İnstitutda elmi-tədqiqat təcrübəsi keçən tələbələr ilə birgə seminar keçirilib Sentyabr 14, 2019 | 11:13 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsində keçirilən növbəti elmi seminar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin sentyabrın 2-dən 13-dək davam edən elmi-tədqiqat təcrübəsinin nəticələrinin və tələbələrin təcrübə hesabatlarının müzakirəsinə həsr edilmişdi.

Elmi seminarı giriş sözü ilə açan şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev burada informasiya təhlükəsizliyinin və intellektual informasiya texnologiyalarının müxtəlif problemləri üzrə elmi tədqiqatlar aparıldığını, tələbələrə hazırda şöbədə icra olunan, onların maraqlarına uyğun gələn elmi layihələrə qoşulmaq təklif edildiyini xatırlatdı. O, tələbələrin öz maraqlarına uyğun seçdikləri layihələrdə nəzəri biliklərini təkmilləşdirmələri və konkret praktiki vərdişlər qazanmaları üçün fərdi iş planları tərtib olunduğunu diqqətə çatdırdı. Sonra elmi-tədqiqat təcrübəsi keçən tələbələr iki həftə ərzində yerinə yetirdikləri elmi-praktiki işlər barəsində hesabatlarını təqdim etdilər.

Tələbə Ağa Hüseynov dosent Yadigar İmamverdiyevin və şöbənin magistrantı Elşən Bağırovun rəhbərliyi altında veb-saytlara kiberhücum metodlarını araşdırdığını, istifadəçi parollarının kobud güc üsulu ilə sındırılması üçün proqram təminatı üzərində işlədiyini, Kali Linux-da veb-saytların etik hakinqi üsulları ilə tanış olduğunu və SQL Injection üsulunu daha ətraflı öyrənərək şöbənin lokal şəbəkəsində quraşdırılmış veb-server üzərində müxtəlif testlər apardığını bildirdi, SQL Injection hücumuna qarşı tövsiyələri diqqətə çatdırdı. Bundan əlavə, bir neçə kriptoqrafik alqoritm (SHA-1 kriptoqrafik heş funksiyası və RSA rəqəmsal imza sxemi) ilə tanış olduğunu, parolların axtarışı üçün heş kodlardan ibarət “Rainbow” cədvəllərindən istifadə metodunu və müvafiq ilkin kodları analiz etdiyini vurğuladı. 

Tələbə Kamran Ayubov veb-serverlərin informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə nəzəri biliklər qazandığını və şöbədə quraşdırılmış tədris məqsədli veb-serverin təhlükəsizliyini müxtəlif üsullarla test etdiyini bildirdi. “İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün hakerlərin istifadə etdikləri metodları dərindən bilmək tələb olunur”, – deyən K.Ayubov buna görə Kali Linux əməliyyat sisteminin imkanları ilə tanış olduğunu, virtual laboratoriya mühitində bəzi etik hakinq alətləri ilə işləməyi öyrəndiyini, həmçinin dosent Y.İmamverdiyevin və E.Bağırovun elmi rəhbərliyi ilə kriptoqrafik sistemlər (heş funksiyalar, RSA sxemi) və veb serverlərin təhlükəsizlik auditi barədə biliklər qazandığını nəzərə çatdırdı.

İnstitutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın rəhbərliyi ilə elmi-tədqiqat təcrübəsi keçən Rüstəm İsbatov öz hesabat təqdimatında maşın təlimi və verilənlərin analizi üsullarının nəzəri və praktiki əsaslarını öyrəndiyini, Python proqram paketində proqramlaşdırma vərdişləri qazandığını diqqətə çatdırdı. Bundan başqa, TensorFlow, Keras, Pandas, Scikit-learn və s. kitabxanalardan istifadə etməklə verilənlərin analizi ilə bağlı bir sıra praktiki tapşırıqlar yerinə yetirdiyini, Naive Bayes və çoxlaylı perseptron metodlarını tətbiq etməklə sensor verilənləri əsasında hidravlik sistemlərin vəziyyətinin üç sinfə (tam imtina, aşağı effektiv, tam effektiv) müvafiq təsnifatını apardığını, alınmış nəticələri vizuallaşdırdığını vurğuladı. 

İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın rəhbərliyi ilə qrup şəklində təcrübə keçən Şəhla Soltanlı və Şəkər Eynullayeva neft yataqlarının klasterizasiyası və hidrodinamiki modellərin istismarı zamanı toplanmış verilənlərə adaptasiyası mövzuları üzrə praktiki eksperimentlər apardıqlarını söylədilər.

Tələbələr eksperiment keçirmək üçün əvvəlcə, Python proqramlaşdırma dilindən, maşın təlimi metodlarından və müvafiq Python kitabxanalarından zəruri məlumatları özündə əks etdirən ekspress-informasiya aldıqlarını, verilənlərin intellektual analizi üzrə praktiki tapşırıqlar yerinə yetirdiklərini, daha sonra, neft quyularından toplanmış verilənlərin məzmunu ilə tanış olaraq onlara maşın təlimi metodlarını tətbiq etdiklərini vurğuladılar.

Şöbədə elmi-tədqiqat təcrübəsi keçən tələbələr seçdikləri təcrübə mövzularının onlar üçün tamamilə yeni olduğuna baxmayaraq, qısa müddətdə konkret praktiki nəticələr ala bildiklərini xüsusi vurğuladılar. Bunun üçün onlara yaradılmış əlverişli təcrübə şəraitinə görə institutun rəhbərliyinə, o cümlədən, elmi-tədqiqat təcrübəsi rəhbərlərinə minnətdarlıqlarını bildirdilər.

Sonda tələbələrin təqdimatları geniş müzakirə olundu, suallar cavablandırıldı. Yadigar İmamverdiyev şöbədə təcrübə keçmiş tələbələrə şöbə ilə əlaqə saxlamağı tövsiyə edərək onlara gələcək təhsil və karyera fəaliyyətlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı