İKT sferasında izahlı lüğətlərin işlənilməsi məsələləri tədqiq olunur Oktyabr 03, 2022 | 03:40 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İKT sferasında müvafiq sahələrdə çoxişlənilən termin və anlayışlar üzrə izahlı lüğətlərin işlənilməsi məsələləri” adlı elmi seminarı keçirilib.

Seminarı açan şöbə rəhbəri Əlövsət Əliyev müvafiq sahədəki terminoloji pərakəndəliyi şərh edib. O, İKT sferasında kütləvi maarifləndirmənin vacibliyindən danışıb. Nümunə kimi “informasiyalaşdırılma”, rəqəmsallaşdırma, kompüterləşdirmə və s. kimi terminlərin, həmçinin ən yeni populyar İKT terminlərinin və anlayışlarının izahlı şərhinə ehtiyac olduğunu vurğulayıb.

Daha sonra şöbənin əməkdaşı Südabə Abasova məruzəni təqdim edərək əvvəlcə lüğətlərin növləri haqqında ətraflı məlumat verib.

Lüğətlərin yaranma tarixinə nəzər salan S.Abasova qeyd edib ki, e.ə. 1-ci minillikdə hazırlanan ilk birdilli lüğətlər sözlərin mənasını izah etmək məqsədi daşıyıb. İlk lüğət nümunələri isə e.ə 2-ci minilliyə (şumer-akkad, sami və s.) aid olub. Bunlar əsasən ticari-mədəni mübadilələr üçün lazım olan sözlərin tərcüməsindən ibarət olub. 15-ci əsrdə çapın kəşfindən sonra lüğətlərin nəşri kütləvi xarakter almağa başladığı dövrdə Ambrozio Kalepinonun nəşr etdirdiyi “Latın dilinin lüğəti” sonralar bir çox digər lüğətlər üçün nümunə hesab edilib.

“Lüğət müəyyən üslubla düzülən, mənası və ya tərcüməsi verilən, eyni zamanda tələffüzü göstərilən sözlərin toplusudur”, - deyən məruzəçi lüğətlərin növlərindən bəhs edib. Onun sözlərinə görə, lüğətlərin linqvistik və ensiklopedik olmaqla iki əsas növü var: “Linqvistik lüğətlər söz haqqında məlumat ehtiva edən lüğətlərdir. Onlar dilin linqvistik vahidlərini bu və ya digər tərəfdən toplayıb təsvir edirlər. Ensiklopedik lüğətlər isə sıxılmış formada istənilən sahədə elmi biliyin mövcud vəziyyətini əks etdirir, anlayışları izah edir, məşhur şəxsiyyətlər, ölkələr, tarixi hadisələr və s. haqqında bioqrafik məlumat verir”.

Sonra o, sahə lüğətləri haqqında məlumat verərək bildirib ki, onlar elm və texnikanın hər hansı sahəsinə aid lüğətlər hesab olunur. İxtisaslaşdırılmış lüğətlərin yalnız müəyyən sahəyə xidmət etmək üçün hazırlandığını söyləyən S.Abasova bunlara sinonim, antonim, omonim, etimologiya və s. lüğətlərinin aid olduğunu vurğulayıb.

Məruzəçi informatika üzrə lüğətlərdən də bəhs edib, “İnformatika terminlərinin izahlı lüğəti”nin Azərbaycan dilində olub, İKT üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, beş minədək terminin toplandığı ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif  sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir.

Sonda məruzəçi izahlı lüğətə daxil edilməsi nəzərdə tutulan sözlərin ilkin toplusu haqqında məlumat verərək bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı