Kompüter tərcüməsi və xarici dillərin öyrədilməsi sistemlərinin yaradılması problemləri müzakirə olundu İyul 04, 2016 | 10:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin növbəti elmi seminarı keçirildi.

“Kompüter tərcüməsi və xarici dillərin öyrədilməsi sistemləri: mövcud yanaşmalar, problemlər və həlli istiqamətləri” mövzusunda məruzəni təqdim edən şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Zərifə Quliyeva kompüter tərcüməsi və öyrədici sistemlər, onların yaradılması texnologiyaları və institutda bu sahədə aparılan elmi-tədqiqatlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, milli dilin statusunun yüksəlməsi iqtisadi və siyasi maneələrlə yanaşı, təbii dil maneələrinin də aradan qaldırılmasını nəzərdə tutur. Qloballaşma və Azərbaycanın dünya iqtisadi, təhsil, elm və s. mühitinə inteqrasiyası müxtəlif təbii dillərin informasiya-kommunikasiya texnologiyaları (İKT) vasitəsilə öyrədilməsinə və kompüter lüğətlərinin yaradılmasına tələbatın artmasına səbəb olmuşdur. Bu isə öz növbəsində, ölkəmizdə kompüter leksikoqrafiyası, maşın tərcüməsi, mətnlərin avtomatik emalı və kompüter öyrədici sistemlər kimi elmi istiqamətlərin inkişaf etdirilməsinə zərurət yaratmışdır.

Məruzəçinin sözlərinə görə, problemin aktuallığı nəzərə alınaraq şöbədə artıq bir neçə ildir ki, bu istiqamətdə tədqiqatlar aparılır və bir sıra nəticələr əldə olunmuşdur. Belə ki, 2008-2011-ci illərdə aparılan tədqiqatlar nəticəsində ingilis və Azərbaycan dillərinin morfoloji, sintaktik və semantik sistemlərinin müqayisəli analizinə və avtomatik lüğətə daxil etmək üçün tədqiq olunan dillər cütlüyünün formal əlamətlərinin seçilməsinə əsaslanan avtomatik lüğətin optimal strukturunun qurulması metodikası işlənmişdir. Tərcümənin adekvatlığını artıran müxtəlif nitq hissələrinin lüğəvi vahidlərində lüğət və linqvistik informasiyanın təqdim olunması metodu, eləcə də verilənlər bazası kimi istifadə olunan avtomatik lüğətin tətbiqi ilə maşın tərcüməsini dəstəkləyən ekspert sistemin arxitekturası təklif edilmişdir. 2011-2013-cü illərdə maşın tərcüməsi sistemində olan avtomatik lügətin verilənlər bazasının genişləndirilməsi və İKT mütəxəssisləri üçün ikidilli situasiyada (Azərbaycan-ingilis və ingilis-Azərbaycan) elektron lüğətin yaradılması məqsədilə tədqiqatlar aparılmışdır.

Hazırda tədqiqatların davamı kimi çoxfunksiyalı kompüter linqvistik sisteminin yaradılması və ikidilli situasiyada elektron lüğətin işlənilməsini təmin edə biləcək tezaurus texnologiyasına əsaslanan verilənlər bazasının yaradılması və avtomatlaşdırılması təklif olunur. Seminarda ingilis dilinin tədrisi məqsədilə elektron öyrədici sistemin modelinin əsas iş prinsipləri və modulları müzakirə olundu, bu istiqamətdə tədqiqatların davam etdirilməsi tövsiyə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı