Şöbə seminarında iki dissertasiya mövzusu müzakirə olundu Sentyabr 26, 2014 | 04:25 / Konfranslar, iclaslar

Sentyabrın 25-də AMEA  İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan şöbənin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, seminarda bir dissertasiya işinin tamamlanması, digərinin isə başlanması məsələsi müzakirə olunacaq.

Seminarda “Tibbi müəssisələrin idarə olunmasında informasiya sistemlərinin təsirinin araşdırılması” mövzusunda məruzə ilə çıxış edən Səkinə Ağazadə müasir şəraitdə inkişaf etmiş ölkələrdə səhiyyənin idarə olunması işinə xüsusi önəm verildiyini və bu sahədə fəaliyyətin səmərəliyini artırmaq məqsədilə İKT və informasiya sistemlərinin geniş tətbiq olunduğunu söylədi.

Tibbi proseslərdə və səhiyyə sahəsinin idarə olunmasında informasiya sistemlərinin  təsirinin tədqiqi və müvafiq tövsiyyələrin işlənilməsinin əsas məqsəd olduğunu bildirən S.Ağazadə tədqiqat işində müalicə müəssisəsinin xarakterik  xüsusiyyətləri və keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, innovativ fəaliyyətinin idarə olunmasında informasiyalaşdırma istiqamətlərinin təyini, bu  müəssisəsinin fəaliyyətinə informasiya sistemlərinin  təsirinin öyrənilməsi və s. məsələlərin həllinin nəzərdə tutulduğunu söylədi.

Sonra məruzəçi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İKT-dən istifadəni şərtləndirən mühüm amillər, xəstəxana və xəstələr haqqında informasiya bazalarının araşdırılması, səhiyyə xidmətlərinin göstəriciləri, qabaqcıl ölkələrin tibbi informasiya texnologiyaları bazarının proqnozu və digər məsələlər haqqında ətraflı məlumat verdi.

Seminarda, həmçinin dosent Ə.Əliyev İnformasiya Texnologiyaları İnstitutu dissertanturasına qəbulla əlaqədar institutun böyük elmi işçisi Roza Şahverdiyevanın dissertasiya mövzusunu təqdim etdi. Qeyd etdi ki, “İnformasiya  iqtisadiyyatı  şəraitində  texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə model və mexanizmlərin işlənilməsi” mövzusunda dissertasiya işi mühüm aktuallığa malikdir.  

R.Şahverdiyeva mövzunun aktuallığı, tədqiqat  işində  qoyulmuş  məsələlər, dissertasiya işinin strukturu və s. barədə ətraflı məlumat verdi. Dissertasiya işinin məqsədinin yeni innovativ iqtisadi şəraitdə texnoparkların yaradılması, texnoparkların fəaliyyətinin təşkili və idarə olunması proseslərinin təhlili və təkmilləşdirilməsi olduğunu diqqətə çatdırdı.

Müzakirələrdə institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova, sektor müdiri Kəmalə Haşımova, böyük elmi işçisi Tamilla Bayramova, elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Fərqanə Abdullayeva, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev çıxış edərək öz təklif və tövsiyələrini səsləndirdilər.

Seminarda hər iki işin növbəti mərhələdə müzakirəyə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı