“Bulud texnologiyaları əsasında mobil elektron imza sxemi” mövzusunda elmi seminar keçirildi Mart 15, 2018 | 10:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin “Bulud texnologiyaları əsasında mobil elektron imza sxemi” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun dissertantı Həbib Abbasov bulud texnologiyalarının vətəndaşların elektron xidmətlərdən təhlükəsiz və rahat istifadəsini və mobilliyini təmin etmək üçün geniş imkanlar təqdim etdiyini bildirdi. O, “mobil e-imza” anlayışının elmi ədəbiyyatda  təkcə mobil telefonlarda reallaşdırılan e-imzanı deyil, daha geniş konsepsiyanı əhatə etdiyini diqqətə çatdırdı.

Məruzəçi hazırda ölkəmizdə fəaliyyət göstərən milli e-imza infrastrukturunun komponentləri və onların funksiyaları, aparat və proqram təminatı, normativ-hüquqi baza haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, e-xidmətlərdən istifadənin genişlənməsi, e-dövlətin yeni inkişaf fazasına keçməsi, IV sənaye inqilabının vüsət alması ilə elektron qarşılıqlı əlaqə tərəflərinin etibarlı autentifikasiyası sistemi kimi e-imza infrastrukturunun yeni texnologiyalar əsasında təkmilləşdirilməsi məsələsi aktuallaşır. H.Abbasov bu sahədə həlli vacib elmi tədqiqat problemlərinin ətraflı xarakteristikasını da təqdim etdi.

O, həmçinin bildirdi ki, bulud texnologiyalarından istifadə etməklə informasiya texnologiyalarının, o cümlədən elektron imzanın mobilliyini daha geniş platformalarda təmin etmək olar. H.Abbasov inkişaf etmiş ölkələrin bulud texnologiyaları əsasında mobil imzanın reallaşdırılması və tətbiqi sahəsindəki təcrübəsini analiz edərək mövcud həllərin əksəriyyətinin spesifik qanunvericilik və müəyyən eyniləşdirmə sisteminə (məsələn, konkret milli eID sisteminə) görə yaradıldığını vurğuladı: “Belə həllərin digər ölkələrdə tətbiqi əhəmiyyətli uyğunlaşdırma işləri və xeyli əlavə xərclər tələb edir”.

Məruzəçi bulud texnologiyaları əsasında e-imza xidmətinin (“Signature as a Service”, SaaS) qurulması üçün təklif etdiyi konseptual modeli və server əsaslı e-imza sxemini diqqətə çatdırdı. Sxem göndərən-server və server-alan arasında bir neçə xüsusi məlumat mübadiləsi addımından ibarətdir və elliptik əyrilər kriptoqrafiyasından istifadə etməklə həyata keçirilir. Əsas hesablamalar server tərəfdə yerinə yetirilir. Bununla yanaşı, həm göndərənin, həm də alanın imzadan imtina edə bilməməsi təmin edilir.

“Ənənəvi e-imza sxemləri ilə müqayisədə təklif edilən sxem hesablamaların həcmi və kommunikasiya xərcləri baxımından daha səmərəlidir. Təklif edilmiş sxemin bir sıra spesifik hücumlara qarşı dayanıqlığı da qiymətləndirilmişdir”, – deyə məruzəçi bildirdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı. Dissertantın elmi rəhbəri, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev dissertantın gələcək tədqiqatları üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı