“Science 2.0: məqsədi, imkanları və təsir mexanizmləri” mövzusunda məruzə dinlənilib İyul 08, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Təhmasib Fətəliyev İKT-nin, xüsusilə Veb 2.0 texnologiyasının inkişafının, davam etməkdə olan rəqəmsallaşma fenomeninin Elm 2.0 (Science 2.0), Açıq elm (Open Sciense), Təhsil 2.0 (Education 2.0), Kitabxana 2.0 (Library 2.0) və s. kimi yeni anlayışlar yaratdığını qeyd edib. Bildirib ki, bu anlayışlar İKT-nin, məhz Veb 2.0 texnologiyasının tətbiqi ilə elmi mübadilə və əməkdaşlıq prinsiplərinə əsaslanan fəaliyyət növləri ilə xarakterizə olunur. O, seminarda e-elmin formalaşmasında mühüm rol oynayan Science 2.0-ın müzakirəyə çıxarıldığını söyləyib.

Sonra məruzəni təqdim edən şöbənin əməkdaşı Ülviyyə İsmiyeva Science 2.0-ın tərkib hissələri, onun inkişafını sürətləndirən amillər, tədqiqat sistemlərinə və tədqiqatçılara təsiri və s. haqqında ətraflı məlumat verib. Veb 2.0-ın əsas xüsusiyyətlərindən söz açan məruzəçi onun texnoloji baza və generator kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Onun sözlərinə görə, Science 2.0 elmi fəaliyyətdə İKT-nin, xüsusən Veb 2.0-ın tətbiqi ilə elmi əməkdaşlığın yeni prinsiplərini inkişaf etdirir, sosial medianın imkanlarından elmi-tədqiqat və nəşr proseslərində geniş istifadəni dəstəkləyir.

Ü.İsmiyeva Science 2.0-ın alternativ qiymətləndirmə sistemləri, açıq biblioqrafiya bazası, elmi bloqlar, vətəndaş elmi kimi bir sıra tərkib hissələrindən ibarət olduğunu söyləyib. Bildirib ki, tədqiqat fəaliyyətinin təkamülü, yeni elmi qurumların yaranması və inkişafı, tədqiqatçıların sayının sürətlə artması, rəqəmsal texnologiyaların geniş imkanları, qlobal və əhəmiyyətli problemlərin həll edilməsinin zəruriliyi, tədqiqatçıların İKT biliklərinin artması Science 2.0-ın inkişafını sürətləndirən amillərdəndir.

Science 2.0 tədiqatçılara elmi nəşrlərə açıq giriş, informasiyadan asan istifadə, bilikləri paylaşmaq, tədqiqat nəticələrinin qiymətləndirilməsi üçün yeni alternativ vasitələrin inkişaf etdirilməsi, eləcə də qlobal elmi şəbəkələrdə işləmək üçün geniş imkanlar yaradır. Bu, elmi kəşflərin sürətlənməsi və əməkdaşlıq yolu ilə elmi missiyaların təkmilləşdirilməsini asanlaşdıracaq.

Məruzəçi qeyd edib ki, Science 2.0-ın beynəlxalq səviyyədə inkişafı ilə bağlı müzakirələr əksər hallarda onun ayrı-ayrı elementləri üzərində aparılır. Tədqiqat Qiymətləndirilməsi üzrə San-Fransisko Bəyannaməsində (2012-ci il) elmi-tədqiqat nəticələrinin qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsinin zəruriliyi qeyd olunub. Avropa Birliyinin bu sahədə əsas hədəfi tədqiqatçıların, bilik və texnologiyanın sərbəst dövr etdiyi Avropa Tədqiqat Məkanına nail olmaqdır. Bununla da siyasi və struktur islahatları çərçivəsində məhdud resurslardan daha səmərəli istifadə etməyə və tədqiqatlara investisiya qoyuluşunun artırılmasına şərait yaratmaqdır. Eyni zamanda, tədqiqatçılar üçün açıq əmək bazarının yaradılması və tədqiqatlarda  gender bərabərliyinə və istiqamətliliyə nail olunması, elmi biliklərin optimal dövriyyəsi əsas götürülür. Açıq şəkildə maliyyələşdirilən bilik tədqiqatçılar və özəl sektor üçün açıq olmalıdır ki, biliklərin zənginləşdirilməsi, regional uyğunsuzluqların azaldılması və ictimai problemlərin innovativ həllərinin tanıdılması mümkün olsun.

“Maarifləndirmə işlərinin aparılmaması, prosesin stimullaşdırılmaması, maliyyə problemi, keyfiyyətinin qiymətləndirilməsinin tam təminatının olmaması, elmin qiymətləndirilməsinə vətəndaşların cəlb olunmaması, yanlış nəticə qorxusu və s. kimi məsələlər Science 2.0-ın inkişafını ləngidir”, – deyə Ü.İsmiyeva qeyd edib.

Onun sözlərinə görə, Science 2.0 elmi fəaliyyətdə şəffaflığın təmin olunmasına, onlayn birgə elmi əməkdaşlığın sürətli inkişafına, elmi-tədqiqatların keyfiyyətinin yüksəlməsinə, elmi idarəetmədə qərarların qəbuluna, elmi nəticələrin sürətlə yayılmasına, qlobal elmi məkanın formalaşmasına, elmi və vətəndaş cəmiyyətlərinin qarşılıqlı əlaqələrinin inkişafı ilə cəmiyyətin yeni keyfiyyətdə inkişafına dəstək olacaq.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı