, istifadəçi-vətəndaşlar kibertəhlükəsizliyi daha yaxşı tətbiq etməli, kiberdavamlılığı və kiberdayanıqlılığı artırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər”.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb, tədqiqatın davam etdirilməsi, müzakirə olunan əsas problemlərin həlli mexanizmlərinin işlənilməsinin zəruriliyi və əhəmiyyəti əsaslandırılmış formada qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı