İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Dövlət Universiteti arasında memorandum imzalandı Fevral 06, 2014 | 10:01 / Konfranslar, iclaslar

Bakı Dövlət Universitetində (BDU) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) və universitetin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 65-ci ildönümünə həsr edilmiş “Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir. 

Ukrayna, Türkiyə, Polşa və digər ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi konfransda çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda azadlıq, insan hüquqları, ədalət prinsiplərini əsas tutaraq strateji inkişaf yolu seçdiyini söylədi. Bildirdi ki, Azərbaycan insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq konvensiyalara qoşulub. O, ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın əhəmiyyətindən də söhbət açdı. 

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd etdi. 

İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində İ.Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edildiyini vurğuladı. 

Universitetin Hüquq fakültəsində magistratura pilləsində xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunan “İnsan hüquqları” ixtisaslaşmasında bu sahədə peşəkar kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdırdı. 

Konfransın elm və təhsilin inteqrasiya olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən AMEA prezidenti, akademik Akif Əlizadə bu istiqamətdə görülmüş tədbirlər sırasında BDU ilə baza kafedralarının yaradılması üçün imzalanmış memorandumları xatırlatdı. Tələbələrin elmə, biliyə göstərdikləri diqqətin ildən-ilə artdığını qeyd edən AMEA rəhbəri akademiyada yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində həyata keçirilən layihələrdən danışdı. 

Azərbaycan elminin inkişafında informasiya kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməyin zəruriliyini qeyd edən Akif Əlizadə akademiya sistemində maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirləri diqqətə çatdırdı. Akademiyanın rəsmi science.az portalının yeni versiyası haqqında məlumat verərək işıqlandırılan xəbərlərə baxış sayının yarım il ərzində iki dəfə artdığını vurğuladı. 

“İnformasiya cəmiyyəti şəraitində insan hüquqları problemləri və onların həlli istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanda yeni biliklər cəmiyyətinin formalaşdığını, ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində əməli tədbirlərin həyata keçirildiyini bildirdi. Kibercinayətkarlıq, insan hüquqlarının online mühitdə pozulması hallarına qarşı hüquqi bazanın yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. 

Alim müasir dövrdə insan hüquqlarının təmin olunması üçün geniş imkanların yarandığını, yeni intellektual mülkiyyət formasının yaradıldığını diqqətə çatdırdı. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı