"Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"nın qalibləri məlum oldu Aprel 28, 2014 | 03:00 / Mühüm hadisələr

26 aprel 2014-cü il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 May - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"nın final mərhələsi keçirildi. 

2007-ci ildən ardıcıl olaraq keçirilən tədbirin təşkilatçıları AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutudur. 

Olimpiadanın final mərhələsində respublikanın 8 ali təhsil müəssisəsindən (Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı, Naxçıvan Dövlət Universiteti) 28 komanda iştirak edirdi. 

Tədbiri giriş nitqi ilə açan institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov bu gün informasiya texnologiyaları (İT) sahəsində innovasiyaların daha sürətlə vüsət almasında gənc kadrların rolundan danışdı. İT-nin yeni imkanlarının meydana gəlməsi və innovasiyaların geniş tətbiqi prosesinə məhz innovativ təfəkkürə malik gənclərin böyük töhfə verdiyini vurğuladı. Bu kimi tədbirlərin keçirilməsinin İT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin seçilməsi və onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb edilməsinə, ölkəmizin beynəlxalq yarışlarda layiqincə təmsil edilməsinə imkan yaratdığını vurğuladı. İTİ-nin Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafına xidmət edən Olimpiya Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. 

Olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə bu gün təkcə Azərbaycanda deyil, dünyada informasiya texnologiyaları üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də kompüter və proqram təminatı mühəndislərinin hazırlanmasına böyük tələbatın olduğunu bildirdi: “Başlıca hədəflərdən biri informatika fənni üzrə respublika olimpiadasının qaliblərini beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşdırmaqla Azərbaycanın intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şərait yaratmaqdır”. Qeyd olunub ki, olimpiadada fəal iştirak edən gənclər üçün yay məktəblərinin təşkili və Ukraynada treninqlərdə iştirak nəzərdə tutulur. 

Qeyd edək ki, olimpiada onlayn rejimdə, www.e-olimp.com saytı vasitəsilə keçirildi. Yarış zamanı hər komandaya 5 saat ərzində 10 məsələni həll etmək tapşırığı verilmişdi. Olimpiadada yüksək nəticələri Qafqaz Universitetinin “Qafqaz Proqrammers”, MDU-nun Bakı filialının “MSU Programmers”, “Qafqaz U 4” və “Qafqaz U 3”, “BSU-NET” (BDU), “Qafqaz U 6” və “Qafqaz şahinləri” komandaları göstərib. 

Qeyd edək ki, olimpiadanın ilk mərhələsində respublikanın 8 ali təhsil müəssisəsindən 49 komanda iştirak etmiş, 28 komanda final mərhələsinə vəsiqə qazanmışdır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı