Elektron təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri tədqiq olunub Dekabr 10, 2021 | 02:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Seminarda şöbənin əməkdaşı Lalə Zeynalova “Elektron təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri” mövzusunda məruzə ilə çıxış etdi.

İnformasiya texnologiyaları sahəsində elmi nailiyyətlərin XXI əsrin başlanğıcında fərdi təhsil (PLE – Personal Learning) konsepsiyasının inkişafına səbəb olduğunu deyən L.Zeynalova  qeyd etdi ki, hazırda mövcud olan sosial şəbəkələrin böyük əksəriyyəti maarifləndirici məqsədlər üçün yaradılmasa da onların maarifləndirici prosesdə çox maraqlı və əhəmiyyətli ola bilən müəyyən funksiyaları mövcuddur. Sosial şəbəkələrdə elektron təhsilin dəstəklənməsi üçün bir çox alətlərə rast gəlindiyini deyən məruzəçi bloqlar, forumlar, çatlar, video konfranslar, elektron portfolio və s. vasitəsilə maarifləndirmə işlərinin aparılmasının mümkün olduğunu qeyd etdi, onların təhsil prosesi ilə bağlı fəaliyyətin dəstəklənməsi üçün istifadə oluna biləcəyini vurğuladı. Əlavə etdi ki, bu alətlərdən bəziləri elektron təhsil üçün platformalara inteqrasiya oluna bilər.

“Sosial texnologiyalardan istifadə tələbələrin motivasiyasını daha da yüksəldə və işin ümumi keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxara bilər”, - deyən L.Zeynalova elektron təhsil və sosial şəbəkənin platformalarının fərqləndirici xüsusiyyətlərindən bəhs etdi. Həmçinin maarifləndirici kontentin aşkara çıxarılması üçün sosial şəbəkələrin analizinin vacibliyinə toxundu.

O, təhsilin məzmununu fərdiləşdirmək üçün sosial media klasterləşdirmə üsullarından istifadə olunduğunu bildirərək istifadəçilər arasında qarşılıqlı əlaqəni təhlil etmək üçün sosial şəbəkədən çıxarıla bilən məlumatları diqqətə çatdırdı.

Sonda L.Zeynalova qeyd etdi ki, sosial şəbəkədən alınan məlumatların təhlili əsasında ali təhsil müəssisəsinin müəllimləri həm fərdi tələbələrin, həm də tələbə qruplarının maraqları və üstünlükləri haqqında təsəvvürə malik olurlar. Bu məlumat müəllimlərə elektron kursun məzmununu təkmilləşdirməyə və tələbənin fərdi ehtiyaclarına uyğunlaşdırmağa imkan verir.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı