Proqram təminatının verifikasiya və validasiyası məsələləri araşdırılıb Noyabr 22, 2016 | 11:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin proqram təminatının verifikasiya və validasiyası məsələlərinə həsr olunmuş elmi seminarı keçirildi.

Şöbənin əməkdaşları Tamilla BayramovaNuranə Abbasovanın həmmüəllif olduğu məruzəni N.Abbasova təqdim etdi. Bildirdi ki, müasir cəmiyyətin əsas elementlərindən biri olan informasiya texnologiyaları iqtisadi fəaliyyət və cəmiyyətin sosial və mədəni inkişafı üçün baza rolunu oynayaraq insanlara böyükhəcmli müxtəlif informasiya massivləri ilə işləmək imkanı verir.

İstənilən informasiya sisteminin aparat və proqram təminatından ibarət olduğunu söyləyən məruzəçi son illərdə proqram təminatının getdikcə mürəkkəbləşdiyini, yaradılan mürəkkəb sistemlərin proqram kodunun ölçülərinin on milyonlarla sətrə qədər artdığını diqqətə çatdırdı.

“Proqram təminatının mürəkkəbliyinin artması onda olan səhvlərin sayının çoxalmasına gətirib çıxarır”, – deyə bildirən T.Bayramova sınaqdan keçirilməyən proqram kodunun min sətrinə düşən səhvlərinin orta sayının 10-50 intervalında dəyişdiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, proqram təminatında olan ciddi səhvlər insan həyatının itirilməsinə və ya infrastruktur şəbəkələrinin işində böyük miqyaslı xətaların yaranmasına səbəb olur.  

Proqram təminatının işlənilmə prosesində proqram kodunun ekspertizasının aparılması haqqında məlumat verən məruzəçi bildirdi ki, 1962-ci ildə Mariner kosmik gəmisinin idarəetmə sistemində yaranan və gəminin itirilməsi ilə nəticələnən hadisədən sonra ABŞ hərbi-hava qüvvələrinin idarəetmə heyəti tərəfindən ekspertizanın aparılması qərara alınmışdır. O, həmçinin qeyd etdi ki, proqram təminatının keyfiyyət modeli üçün ilk standart olan “ISO 9126” 1991-ci ildə qəbul edilmişdir.

Proqram təminatının keyfiyyətinə zəmanət vermək üçün verifikasiya və validasiya metodlarından istifadə olunduğunu söyləyən məruzəçi bu üsullar arasında mövcud olan fərqli cəhətləri diqqətə çatdırdı. Bildirdi ki, verifikasiyanın məqsədi proqram təminatının həyat dövrünün müxtəlif mərhələlərində xətaların aşkar edilməsi,  yaradılan və ya müşayiət edilən proqram sisteminin kritik və səhvlərə daha çox meyilli olan hissələrinin tapılması, proqram təminatının işində marağı olan bütün şəxslərə layihənin cari vəziyyəti və onun nəticələrinin xarakteristikaları haqqında məlumatların verilməsidir: “Proqram təminatının verifikasiya metodları onun xüsusiyyətlərinin qoyulan tələblərə uyğun gəldiyini təsdiq etmək üçün nəzərdə tutulmuşdur. Proqram təminatının texniki vəziyyəti və iş qabiliyyətinin qiymətləndirilməsinə yönəlmiş verifikasiya metodlarına ekspertiza, statik analiz, dinamik və formal metodlar, o cümlədən bir neçə metodun birləşməsindən ibarət olan sintetik metod daxildir”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı