İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirildi May 05, 2014 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. 

Sonra texnika üzrə fəlsəfə doktoru Məhəmməd Şərifov "Dövlət veb-resurslarının layihələndirilməsinə yürüdülən tələblər, onların reallaşdırılma vəziyyətinin araşdırılması və tövsiyələrin işlənməsi" adlı məruzəsini təqdim etdi. M.Şərifov bu sahədə dünya təcrübəsi, inkişaf etmiş ölkələrdə veb-resursların layihələndirilməsinə qoyulan tələblər, mövcud problemlər barədə məlumat verdi, bir sıra tövsiyələri nəzərə çatdırdı. 

Azərbaycanda dövlət orqanlarının veb-resurslarının layihələndirilməsinə və idarə edilməsinə dair tələblərdən danışan məruzəçi kontent, proqram təminatı, dizayn və interaktivliyin əsas kriteriyalar olduğunu diqqətə çatdırdı. Bildirdi ki, dövlət maraqlarını təmsil edən, dolğun informasiya daşıyan veb-resursların xarici provayderlərdə, serverlərdə yerləşdirilməsi, informasiyanın tamlığı və əlyetərliyinin pozulması, kontentin təqdimatında fiziki qüsurlu insanların nəzərə alınmaması və s. başlıca problemlərdəndir. 

İnstitutun sektor müdiri Əfruz Qurbanova “Terminoloji informatika sahəsində aparılan elmi-nəzəri araşdırmalar və onların müqayisəli təhlili” adlı ekspress-informasiya haqqında məlumat verdi. Müasir dövrdə terminologiyanın rolu və əhəmiyyətindən söz açan məruzəçi terminşünaslığın predmeti, istiqamətləri haqqında ətraflı məlumat verdi. Terminologiyanın əsas mənbələri, mövcudolma formaları, klassifikasiyası haqqında danışan məruzəçi bu elm sahəsinin bir-birilə əlaqəli bir neçə fənnin tədqiqat obyekti olduğunu diqqətə çatdırdı. 

O, həmçinin terminologiya sahəsində xarici təcrübənin təhlili, beynəlxalq standartlar, terminoloji informatika sahəsində aparılan araşdırmaların müasir vəziyyəti və Azərbaycanda bu sahəyə yeni yanaşmanı zəruri edən amilləri diqqətə çatdırdı. 

Nüfuzlu elmi mükafatlar haqqında texnika elmləri doktoru Ramiz Alıquliyev məlumat verdi. Öncə Nobel mükafatının yaranma tarixi və təqdim olunduğu sahələrə dair məlumatları diqqətə çatdıran məruzəçi 74 ölkədən 876 şəxsin bu mükafata layiq görüldüyünü bildirdi. Qeyd etdi ki, bu günə kimi 561 dəfə təqdim edilən Nobel mükafatının 44-ü qadınlara aiddir. Ən gənc mükafatçının yaşı isə 25-dir. 

R.Alıquliyev, həmçinin Şərqin Nobel mükafatı yaxud Asiya Nobel mükafatı, Türinq mükafatı, İnformasiya Texnologiyaları Nobel mükafatı, Kavli, Kosmos, Kyoto və digər tanınmış mükafatlara dair statistik məlumatları diqqətə çatdırdı. 

Qeyd olundu ki, ölkəmizdə də tədqiqatçı və alimlərin əməyinin qiymətləndirilməsi məqsədilə elm sahəsində əldə edilmiş nailiyyətlərə görə bir sıra mükafatlar təsis edilmişdir. Bunlara misal olaraq, elm və texnika sahəsində Azərbaycan Dövlət mükafatı, Gənclər üçün Prezident mükafatı, həmçinin Nizami Gəncəvi adına qızıl medal, Həsən bəy Zərdabi və Üzeyir Hacıbəyov adına mükafatları misal göstərmək olar. 

Sonda məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı