E-kommersiya proseslərində müasir rəqəmsallaşdırma texnologiyalarının tətbiqi məsələləri araşdırılır Aprel 25, 2022 | 03:41 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev tədbirin “Elektron kommersiya proseslərində müasir rəqəmsallaşdırma texnologiyalarının tətbiqi məsələləri” mövzusunun müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Mövzunu təqdim edən institutun magistrantı Ülkər Haqverdiyeva son dövrlərdə baş verən Dördüncü Sənaye İnqilabının ticarət sahəsində rəqəmsallaşma prosesinin sürətlənməsinə, e-ticarətə yönələn satıcı və alıcıların sayının artmasına səbəb olduğunu bildirib.

Məruzəçi Sənaye 4.0 platformasında ticarət sistemlərində proseslərin rəqəmsallaşdırılmasının müasir texnologiyalarından bəhs edib: “Əşyaların İnterneti texnologiyası e-ticarətdə, xüsusən, təchizat zənciri və logistika xidmətlərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılmasında tətbiq olunur. E-ticarət sistemlərində Big Data texnologiyasının tətbiqi müştərilərlə qarşılıqlı əlaqələrin rəqəmsallaşdırılmasına şərait yaradır. Çatbotlar isə süni intellektin tətbiqinə əsaslanan proqram təminatı olub, istifadəçilərlə real vaxtda səsli və ya yazılı əlaqənin yaradılması üçün istifadə edilir”.

E-ticarət sistemlərində proseslərin rəqəmsallaşdırılmasının digər texnologiyalarına süni intellekt, data analitikası, maşın təlimi və bulud hesablamasının aid edildiyini söyləyən Ü.Haqverdiyeva onların hər biri haqqında məlumatı seminar iştirakçılarının nəzərinə çatdırıb.

Azərbaycanda ticarətin inkişaf perspektivlərindən söz açan məruzəçi “azexport.az”, “Azericard”, “E-Manat”, “MilliÖn”, “hesab.az” və s. kimi onlayn ödəniş sistemləri haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, e-ticarət üzrə təqdim edilən xidmətlərin təkmilləşdirilməsində müasir rəqəmsallaşdırma texnologiyalarının tətbiqi bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına imkan verir. E-ticarət proseslərinin rəqəmsallaşdırılmasında Sənaye 4.0 platformasının müasir texnologiyalarının tətbiq edilməsi e-ticarət sistemlərinin inkişafında yeni perspektivlərin meydana çıxmasına şərait yaradacaq. Qeyd edilən müasir texnologiyaların Azərbaycanda e-ticarət fəaliyyətinin təkmilləşdirilməsində tətbiqi sayəsində ölkədə e-ticarətin səmərəli inkişafı təmin oluna bilər.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Şöbə rəhbəri Ə.Əliyev çıxış edərək, müvafiq istiqamətdə aparılan tədqiqatların perspektiv istiqamətlərini göstərərək, onların daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib. Qeyd edib ki, müəyyən olunmuş mövzu üzrə beynəlxalq təcrübənin araşdırılması və tanınmış elmi jurnallarda məqalələrin dərc olunması, eləcə də mövzunun şöbə seminarlarında müzakirə olunması, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin elmi işdə nəzərə alınması tədqiqatların səmərəliliyinin artırılması baxımından önəmlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı