Müasir İKT yeniliklərinə dair məruzə dinlənildi Mart 23, 2017 | 02:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında təqdim edilən məruzələrdən biri də İKT yenilikləri mövzusuna həsr olunmuşdur. Məruzəni təqdim edən institutun 4 saylı şöbəsinin əməkdaşı Cəmil Qurbanzadə öncə insanabənzər “Atlas” robotu haqqında ətraflı məlumat verdi. Bildirdi ki, “Alphabet” holdinqinə məxsus olan “Boston Dynamics” şirkətinin DARPA agentliyinin sifarişi ilə hazırladığı “Atlas” robotu şəxsi akkumulyatora malikdir. Robotun boyu 175 sm, çəkisi isə 81,6 kq təşkil edir. Qurğu hamar səthlərlə yanaşı, nahamar səthlərdə də sərbəst hərəkət edə bilir. 4,5 kq çəkidə yükü götürmək qabiliyyətinə malik robota süni maneə yaradıldıqda belə yükü götürməyə cəhd edir.

Sonra C.Qurbanzadə avstraliyalı alimlərin ixtira etdiyi “e-Dura” adlandırılan elastik implantat barədə danışaraq qeyd etdi ki, bu implantat fəaliyyət qabiliyyətini itirmiş onurğa sütununun yenidən işlək vəziyyətə qayıtmasını təmin edir: “e-Dura” implantatı baş və ya onurğa beyninin səthinə implantasiya üçün xüsusi olaraq hazırlanıb. Kiçik qurğu canlı hüceyrələrin mexaniki xüsusiyyətlərini dəqiqliklə təqlid etmək, elektrik impulslarını və farmakoloji maddələri eyni zamanda ötürmək imkanına malikdir. Bununla da, onurğa beyninin zədələnmə riskini kəskin minimallaşdırır. Bu implantat nevroloji travma və ya xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün yeni terapevtik imkanlar açır”.

Məruzəçinin sözlərinə görə, hələ ki, siçanlar üzərində tətbiq olunan implantatın yaxın gələcəkdə insanlar üzərində sınaqlarının aparılması nəzərdə tutulur.

C.Qurbanzadə nanotexnologiyaların tekstil sənayesinə tətbiqinin üstünlüklərindən də söz açdı. Bildirdi ki, geyimlərin səthinə nanohissəciklərin hopdurulması yolu ilə onlara ləkə düşməsi və ya yağışda islanmasının qarşısının alınması mümkündür. O, “Hidrofob” adlandırılan mayeli geyimlərin artıq kütləvi istehsalına başlanıldığını diqqətə çatdırdı.

Məruzəçi, həmçinin “Christie Medical Holdings”in təqdim etdiyi, infraqırmızı şüaların köməyilə insan bədənindəki qan damarları sistemini rəqəmsal şəkildə əks etdirən “VeinViewer” cihazından bəhs edərək bu qurğunun artıq tibb sahəsində geniş tətbiq olunduğunu vurğuladı. “Cihaz dəridən 10 mm dərinlikdə yerləşən damarları aydın şəkildə əks etdirir”, – deyə bildirən C.Qurbanzadə “VeinViewer”in pasiyentlərin dərində yerləşən qan damarlarını daha asan tapmağa kömək etdiyini söylədi.

Məruzə tədbir iştirakçılarının böyük marağına səbəb oldu.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı