Əl ilə göstərilən jestlərin tanınmasında hibrid texnologiyaların iş prinsipi analiz olunub Noyabr 24, 2022 | 09:40 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin “Əl ilə göstərilən jestlərin tanınmasında hibrid texnologiyaların iş prinsipi” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Mövzu üzrə çıxış edən institutun baş mütəxəssisi Kəmalə Qurbanova nəzərə çatdırıb ki, informasiya–kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı cəmiyyətin bütün sahələrində informasiyanın rolunu artırmış, informasiya cəmiyyətini formalaşdırmış, eləcə də İKT məhsullarının mütəmadi yenilənməsi insan-maşın qarşılıqlı  interfeysinin təkamülünə səbəb olmuşdur.

Cəmiyyətə inteqrasiya olmağın əsasını ünsiyyət faktorunun təşkil etdiyini bildirən məruzəçi eşitmə və nitq məhdudiyyətli insanların yeganə ünsiyyət vasitəsinin jestlərdən ibarət olduğunu söyləyib. Vurğulayıb ki, bu insanların  İKT-nin nailiyyətlərlərindən  bəhrələnməsi cəmiyyətin qarşısında duran və mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

O, ifadə olunma formasına görə jestlərin iki qrupa – statik və dinamik jestlərə ayrıldığını qeyd edib: “Statik jestlər əlin fəzada hərəkətsiz, tərpənməz, sabit vəziyyətidir. Dinamik jestlər isə konkret zaman kəsiyində əlin fəzadakı ardıcıl hərəkətidir. Statik jestlərdən fərqli olaraq dinamik jestlər video kadrlar ardıcıllığından ibarətdir. Dinamik jestlər öz növbəsində sadə və mürəkkəb növlərə ayrılır”.

Sonra jestlərin tanınması prosesindən bəhs edən tədqiqatçı söyləyib ki, burada ilkin mərhələ jesti göstərən əl şəkillərinin və ya video kadrın qeyd edilərək toplanmasıdır. Əlavə edib ki, insanlarda əlin ölçüsünün, dərinin rənginin və əlin konturlarının fərqliliyi kadrdakı aşkarlama işini çətinləşdirir. Bu problemi aradan qaldırmaq üçün hesablamanın gücünü və tanınma dəqiqliyini artıran Haar kaskadı təsnifatından istifadə edilir.

“Jestlərin tanınması texnologiyalarının yüksək dəqiqliklə nəticəyə nail olması üçün birləşmiş üsul prinsipindən istifadə  daha məqsədəuyğundur”, - deyən məruzəçi bu məqsədlə Jones-Viola və CAM-Shift alqoritmi, CAM-Shift və Kenni alqoritmi, Rəng seqmentasiyası və Viola-Cons alqoritmindən istifadə edildiyini diqqətə çatdırıb, onların birgə iş prinsipini göstərib.

Onun sözlərinə görə, Azərbaycan üçün milli jest dilinin elementlərini və əlamətlərini özündə cəmləşdirən milli jest dilinin korpusunun yaradılması və milli jestləri tanıyaraq  mətnə, səsə və əksinə çevirən yeni metodların işlənib hazırlanması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində nailiyyətlər və daha təkmil texnologiyaların yaranması real vaxt rejimində hər millətin özünəməxsus olan jestlərinin avtomatik  tanıma sistemlərinin işlənib hazırlanmasını zəruri etmişdir.

Daha sonra mövzu ətrafında geniş müzakirə aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova mövzuya dair fikirlərini bölüşüb, əl ilə göstərilən jestlərin tanınması problemləri istiqamətində aparılan araşdırmaların daha da dərinləşdirilməsi ilə bağlı tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı