İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətləri genişlənib Oktyabr 10, 2016 | 09:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova  institutun Elmi Şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən layihələr və mərkəzin modernləşdirilməsi ilə bağlı məruzə edib.

R.Mahmudova bildirib ki, institutun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildən fəaliyyət göstərərək respublikanın doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu işini həyata keçirir. Eyni zamanda, doktorant və dissertantlar haqqında olan məlumatların monitorinqi əsasında təhlillər aparılır,  respublikada elmi kadr hazırlığının vəziyyətini təhlil etməyə imkan verən hesabatlar, məcmuələr hazırlanır. Bugünədək Mərkəzdə 15 mindən artıq doktorant və dissertant üçün kurslar təşkil olunmuş və imtahan qəbul olunmuşdur.

Məruzəçi Tədris-İnnovasiya Mərkəzində tədrislə bilavasitə bağlı olan bir sıra mövzularda elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. Buraya informasiya mədəniyyətinin formalaşması problemləri, intellektual oyunların İnformatika fənninin tədrisinə inteqrasiyası, uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi və s. istiqamətdə aparılan araşdırmaları aid etmək olar.

Qeyd edib ki, Tədris-İnnovasiya Mərkəzində həmçinin distant tədris texnologiyalarından geniş istifadə olunur. Naxçıvan MR-da, Gəncə və ətraf rayonlarda yaşayan doktorant və dissertantlar üçün dərslər distant formada aparılır, onların öz yaşayış yerlərini tərk etmədən İnformatika fənni üzrə təşkil olunan onlayn dərslərdə iştirak etməsi üçün hər cür şərait yaradılıb. Bu ilin yanvar ayından etibarən isə AMEA prezidentinin müvafiq sərəncamına əsasən artıq imtahanlar da test texnologiyaları əsasında İnternet üzərindən həyata keçirilir.  

Mərkəzin fəaliyyət istiqamətlərindən biri də AMEA-nın magistraturasında təhsil alan tələbələrin dərs və imtahanlarının təşkilidir. AMEA prezidenti, akademik Akif Əlizadənin 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə magistrantlar üçün ümumi fənnlərin tədrisi və bu fənnlər üzrə imtahanların qəbulu bizim instituta tapşırılmışdır.

AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfədən qəbul imtahanı, o cümlədən doktorant və dissertantların fəlsəfədən doktorluq imtahanları elektron test üsulu ilə İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir. AMEA-nın elmi müəssisələrinin doktorant və dissertantlarının ixtisas imtahanlarının qəbulunun da test texnologiyaları əsasında keçirilməsi üçün Akademiya prezidentinin müvafiq sərəncamı vardır. Sərəncama əsasən, bu prosesin həyata keçririlməsinə dəstək göstərilməsi işləri İnformasiya Texnologiyaları İnstitutuna tapşırılmışdır. İnstitutların xeyli hissəsində artıq imtahanların elektron test üsulu ilə keçirilməsi üçün əməkdaşlarımız tərəfindən lazımi avadanlıqlarla təminat, onların quraşdırılması, lokal şəbəkənin yaradılması ilə bağlı məsləhətlər verilmiş, proqram təminatı və test sistemi kompüterlərə yazılmış,  test sisteminin istifadəsi ilə bağlı AMEA-nın bu işə məsul əməkdaşlarına təlimat verilmiş, onlar üçün treyninqlər keçirilmişdir.

Bu işlərlə yanaşı, Tədris-İnnovasiya Mərkəzində müxtəlif innovativ layihələr həyata keçirilir, müraciət edən müəssisə və təşkilatların əməkdaşları üçün kurslar təşkil edilir. İnformatika və proqramlaşdırma üzrə tələbələr arasında keçirilən Ümumrespublika Olimpiadasının, məktəblilər arasında keçirilən İnformatika Layihə Olimpiadasının təşkilatçılarından biri olduğumuz üçün bu işlərdə də yaxından iştirak edirik.

Sonda R.Mahmudova Tədris-İnnovasiya Mərkəzinin fəaliyyət istiqamətlərinin xeyli genişləndiyini, bu səbəbdən Mərkəzin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə struktur dəyişikliklərinin edilməsi, yeni şöbə və ya sektorların yaradılması zərurətinin yarandığını diqqətə çatdırıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı