İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri üzrə elmi tədqiqatlar davam etdiriləcək Yanvar 17, 2017 | 03:19 / Konfranslar, iclaslar

Bu barədə institutun 2 saylı şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev rəhbərlik etdiyi şöbənin 2017-ci il üçün fəaliyyət planı ilə bağlı çıxışı zamanı məlumat verib. Bildirib ki, il ərzində Böyük Verilənlər (Big Data) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, şöbədə kompüter şəbəkələrinin intellektual monitorinqi sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi də planlaşdırılır. İl ərzində paylanmış DoS-hücumların erkən mərhələdə aşkarlanması və qarşısının alınması üçün arxitektura və müvafiq metodların işlənilməsi nəzərdə tutulur­­.

Ötən il bulud texnologiyalarının informasiya təhlükəsizliyi sahəsində aparılan elmi tədqiqatlarda bir sıra mühüm nəticələrin əldə edildiyini qeyd edən Y.İmamverdiyev 2017-ci ildə bu istiqamətdə araşdırmaların daha da dərinləşdiriləcəyini vurğulayıb.

Məruzəçi bildirib ki, e-dövlətin e-imza infrastrukturu üçün hesablama resursları məhdud qurğularda yeni rəqəmsal imza alqoritmlərinin işlənməsi və praktiki reallaşdırılması da nəzərdə tutulan elmi-praktiki işlər arasındadır.

Botnetlərin kiber-hücum infrastrukturunun əsasını təşkil etdiyini vurğulayan alim bu baxımdan 2017-ci ildə nəzərdə tutulan botnetlərin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsinin olduqca aktual olduğunu qeyd edib: “Kiber-fiziki sistemlər 4-cü sənaye inqilabının əsas hərəkətverici qüvvəsidir və belə mürəkkəb sistemlərdə əsas problemlərdən biri informasiya təhlükəsizliyidir”.

O, şöbənin elmi-innovasiya fəaliyyəti ilə bağlı çıxış edərək bildirib ki, cari ildə AzScienceNet-in informasiya təhlükəsizliyi sahəsində fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcək. Həmçinin qrant layihələrin yerinə yetirilməsi üzrə işlər aparılacaq.

Şöbə müdiri bildirib ki, institutda magistratura pilləsi üzrə təhsil alan tələbələr üçün şöbədə bir sıra innovativ fənn proqramlarının işlənməsi və tədris olunması da nəzərdə tutulur.

Y.İmamverdiyev 2017-ci ildə şöbə əməkdaşlarının dünyanın nüfuzlu elmi jurnallarında məqalələrinin nəşri və beynəlxalq əməkdaşlığın inkişafının qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Sonda fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı