İnnovasiyalar Agentliyi “ITU Telecom World 2019”-da ölkəmizi dörd startapla təmsil edir Sentyabr 10, 2019 | 06:43 / Mühüm hadisələr

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir. Tədbirin ikinci günündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin görüşü keçirilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanda təşkil ediləcək Zirvə Toplantısından öncə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan rəsmiləri İKT sahəsində hazırkı vəziyyəti müzakirə ediblər. Eyni zamanda, İKT-nin müvafiq istiqamətləri üzrə gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, sentyabrın 12-dək davam edəcək beynəlxalq sərgi-konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilir.

“Birlikdə innovasiyalar gətirərək əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında davam edən beynəlxalq sərgi-konfransın əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdan ibarətdir.

“ITU Telecom World 2019” ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan dövlət qurumları, o cümlədən, İKT şirkətləri və startaplar təmsil edirlər.

Sərgi ziyatərçilərinin yüksək maraqla qarşıladığı Azərbaycan Milli Pavilyonunda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.

“ITU Telecom World 2019”-da İnnovasiyalar Agentliyi sərgi iştirakçılarını öz fəaliyyəti, qrantlar, mübadilə proqramları, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi, regionlarda aparılan iş, eləcə də uğurlu startaplar və layihələr haqqında ətraflı məlumatlandırır.

Agentlik sərgiyə dörd startapla qatılıb. “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”, “Vriendly” startapları Azərbaycanın Milli Pavilyonunda nümayiş etdirilir. Həmçinin bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına da qatılıb.

Burada “AzInTelecom” MMC-nin DATA Mərkəzi nəzdində “Azcloud” bulud provayderi tərəfindən bir sıra bulud həlləri təqdim olunub. Ziyarətçilərə “proqram təminatı xidmət kimi” modeli ilə “TrendMicro”, “Deep Security” təhlükəsizlik həlləri və “VEEAM” nəzdində rezervlənmə xidməti kimi məhsullar haqqında ətraflı məlumat verilib.

Sərgidə iştirak edən gənc proqramçılar “AzInTelecom” MMC-nin sosial yönümlü “Azcloud Hackathon” layihəsi haqqında məlumatlandırılıb. Onlar 2020-ci ilin 3-cü rübündə Bakıda keçiriləcək “Azcloud Hachathon 2020” yarışmasına dəvət olunublar.

Beynəlxalq sərgidə Məlumat Hesablama Mərkəzi də öz layihələrini ziyarətçilərə təqdim edir. MHM-in stendi sərgi iştirakçıları tərəfindən yüksək maraqla qarşılanır. Stenddə nümayiş etdirilən məhsullar haqqında daha ətraflı məlumat çatdırmaq üçün ziyarətçilərə ingilis dilində kataloqlar da təqdim edilir.

Tədbir çərçivəsində ölkəmizin milli telekommunikasiya operatoru olan “Aztelekom”la bir sıra beynəlxalq operatorlar arasında əməkdaşlıq barədə fikir mübadiləsi keçirilir. Eyni zamanda regionlarda yeni texnologiyaların tətbiqi üzrə vendor şirkətləri ilə danışıqlar aparılır, təqdimatlar keçirilir.

Ölkəmizin Milli Pavilyonunda “Azercell” şirkəti də stendlə təmsil olunub. “Azercell” sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, “4G” şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də biznes qurumları və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı