İnformasiya-kommunikasiya texnologiyalarından tədrisdə istifadəyə həsr olunmuş beynəlxalq simpozium keçirilib İyul 04, 2014 | 12:00 / Konfranslar, iclaslar

Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron Naxçıvan-9: informasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda beynəlxalq simpozium keçirilib. Naxçıvan Muxtar Respublikasının (NMR) Rabitə və İnformasiya Texnologiyaları, təhsil nazirləri və Türkiyədən olan qonaqların iştirak etdiyi tədbirdə öncə elektronika, memarlıq və rəsm sərgilərinə baxış keçirilib, elektronika sərgisində nümayiş olunan, universitetin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması sahəsi üzrə hazırladıqları nümunələrlə tanış olublar. 

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, ölkədə İKT-nin inkişafından, dünya informasiya məkanına uğurla inteqrasiya olunmasından danışıb. Bildirib ki, NDU-da elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb: “Elektron təhsil şəbəkəsi, elektron kitabxananın yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişləndirilməsi, beynəlxalq videokonfransların təşkili bu mühüm məqsədə xidmət edir”.

Sonra “Elektron Naxçıvan” sənədli filmi nümayiş etdirilib. 

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli “Elektron Naxçıvan” hərəkatını NMR Ali Məclisinin sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirib. İ.Həbibbəyli son bir il ərzində AMEA-da İKT-nin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını bildirib. 

NMR Rabitə və İnformasiya Texnologiya naziri Rövşən Məmmədov ümummilli lider Heydər Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi istiqamətindəki xidmətlərini, ölkə Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin uğurlarını diqqətinə çatdırıb. Bildirilib ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın İKT sahəsindəki nəticələri nəzərə alınmış, 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer almışdır. Son on ildə muxtar respublikada yeni texnologiyaların tətbiqi və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrdən bəhs edən nazir bildirib ki, bu gün muxtar respublikanın telekommunikasiya sisteminin 60 faizini NGN texnologiyasına əsaslanan yeni nəsil telekommunikasiya sistemləri təşkil edir. 

R.Məmmədovun sözlərinə görə, hazırda yaşayış ərazilərinin 92 faizində genişzolaqlı İnternet, 80 faizində simsiz İnternet xidmətləri göstərilir. Naxtel simsiz telekommunikasiya sistemi 27 baza stansiyası vasitəsilə muxtar respublikanın 85 faiz ərazisini əhatə edir. Naxçıvanda “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın icrası məqsədilə orta ümumtəhsil məktəblərində hər 13 şagirdə 1 kompüter dəsti olmaqla 3409 kompüter, 551 elektron lövhə quraşdırılmışdır. NMR-də “Elektron hökümət” portalı qurulmuş, 34 dövlət orqanının xidmətləri portala inteqrasiya edilmişdir. Yüksək sürətli informasiya mübadiləsini təmin etmək məqsədilə fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilmiş, muxtar respublikanın optik şəbəkəsi Trans-Asiya-Avropa beynəlxalq fiber-optik magistralına qoşulmuşdur. 

AR RYTN-nin şöbə müdiri Zahid Mehdiyev məruzə ilə çıxış edərək Azərbaycanda İKT-nin inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan İnternet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir.

Tədbirdə NDU-nun tərəfdaşlıq etdiyi müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılıb. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə Cənubi Koreya Respublikasının Kiber Universitetinin professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, Erasmus Mundus layihələrinin koordinatoru Xuan Antonio Martin-Çeka, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniel Yuryev, İnformasiya Hesablama Mərkəzinin direktoru Maksim Barabanov beynəlxalq simpoziuma qoşularaq virtual əlaqələrin inkişafı, İKT-nin geniş imkanlarından istifadə və s. təkliflərlə çıxış ediblər. 

Simpozium İncəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı ilə başa çatıb. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı