Kiber antropologiya insan və texnologiyanın birgə inkişafını öyrənən elm sahəsi kimi Sentyabr 27, 2017 | 05:06 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin elmi seminarı keçirildi. İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Antropologiya: tarixi, anlayışları və problemləri. Kiber antropologiya: insan və texnologiyanın birgə inkişafını öyrənən bir elm sahəsi” mövzusunda məruzəsini təqdim etdi. Bildirdi ki, ictimai elmlər cəmiyyətin və insan münasibətlərinin öyrənilməsi ilə məşğul olan elm sahələrindən hesab olunur. Bu elmlərdən biri də antropologiya – insan haqqında elmdir.  

O qeyd etdi ki, ilk dəfə olaraq qədim yunan filosofu Aristotel antropologiya terminindən istifadə etmişdir. Bu terminin geniş izahı italyalı alim Qaleazzo Kapellanın adı ilə bağlıdır. Bundan əlavə bu elm sahəsində antik müəlliflərə nümunə olaraq Demokrit, Anaksimandr və başqalarını göstərmək olar.

Ş.Mahmudova antropologiyanın morfologiya, antropogeniz, irqşünaslıq kimi bölmələri haqqında məlumat verdi. Morfologiya antropologiyanın insanın fərdi dəyişkənliyini öyrənən geniş bölməsidir. Antropogeniz insanın ictimai varlıq kimi meydana gəlməsi, mənşəyi və inkişaf prosesini, irqşünaslıq isə irqlərin meydana gəlmə səbəbləri, tipləri, təsnifatı və onların yer kürəsində yayılma sahələri, irqi tiplərin dəyişmə qanunauyğunluqlarını öyrənir.

Məruzəçi antropologiyanın sosial, fəlsəfi, tibbi, iqtisadi, psixoloji, kiber, hüquqi, fiziki, məhkəmə, mədəni, bioloji antropologiya kimi əsas sahələrinin meydana gəldiyini və inkişaf etdirildiyini də diqqətə çatdırdı.

Sonra Ş.Mahmudova kiber antropologiya haqqında məlumat verdi. Bildirdi ki, kiber antropologiya virtual cəmiyyətdə və şəbəkə mühitində insanları öyrənən elm sahəsidir. O həmçinin, avanqard istiqamət olan kiber antropologiyanın strukturunu, dinamikasını və virtual cəmiyyətlərin və kiber mədəniyyətlərin təbiətini öyrənir. Bu elm sahəsində fransız alimi Julyen Lametri, kanadalı alim Makklyuen, rus alimi Vladimir Vernadskinin ideyaları geniş yayılmışdır.

Məruzəçi kiber antropologiyanin problemlərindən də danışdı. Onun sözlərinə görə, insanlar və texnologiyaları özünə daxil edən sosiotexnologiya sistemlərinin öyrənilməsi, maddi mədəniyyətin formaları kimi rəqəmsal texnologiyaların tədqiqi və başqa məsələlər kiber antropologiyanın problemlərindəndir.

Bununla yanaşı, o, kiber antropologiyanın mühüm hissələrindən biri kimi qiymətləndirilən psixoloji mədəniyyətin yeni hazırlanmış konsepsiyasının bəzi müddəaları haqqında məlumat verdi. Qeyd etdi ki, bu müddəalara insanın problemlərini həll edə bilən istər texnoloji, istər texnoloji olmayan vasitələrə aid məsələlər, texnologiya istifadəçilərinin psixoloji səlahiyyətinə aid fərdi müxtəlifliklərin tədqiqatı  və başqaları aiddir.

Məruzəçi bildirdi ki, insan bədəninin və onun hissələrinin müqayisəli ölçüləri ilə məşğul olan antropologiyanın bir sahəsi də antropometriya adlanır. Antropometrik ölçülərdən istifadə etməklə riyazi düsturların köməyi ilə insanın bədəninin ölçüləri və onun dəyişikliyinin dinamikasını qiymətləndirmək olar.

Ş.Mahmudova Azərbaycanda antropometrik tədqiqatların ilk dəfə olaraq rusiyalı alim-həkim N.İ.Anserov tərəfindən aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, onun rəhbərliyi ilə “Azərbaycan cəmiyyətinin öyrənilməsi və tədqiq edilməsi” adlı komissiya yaradılmışdır.

Məruzəçi antropometrik göstəricilərdən istifadə etməklə təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi haqqında məlumat verdi. Bildirdi ki, insanın sifətinə əsasən onun yaşı, cinsi, etnik və irqi mənsubiyyəti haqqında məlumat əldə etmək olar. Son dövrlərdə insanın müxtəlif biometrik xüsusiyyətlərinə əsaslanan identifikasiya sistemlərinin yaradılmasına həsr olunan tədqiqatların sayı sürətlə artır. Hazırda bu sahədə kifayət qədər əhəmiyyətli tədqiqat işləri olsa da, insanın hər hansı məlum bir irqə və ya etnik qrupa mənsubiyyətini müəyyən edən metod və sistemlərin sayı olduqca azdır. O həmçinin, təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi sahəsi üzrə AMEA İnformasiya Texnologiyalar İnstitutunda elmi tədqiqatların aparıldığını vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı