İnformasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə çoxsəviyyəli indikator və indekslər sistemləri işlənilir Sentyabr 28, 2019 | 03:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “İnformasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə çoxsəviyyəli indikatorlar və indekslər sistemlərinin işlənilməsi” mövzusuna həsr olunmuş elmi seminarı keçirildi. Məruzəni təqdim edən şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev informasiya və biliklər iqtisadiyyatı (İBİ) səviyyəsinin qiymətləndirilməsinə regional və sahəvi yanaşmanın xüsusiyyətləri, bu sahədə fəaliyyət göstərən müəssisə və təşkilatların hesabatlılıq xüsusiyyətləri, informasiya və bilik iqtisadiyyatı göstərici və indeksləri, eləcə də rəqəmsal iqtisadiyyat və cəmiyyət indeksi barədə ətraflı məlumat verdi.

İqtisadiyyatda təbii resursların, neft-qaz ehtiyatlarının ixracından mövcud asılılığın aradan qaldırılmasından, ölkənin dünya iqtisadiyyatı sistemində xammal ixracatçısına çevrilmək təhlükəsinin qarşısının alınmasından danışan şöbə müdiri qeyri-neft sektorunun daha sürətli inkişafına nail olmağın, iqtisadiyyatın səmərəliliyini və rəqabətqabiliyyətini artırmağın və onun innovasiya əsaslı irəliləyişini təmin etməyin zəruriliyini vurğuladı. Qeyd etdi ki, yüksək texnologiyaların, o cümlədən İKT-nin müxtəlif sahələrdə tətbiq səviyyəsinin kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsini həyata keçirmək məqsədilə beynəlxalq təşkilatlar tərəfindən müəyyən indikatorlar sistemi işlənib hazırlansa da onların bir çoxu müasir tələblərə cavab vermədiyindən formalaşmaqda informasiya iqtisadiyyatının inkişaf səviyyəsinin obyektiv qiymətləndirilməsi üçün müxtəlif səviyyələrdə yeni indikatorlar və indekslər sistemi işlənilməlidir.

Məruzəçinin sözlərinə görə, İBİ-nin səviyyəsinin qiymətləndirilməsində müxtəlif yanaşmalar, göstərici-indikatorlar, metodikalar, indekslər və s. mövcud olsa da onun təkmilləşdirilməsinə ehtiyac vardır. İBİ-nin formalaşması vəziyyətinin iqtisadi təhlili zamanı funksional cəhətdən iqtisadi inkişaf mərhələlərinin aqrar, sənaye, informasiya, bilik, smart texnologiyalar kimi qəbul edilməsi təklif olunmuşdur.

Ə.Əliyev informasiya və biliklər iqtisadiyyatının sahəvi təsnifatının formalaşdırılmasından bəhs edərək ənənəvi iqtisadiyyat sahələrinin informasiya, bilik, texnoloji, innovasiya tutumlu tərkib altsahələri, eləcə də elmtutumlu altsahələri və yeni yaranmış iqtisadi sahələri ilə genişləndiriləsi təklifi barədə ətraflı məlumat verdi.

Şöbə müdiri qeyd etdi ki, İBİ-nin inteqral indikatorunun hesablanmasını müəssisə və təşkilatlardan elm, İKT, informasiya cəmiyyəti, innovasiya və s. üzrə daxil olan müvafiq statistik hesabat göstəriciləri əsasında da həyata keçirmək mümkündür.

Daha sonra Ə.Əliyev biliklər iqtisadiyyatının inkişafı üzrəbəzi ölkələrin, eləcə də Azərbaycanın informasiya və biliklər iqtisadiiyyatının formalaşması üzrə müxtəlif indekslərə görə reytinq cədvəlini təqdim etdi.

İnformasiya və bilik iqtisadiyyatı göstəriciləri və indeksləri barədə məlumat verən şöbə müdiri qeyd etdi ki, informasiya və bilik iqtisadiyyatının ölçülməsi üzrə əsas göstərici kimi BMT Sosial İqtisadi İnkişaf Təşkilatı “Biliyə İnvestisiya Qoyuluşu” ümumiləşdirici göstəricisini təklif edib. Onun sözlərinə görə, həmin göstərici işləyənlərə, tədqiqat, ali təhsil, İKT, proqram təminatına olan investisiyaları əhatə edir və bu göstərici əsasında ölkələr yüksək, orta, aşağı olmaqla 3 qrupa bölünür.

Məruzəçi qeyd etdi ki, rəqəmsal iqtisadiyyat və cəmiyyət indeksi onun formalaşmasına təsir edən 12 qrupda olmaqla 5 subindeksdən və 28 göstəricidən təşkil olunub. Qlobal kreativlik indeksi üzrə bəzi ölkələrin 2015-ci il üzrə reytinq cədvəlini təqdim edən məruzəçi bildirdi ki, hesablanmada istifadə olunan əsas və altgöstəricilərə innovasiyaya giriş subaltindeksi, innovasiya məhsulu alt-subindeksi və innovativ səmərəlilik əmsalı aiddir.

Sonda Ə.Əliyev əldə olunan yekun nəticələri diqqətə çatdırdı. Qeyd etdi ki, müasir dövrün iqtisadiyyatını, xüsusən elm, texnologiya, innovasiya tutumlu sahələri kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirmək olduqca çətin məsələlərdəndir. Bu baxımdan kompozit və digər kompleks xarakterli indekslər ölkələrin və onların iqtisadiyyatının tam xarakteristikasını təhlil və təqdim etməyə imkan verən inanılmış və qəbul edilmiş vasitələrdən biridir.

Onun sözlərinə görə, nüfuzlu təşkilatların kompozit indikatorlarının qurulması qaydaları, metodologiyası və tələblərindən, praktikada özünü doğrultmuş müxtəlif metodoloji üsullardan effektiv istifadə olunmalı, informasiya və bilik sahəsində fəaliyyət göstərən təşkilatların informasiya və hesabatlılıq xüsusiyyətləri nəzərə alınmalıdır.

Məruzə ətrafında müzkirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı