“Öyrənənlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsinə müasir yanaşmalar” mövzusunda məruzə dinlənilib Oktyabr 04, 2022 | 02:42 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbirdə şöbənin əməkdaşı Cəmilə Bağırova “Öyrənənlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsinə müasir yanaşmalar” mövzusunda məruzəni təqdim edib.

Elektron təhsildə biliyin qiymətləndirilməsi tendensiyaları və strategiyalarından söz açan C.Bağırova bildirib ki, qiymətləndirmə müəyyən bir materialı və ya kursu keçdikdən sonra öyrənənin biliyinin yoxlanılmasıdır. Bu, rəsmiləşdirilmiş və ya ekspert tərəfindən qiymətləndirmə ilə yekunlaşan mürəkkəb prosesdir. Başqa sözlə, qiymətləndirmə öyrənənlərin təhsil təcrübələrinə əsaslanan bilikləri haqqında məlumat toplanılmasıdır.

Tədqiqatçının sözlərinə görə, qiymətləndirmənin əsas vəzifələrinə metodoloji yanaşmaların həyata keçirilməsinin mümkün nəticələrinin proqnozlaşdırılması, əks-əlaqənin təmin edilməsi, qarşıya qoyulan məqsədlərə çatmaq dərəcəsinin qiymətləndirilməsi, müşahidə olunan dəyişikliklərin həyata keçirilən metodik tədbirlərlə necə və nə dərəcədə əlaqəli olduğunun qiymətləndirilməsi, metodoloji yanaşmaların tətbiqi üçün sübuta əsaslanan məlumatların toplanması və s. daxildir.

“Keyfiyyətli testləşmə öyrənənin bacarıqlarının qiymətləndirilməsi prosesidir. O, şəxsiyyətlərarası ünsiyyət bacarıqları, qərar qəbuletmə, real problemlərin həlli yollarının axtarılmasına və s. kömək edir. Keyfiyyətli testləşmənin e-təhsil qiymətləndirmələrinə tətbiq edilməsi yadda saxlama yükünü azaldır. Bu, öyrənənləri mövcud resurslardan istifadə edərək problem həlletmə bacarıqları üzərində işləməyə həvəsləndirir. O, həmçinin öyrənənin dərketmə səviyyəsini dəqiqliklə ölçür. Elektron təhsildə yeni tendensiya tədris prosesinin daha da yaxşılaşdırılması üçün təkmilləşdirilməyə ehtiyac duyulan sahələri müəyyən edir. Yeganə mənfi cəhət bu e-təhsil strategiyalarının həyata keçirilməsində çətinliklərin yaranmasıdır”, – deyə məruzəçi qeyd edib.

Qiymətləndirmənin funksiyaları (öyrədici, tərbiyəedici, istiqamətləndirici, həvəsləndirici və diaqnostik), materialın daha yaxşı dərk edilməsində mühüm rol oynayan davamlı qiymətləndirmə, qərar qəbuletmə ssenarilərindən bəhs edən C.Bağırova problemin həll yollarını tapmaq üçün məntiqli düşünməyə imkan verən açıq suallardan da söz açıb. Bildirib ki, yeni yaranan e-təhsil strategiyalarından olan açıq sualların qiymətləndirilməsi olduqca çətindir. Açıq suallar həm də bir sıra imkanlar yaradır, məsələn, bir standart ideya əvəzinə müvafiq sahəyə töhfələr verə biləcək çoxsaylı yeni fikirlərin meydana gəlməsinə səbəb olur. Bu da liderlərə unikal və səmərəli həllər tapmağa kömək edir.

Məruzəçi, həmçinin viktorina və testlər kimi ənənəvi elektron təhsil qiymətləndirmələrinin formatının dəyişdirilməsinin çətinliyindən danışıb. Qeyd edib ki, informasiya-təcrübə-testin adi strukturunun pozulması yeni imkanlar açır ki, bu da öyrənməni əyləncəli və effektiv edir, müvəqqəti əzbərləmə ömürlük dərketmə ilə əvəz olunur.

Elektron təhsildə yeni tendensiyaların daha çox əldə edilmiş biliklərin tətbiqinə yönəldiyini qeyd edən tədqiqatçı söyləyib ki, yeni e-təhsil strategiyaları metodların birləşməsinə təsir göstərir. Keyfiyyətli qiymətləndirmələrin daxil edilməsi elektron təhsilin statusunu dəyişir. Keyfiyyətli elektron təhsil qiymətləndirmələrindən istifadə nəzəri biliklərin tətbiqini asanlaşdırır. Bu kimi səbəblər yeni qiymətləndirmə üsullarının gələcəkdə tədris prosesinin yaxşılaşdırılması baxımından faydalı olacağını deməyə əsas verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı