Proqram mühəndisliyində süni intellekt problemləri təhlil olunur May 15, 2017 | 04:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin “Proqram mühəndisliyində süni intellekt problemləri” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova süni intellekt sistemlərinin hazırda proqram təminatı məhsullarının ən mühüm sahəsini təşkil etdiyini və bu sistemlərin iqtisadi səmərəliyin əldə olunmasına imkan verdiyini nəzərə çatdırdı. Bildirdi ki, süni intellekt metodlarının sadə alqoritmlər vasitəsilə həlli mümkün olmayan məsələlərin həllində tətbiqinin genişlənməsi, çətin formalizə olunan, mürəkkəb məsələlərin həllində yaratdığı imkanlar onların proqram mühəndisliyi sahəsində də istifadəsinə zəmin yaratmışdır.

Z.Cəbrayılova son dövrlərdə nəhəng proqram sistemlərinin işlənilməsi proseslərinin təşkili ilə məşğul olan şirkətlərin süni intellektə xüsusi maraq göstərdiklərini diqqətə çatdırdı. Qeyd etdi ki, süni intellekt metodları mətnlərin analizi və onların məzmununun dərk edilməsi, idarəetmə, layihələndirmə, kod generasiyası, testləşdirmə, keyfiyyətin qiymətləndirilməsi və paralel sistemlərdə məsələnin həlli üçün istifadə olunur. Bu baxımdan proqram mühəndisliyi tədricən biliyin təsviri və emalının daha ümumi problemlərini əhatə edən intellektual mühəndisliyə çevrilir.

Məruzəçi proqram mühəndisliyinin biliklərə əsaslanan sistemlər, ekspert sistemlər, ünsiyyət sistemləri, maşın təlimi və digər sistemlərin yaradılması ilə bağlı problemləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, hazırda axtarışa əsaslanan proqram təminatı kimi tanınan axtarış və optimallaşdırma metodları, qeyri-müəyyənlik şəraitində qeyri-səlis riyazi məntiq və ehtimal metodları, klassifikasiya, təlim və proqnozlaşdırma metodları proqram mühəndisliyində süni intellekt metodlarının tətbiqi istiqamətləridir.

Onun sözlərinə görə, süni intellekt metodlarının istifadəsi proqramçı-mühəndislərə əvvəllər həlli mümkün olmayan məsələləri həll etməyə imkan yaratmışdır. Təsadüfi deyil ki, süni intellekt metodlarının proqram təminatında tədqiqi və praktiki işlənilməsi sahəsi bir sıra mütəxəssislər tərəfindən “Ehtimal proqramlaşdırma”, “Klassifikasiya”, “Proqram mühəndisliyi üçün təlim və proqnozlaşdırma”, “Axtarışa əsaslanan proqram təminatı” kimi xarakterizə olunur.

Z.Cəbrayılova bildirdi ki, proqram mühəndisliyində süni intellektin tətbiqinin perspektiv tədqiqatlarının genetik proqramlaşdırmaya əsaslanmaqla, çoxnüvəli hesablamaların proqram təminatı problemlərinin paralel həllinə imkan verən təkamül alqoritmlərinin tətbiqi ilə inkişaf etdirilməsi nəzərdə tutulur. O, həmçinin süni intellekt metod və modellərinə istinad etməklə, son illərdə yaradılmış bir neçə proqram təminatı nümunələrini diqqətə çatdırdı.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı