Proqram mühəndisliyinin elmi-nəzəri əsasları ilə bağlı tədqiqatlar aparılır Noyabr 29, 2016 | 01:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin 2016-cı il üçün hesabatını təqdim etdi. Elmi-tədqiqat fəaliyyəti, elmi seminar, konfrans və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, insanın irqi və etnik mənsubiyyətinin müəyyən olunmasında istifadə olunan həndəsi əlamətlərin qiymətlərinin əhəmiyyətini müəyyən edən əmsalların tapılması üçün yeni alqoritm təklif edilmişdir. Həmçinin antropologiya elm sahəsi üzrə mövcud metod və istiqamətlər araşdırılmışdır.

T.Kazımovun sözlərinə görə, cari ildə elektron tibbdə informasiya sistemlərinin yaradılması prinsipləri və pasiyentlərin elektron tibbi kartlarının tətbiqi məsələləri, eləcə də biometrik texnologiyaların elektron tibbdə tətbiqi imkanları araşdırılmış, onların üstün cəhətləri qeyd olunmuşdur.

Məruzəçi “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənməsi” və “İnsanın ovuc naxışları əsasında irqi və etnik mənsubiyyətinin müəyyən edilməsi” mövzuları üzrə araşdırmaların aparıldığını bildirdi.

Şöbədə proqram mühəndisliyinin elmi-nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması istiqamətində tədqiqatların aparıldığını söyləyən T.Kazımov qeyd etdi ki, proqramların etibarlılığının təmin edilməsi üçün mövcud riyazi modellər öyrənilmiş, proqram mühəndisliyində istifadə edilən standartlar, həmçinin süni intellekt əsasında işləyən və özü adaptə olunan sistemlərin yaradılması və yarana biləcək təhlükələr araşdırılmışdır.

Şöbə müdiri uşaq və yeniyetmələrin internet asılılığı və onun psixi təsiri məsələləri üzrə problemlərin tədqiq edildiyini bildirdi. Qeyd etdi ki, bu sahədə psixologiyanın əsasları mənimsənilmiş, internet asılılığı olan uşaq və yeniyetmələrin psixoloji qiymətləndirilməsi metodları üzrə təhlillər aparılmışdır.

Məruzəçi cari ildə şöbə əməkdaşlarının məqalələrinin nüfuzlu bazalarda indeksləşmiş jurnallarda çap olunduğunu diqqətə çatdırdı. O, həmçinin şöbədə elmi-innovasiya, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyət, elmi-praktiki nəticələrin КİV-də təbliği çərçivəsində yerinə yetirilmiş işlərdən danışdı.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı