Elmi seminar: sosial şəbəkələrin gənclərin həyatında rolu Sentyabr 30, 2021 | 01:39 / Konfranslar, iclaslar

Gənclər sosial şəbəkələrə yalnız sosiallaşmaq üçün deyil, həm də reklam və təbliğat üçün də üstünlük verirlər. Çünki məhsulların və xidmətlərin marketinqi sosial şəbəkə vasitəsilə asanlıqla həyata keçirilə bilir. Bu isə onu göstərir ki, gənc nəsil üçün sosial şəbəkə gəlir mənbəyi kimi qəbul edilir.  Sosial şəbəkə açıq bir mühit olduğu üçün hər bir istifadəçinin istədiyi hər şeyə asanlıqla çata biləcəyi böyük bir meydandır. Gənclərin öz maraqları ətrafında birləşməsini, bir mövqeyi ortaya qoymalarını yeni texnologiyalardan istifadənin müsbət tərəfi kimi dəyərləndirmək lazımdır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi təsirləri” mövzusunda onlayn elmi seminar keçirildi.

Məruzəni institutun əməkdaşı Şəlalə Behbudova təqdim edərək sosial şəbəkənin sosial obyektlərdən ibarət qovşaqları birləşdirən sosial struktur olduğunu bildirdi. Qeyd etdi ki, “sosial şəbəkə” termini ilk dəfə 1954-cü ildə ingilis sosioloqu Barns tərəfindən istifadə edilmişdir. Sosial şəbəkənin yaranma tarixi haqqında seminar iştirakçılarına məlumat verən tədqiqatçı bildirdi ki, ilk sosial şəbəkə 90-cı illərin ortalarında meydana çıxan “Classmates” olub. Daha sonra 1999-cı ildə yaradılan “Livejournal”,  2003-cü ildə “MySpace”, bir il sonra yaradılan “Facebook” və 2006-cı ildə Rusiyada yaradılan “Odnoklassniki” və “V kontakte” fəaliyyətə başlayıb.

Məruzəçinin sözlərinə görə, müasir dövrdə getdikcə sayı artan sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatları və şəkilləri paylaşmaq üçün platforma deyil, həm də ictimai-siyasi təsir və idarəetmə vasitəsidir. Cəmiyyətin böyük əksəriyyəti sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışır:

“Sosial şəbəkələrin istifadəçiləri arasında gənclərin sayı daha çoxdur. Sosial şəbəkələrin həm müsbət, həm də mənfi təsirləri var. Müsbət təsirlərdən biri gənclərin bir-biri ilə ünsiyyətlərini davam etdirib əlaqə saxlamaq, qısa zaman kəsiyində istənilən mövzuda informasiya əldə edərək fikir mübadiləsi aparmaqdır. Buna misal olaraq, sosial şəbəkələrdə yaradılan həkimlər, iqtisadçılar, hüquqşünaslar və s. qrupları misal gətirmək olar. Hər kəs öz maraq dairəsinə uyğun  qruplara qoşularaq ətraflı məlumat ala bilir. Burada insanlar ən müxtəlif sahələrdə öz  biliklərini bölüşürlər”.

Məruzəçi bildirdi ki, son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri - terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial şəbəkə platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrı-seçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsinə zəmin yaradır.

O,  psixoloqların fikrinə əsaslanaraq söylədi ki, son illər sosial şəbəkələrin yüksək templə artması gənclərin psixoloji durumuna mənfi təsir edir. Əslində bir zamanlar insanlar sosial şəbəkələrə adi əyləncə vasitəsi kimi baxırdı və bu gün isə artıq internet aludəçisinə çevrilib.

“Sosial şəbəkələrin bu gün yaratdığı ən böyük problemlərdən biri də qanundankənar mühitin  yaradılmasıdır”, - deyən Ş.Behbudova qeyd etdi ki, bir çox dünya alimləri sosial ünsiyyət portalını bəşəriyyəti məhvə aparan yeni bir silah növü kimi qiymətləndirirlər. Onların fikrincə, belə sosial şəbəkələr gənclərin internet asılılığını artırmaqla yanaşı, onları real həyatdan uzaqlaşdırır, beyinlərini yuyur və sanki özünə tabe edir. Ən başlıcası, gənclərdə mənəvi dəyərləri məhv edir və onları robotlaşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı