“Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib Noyabr 08, 2019 | 08:38 / Konfranslar, iclaslar

Noyabrın 07-də “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

Seminardan öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger arasında ikitərəfli görüş keçirilib. Görüşdə əqli mülkiyyət hüquqlarının qorunmasında kibertəhlükəsizliyin rolu müzakirə olunub.  Əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsulları haqqında fikir mübadiləsi aparılıb.

Seminarda Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. “Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiber risklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır”, – deyə nazir bildirib.

Ramin Quluzadə çıxışı zamanı vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması  ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. “Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında “Əqli mülkiyyətin qorunması” alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur”.

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger çıxışı zamanı bzines və dövlət strukturlarında kibertəhlükəsizliyin təmin edilməsi üçün lisenziyalı proqram təminatlarından istifadənin vacibliyini vurğulayıb. “Lisenziyasız proqramlardan istifadə həm vaxt, həm də maliyyə itkiləri ilə nəticələnir. Dünyada belə proqramlardan istifadə edən şirkətlər ümumilikdə illik 359 milyard dollar itkiyə məruz qalır”-deyə səfir məlumat verib. 

Daha sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxış edərək, ölkəmizdə əqli mülkiyyət sahəsindəki problemlər və atılacaq addımlardan danışıb.

Kibertəhlükəsizlik və kommunikasiya ilə əlaqəli siyasətin icarası üzrə amerikalı mütəxəssis Mark Pfeifle kibertəhlükəsizliyin dövlət təhlükəsizliyi və maraqları ilə birbaşa bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə lisenziyasız proqram təminatlarndan istifadə dövlətlərin milli təhlükəsizliyinə təhdiddir.

Tədbir proqram təminatı və bulud texnologiyaları üzrə ixtisaslaşmış yerli və beynəlxalq şirkət nümayəndələrinin məruzələri ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı