Azərbaycan elmi jurnallarının beynəlxalq elmi bazalarda təmsil olunması aktual məsələlərdəndir May 13, 2014 | 02:00 / Konfranslar, iclaslar

Ölkəmizdə informasiya cəmiyyəti quruculuğu sahəsində uğurlu dövlət siyasəti, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanlar, “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müvafiq qurumlar qarşısında konkret vəzifələr qoymuşdur. Elmi fəaliyyət və elmin idarə edilməsində İKT-nin tətbiqi AMEA-da həyata keçirilən islahatların prioritet sahələrindən biri kimi e-elm layihəsi çərçivəsində reallaşdırılır. Layihənin mühüm istiqamətlərindən biri də müasir texnologiyalar əsasında elmin informasiya təminatının yaradılması, inkişaf etdirilməsi və bu məlumatlar əsasında elmdə qərarların qəbul edilməsinə dəstəyin təmin olunmasıdır. Azərbaycanın təhsil müəssisəsi və elmi təşkilatlarında bu və ya digər elm sahələrini əhatə edən çoxlu sayda jurnallar vardır. Onlar ölkə miqyasında elmi informasiya mübadiləsinin həyata keçirilməsi və əldə olunmuş nəticələrin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. Lakin Azərbaycanın beynəlxalq elmi əlaqələrinin sürətlə genişləndiyi müasir informasiya cəmiyyəti şəraitində bu jurnallar bəzi parametrlər üzrə qəbul olunmuş normativ beynəlxalq standartlara cavab vermir və elmi nailiyyətlərin beynəlxalq miqyasda tanıdılmasında ciddi maneələr yaradır. Bu baxımdan, ölkəmizdə nəşr olunan elmi jurnalların beynəlxalq standartlara cavab vermə səviyyəsinin analizi, mövcud problemlərin aşkarlanması və aradan qaldırılması, eyni zamanda beynəlxalq nüfuzlu bazalarda təmsilçiliyin təmin edilməsi həlli zəruri olan məsələlərdəndir. 

AR Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə İKT-2 qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycan elmi jurnallarının monitorinqi və beynəlxalq elmi bazalarda təmsilçiliyi üçün təkliflərin işlənməsi” layihəsi göstərilən problemin həllinə dəstək olacaq. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda axtarış-innovasiya xarakterli olan bu layihənin yerinə yetirilməsi ilə əlaqədar olaraq seminar keçirildi. Tədbirdə layihənin rəhbəri, insitutun şöbə müdiri Təhmasib Fətəliyev və layihə icraçıları iştirak etdilər. Məqsəd qrant layihəsinin fəaliyyət planının müzakirəsi idi. 

Öncə T.Fətəliyev layihənin məqsəd və vəzifələri, planlaşdırılan işlər, gözlənilən nəticələr haqqında ətraflı məlumat verdi. Bildirdi ki, əsas hədəf dünya təcrübəsi əsasında Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması, beynəlxalq elmi bazalarda təmsilçiliyi istiqamətində araşdırılmaların aparılması və problemlərin həlli yollarını göstərməklə son nəticədə bu jurnalların keyfiyyətinin yüksəldilməsidir. Onun sözlərinə görə, layihənin nəticələrinin reallaşdırılması ilə Azərbaycan alimlərinin elmi nəticələrinin sürətlə yayılmasına, elmimizin dünya standartlarına uyğun inkişaf etdirilməsinə və beynəlxalq elmi ictimaiyyətdə tanınmasına nail olunacaqdır. Elmi jurnalların keyfiyyətinin yüksəldilməsi eyni zamanda Azərbaycan İstinad İndeksinin işlənilməsi ücün zəmin yaradacaq. Milli istinad indeksinin yaradılması və onun əsasında aparılan elmmmetrik təhlillər elmi fəaliyyətin qiymətləndirilməsi, elmi qurumların, jurnalların və tədqiqatçıların reytinqlərinin hazırlanması və elmin idarə edilməsi zamanı obyektiv qərarların qəbulu üçün geniş imkanlar yaradacaq. 

Layihə rəhbəri qeyd etdi ki, fəaliyyət planı dünya təcrübəsinin öyrənilməsi, Azərbaycanda nəşr olunan elmi jurnalların monitorinqi üçün tələblərin formalaşdırılması, monitorinqin həyata keçirilməsi, nəticələrin təhlili, problemlərin aşkarlanması və həlli, o cümlədən beynəlxalq elmi bazalarda təmsilçilik üçün təkliflərin işlənməsi mərhələlərini əhatə edir. 

Sonda qeyd olunan mərhələlər üzrə icraçılar arasında iş bölgüsü aparıldı, sual və təkliflər səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı