İnstitutda “Tibbi sosial şəbəkələrdə fərdi məlumatların təhlükəsizliyi” mövzusuna həsr olunmuş elmi seminar keçirildi Aprel 28, 2022 | 11:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin “Tibbi sosial şəbəkələrdə fərdi məlumatların təhlükəsizliyi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi.

Mövzuya dair çıxış edən şöbə əməkdaşı Nərgiz Şıxəliyeva bildirdi ki, sosial şəbəkələrdən kütləvi surətdə istifadə olunması İnternet mühitində peşəkar tibbi sosial cəmiyyətlərin meydana gəlməsinə səbəb olmuş, onların inkişafı nəticəsində bu gün tibbi sosial şəbəkələrin həkim-həkim, həkim-pasiyent, pasiyent-pasiyent kimi növlərinin meydana gəldiyini qeyd etdi və müvafiq nümunələri təqdim etdi.

N.Şıxəliyeva Azərbaycanda da tibbin müxtəlif sahələri üzrə ixtisaslaşmış həkimləri bir portalda cəmləyən peşəkar sosial cəmiyyətlərin fəaliyyət göstərdiyini qeyd etdi. Bunlara “hekimtap.az”, “saglamolun.az”, “doctormap.az” kimi sosial cəmiyyətləri misal olaraq göstərdi, onların əhəmiyyətindən danışdı. Məruzəçi fərdi tibbi məlumatların fərdi məlumatların ən həssas növlərindən olduğunu vurğulayaraq, onların açıqlanmasının müxtəlif zərərli nəticələrə səbəb ola biləcəyini söylədi. Belə zərərli nəticələrə misal olaraq şəxsin cəmiyyətdə nüfuzunu itirə biləcəyini, biznes fəaliyyətinə xələl gələ biləcəyini, müəyyən xidmətlərin alınmasında ayrı-seçkiliyə məruz qala biləcəyini nəzərə çatdırdı.

Məruzəçi fərdi tibbi məlumatların qorunması ilə bağlı təhlükəsizlik tədbirlərinin dəstəklənməsi üçün nəzərdə tutulan mühüm sənədlər haqqında məlumat verdi. Həmçinin ölkəmizdə fərdi tibbi məlumatların qorunmasının 25 iyun 1997-ci ildə qəbul edilmiş “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respulikasının Qanunu, 3 aprel 1998-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında” Qanunu, 3 avqust 2003-cü il tarixli  AR Konstitusiyası, 9 mart 2004-cü il tarixli “Elektron imza və elektron sənəd haqqında” AR Qanunu, 11 may 2010-cu il tarixində qəbul edilmiş “Fərdi məlumatlar haqqında” AR Qanunu ilə tənzimləndiyi söylədi.

N.Şıxəliyeva qeyd etdi ki, tibbi sosial şəbəkə operatorları bu problemlərin həllində xüsusilə diqqətli olmalı, hər kəs tərəfindən anlaşılan konfidensiallıq strukturu ilə təmin olunmalı və istifadəçiləri öz fərdi tibbi məlumatlarının konfidensiallığının qorunmasına yönəltməlidirlər. Kontentin konfidensiallığı və təhlükəsizliyinin təmin olunmasının vacib məsələlərdən olduğunu vurğulayan tədqiqatçı onu da əlavə edib ki, istifadəçilər risk faktorunu azaltmaq üçün fərdi tibbi məlumatlarını minimum həcmdə təqdim etməlidirlər. 

Sonda məruzəyə dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı