İnstitutun əməkdaşları "Davamlı inkişaf və texnoloji innovasiyalar” beynəlxalq elmi-praktiki konfransında çıxış ediblər May 08, 2014 | 12:17 / Konfranslar, iclaslar

Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş "Davamlı inkişaf və texnoloji innovasiyalar” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Azərbaycan Texnologiya UniversitetiGəncə şəhər İcra Hakimiyyəti,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın İqtisadiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarətlə başlayıb. 

6 dövlətdən 165 nümayəndənin iştirak etdiyi tədbir elmi-texniki sahədə qarşılıqlı anlaşma, yardım və əməkdaşlığın təmin olunması, texnoloji innovasiyaların tətbiqi, elmi-tərəqqinin sürətlənməsi, təhsildə mütərəqqi dəyişikliklər və bütövlükdə iqtisadiyyatın dinamik inkişafına xidmət məqsədi daşıyırdı. 

Tədbirdə AR Təhsil nazirinin müşaviri Samir Vəliyev, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, Doğu Akdeniz Universitetinin Türk Cümhuriyyətləri üzrə rektor müsaviri Orxan Həsənoğlu, Sankt Peterburq Dövlət Kommunikasiya Universitetinin proffessoru Gennadi Nikoloyeviç Smorodin, Kutaisi Dövlət Universitetinin Departament rəhbəri Nino Dalidze və digər alim və mütəxəssislər çıxış ediblər. 

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov müasir informasiya və kommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılması məsələlərindən söhbət açıb. Professor rəhbərlik etdiyi ali təhsil ocağında texnoparkların yaradılması istiqamətində məqsədyönlü işlərin həyata keçirildiyini diqqətə çatdırıb. 

Konfransın bölmələr üzrə davam edən işində AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və sektor müdiri Rasim Mahmudov çıxış ediblər. 

Ə.Əliyev “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması xüsusiyyətləri və problemləri” mövzusunda məruzəsini təqdim edib. Ölkənin yeni iqtisadi strategiyasının məzmunu və mahiyyətini şərh edərək, informasiya cəmiyyətinə keçid məsələlərindən danışan məruzəçi informasiya cəmiyyəti quruculuğunda informasiya iqtisadiyyatının formalaşdırılmasının zəruri olduğunu bildirib. Yeni şəraitdə innovasiya və innovativ fəaliyyətin xüsusiyyətlərini təhlil edərək innovativ informasiya iqtisadiyyatının formalaşması məsələlərini diqqətə çatdırıb. 

İnformasiya iqtisadiyyatının formalaşdırılmasında regional amilin rolunu vurğulayan Ə.Əliyev bütövlükdə informasiya və biliklər iqtisadiyyatı, eləcə də milli innovasiya sisteminin formalaşması məsələləri və İKT yönümlü Milli İnnovasiya Sisteminin xarakterik əlamətlərini təhlil edib. İKT-nin iqtisadi inkişafa təsiri məsələlərinin öyrənilməsinin vacibliyini önə çəkən məruzəçi informasiya iqtisadiyyatının formalaşmasına elmi dəstək verilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Həmçinin bu mövzunun AR yanında Elmin İnkişafı Fondunun qrant layihəsi ilə dəstəkləndiyini qeyd edib. 

Sonra Ə.Əliyev “AMEA İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi-texniki işlər və innovativ layihələr” haqqında çıxış edib. O, texnoloji innovasiya proseslərinin avtomatlaşdırılması, eləcə də sənaye və digər sahələrdə ən çox tətbiq olunan elektron innovasiyaların reallaşdırılması problemlərindən söz açıb.

R.Mahmudov "İnformasiya cəmiyyəti quruculuğunun yeni vəzifələri və istiqamətləri" adlı məruzəsində ölkəmizdə həyata keçirilən informasiya cəmiyyəti quruculuğu proseslərindən danışıb. 2003-2012-ci illərdə ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən işlər haqqında məlumat verib. Azərbaycanda bu prosesin davamı kimi bu il aprelin 2-də AR Prezidenti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"nın hədəflərindən danışıb. Bildirib ki, bu strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi informasiya cəmiyyəti quruculuğunun yeni keyfiyyət mərhələsinə qədəm qoymasına, eyni zamanda ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə təkan verəcək. 

Konfransın plenar iclaslarında ölkə rəhbərliyinə müraciət və konfransın yekun bəyannaməsi qəbul edilib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı