Böyük verilənlərin vizuallaşdırılması problemləri müzakirə olundu İyul 04, 2017 | 09:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında “Böyük verilənlərin vizuallaşdırılması problemləri” mövzusunda məruzə dinlənildi. Məruzəni təqdim edən institutun böyük elmi işçisi Mərziyə İsmayılova vizuallaşdırma metodlarının klassifikasiyası, böyük verilənlərin vizuallaşdırılma və vizuallaşdırma alətləri, proqramlaşdırma dilləri və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, verilənlərin vizuallaşdırılması onları analiz etmək məqsədilə verilənlər kolleksiyasının vizuallaşdırılmasının prinsip və metodlarını öyrənir. Tətbiq sahəsindən asılı olaraq verilənlərin vizuallaşdırılması elmi, informasiya və proqram təminatının vizuallaşdırılması kimi qruplaşdırılır.

Böyük verilənlərin vizuallaşdırılması məsələlərinə diqqət çəkən M.İsmayılova verilənlər selinin vizuallaşdırılması, vizual intellektual analiz və axtarış, vizuallaşdırmadan istifadə etməklə böyük verilənlər əsasında hadisələrin gedişinin təsviri və s. haqqında məlumat verdi.

O, həmçinin böyük verilənlərin vizuallaşdırılmasında ən çox istifadə olunan metodlardan söz açdı. Qeyd etdi ki, bu metodlara istifadə tezliyindən asılı olaraq konkret sözün və ya ifadənin çəkisinin qiyməti ilə mətnin analizində istifadə olunan bulud teqi, verilənlərin ayrı-ayrı elementlərinin əlaqəsini təqdim etmək məqsədilə klaster analizindən istifadə edən klasterqram, eləcə də böyük və çoxölçülü verilənlərin effektiv tədqiqatına və onun istifadəsi ilə dinamik 2D kürəcik diaqramların qarşılıqlı əlaqədə olmasına imkan verən dinamik diaqramlar daxildir.

M.İsmayılova böyük verilənlərin vizuallaşdırılması problemlərindən söz açaraq onun vizual küy, böyük təsvirin qavranılması, informasiya itkisi, yüksək məhsuldarlıq tələbləri, təsvirlərin yüksək sürətlə dəyişməsi kimi problemlərinin mövcud olduğunu vurğuladı.  

Məruzəçi, həmçinin dünyada vizuallaşdırma sahəsində liderlik edən “Citrix”, “Vmware”, “Zoomdata”, “Datawatch”, “Data hero” və s. kimi şirkətlərin bu sahədə böyük nüfuza malik olduğunu bildirdi.

M.İsmayılova böyük verilənlərin vizuallaşdırılması üzrə keçirilən konfranslar, bu sahənin problemləri ilə məşğul olan ali məktəblər və alimlər, nəşr olunan kitab və jurnallar haqqında da ətraflı məlumat verdi.

Sonda məruzəçi qeyd etdi ki, müasir dövrdə verilənlərin analizinin perspektivli istiqamətlərindən hesab olunan vizuallaşdırma problemləri mövcud texnologiyalarla yanaşı, insanyönümlü problemlərlə də bağlıdır. Böyük sayda vizuallaşdırma metodları və alətləri arasından həll olunan məsələyə uyğununun seçilməsinin vacib məsələlərdən olduğunu söyləyən M.İsmayılova problemlərin həllində yeni metod, model, daha səmərəli alqoritmlərin işlənməsinin zəruriliyini vurğuladı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı