Data Science müxtəlif xəstəliklərin daha effektiv müalicəsində mühüm rol oynayır May 20, 2016 | 03:00 / Konfranslar, iclaslar

Böyük həcmdə məlumatların toplanılması, saxlanılması, emalı və analizi müasir cəmiyyətin fərqləndirici xüsusiyyətlərindəndir. Bu xüsusiyyətlər maşın təlimi və mühəndislik, iqtisadiyyat və tibb kimi bir çox sahələrə aiddir. Rəqəmsal informasiyanın sürətlə artması nəticəsində verilənlərin mövcud emalı texnologiyalarına və faydalı informasiyanın çıxarılmasına yeni tələblər yaranır. Bu çağırışlara cavab olaraq yaranmış Big Data texnologiyaları sürətlə inkişaf edərək bütün fəaliyyət sahələrini əhatə etməkdədir.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Hicran Gözəlova 1 saylı şöbənin elmi seminarında çıxışı zamanı bildirib.

“Data Science və onun tibbi ixtisaslar üzrə proyeksiyaları” mövzusunda məruzəni təqdim edən H.Gözəlova qeyd edib ki, son onillikdə səhiyyə sahəsində verilənlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Analitiklərin hesablamalarına görə, səhiyyədə yaradılan rəqəmsal verilənlər dünyada verilənlərin təqribən 30 faizini təşkil edir. Dünya əhalisinin sayının durmadan artması, onların uzun və sağlam ömür sürməsi üçün təklif olunan model və proqramların əsasını da məhz Big Data təşkil edir. “Big Data” termini 1 terabaytdan zettabaytlara qədər mürəkkəb strukturlu, müxtəlif tip, yüksəksürətli, böyük həcmli verilənlər toplusuna aiddir.

Məruzəçi Big Datanın qarşılıqlı əlaqəli verilənlər toplusunun analizi nəticəsində insan səhhətindəki təhlükələri analiz etməyə, epidemiyaları proqnozlaşdırmağa, xəstəlikləri müalicə etməyə və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün zəruri olan məlumatı əldə etməyə imkan verdiyini söyləyib. Bildirib ki, yeni nəzəriyyələr və üsullar, analitik alətlər həkimlərə və alimlərə böyük verilənlərdə gizli biliklərin aşkarlanmasında kömək edə bilər ki, bu da verilənlər haqqında elmin əsasını təşkil edir.

Böyük həcmli verilənlərin toplanması, emalı, onlardan gizli biliklərin aşkarlanmasına imkan yaradan elm sahəsinin “Data Science” adlandırıldığını diqqətə çatdıran H.Gözəlovanın sözlərinə görə, “Data Science” termin kimi  ilk dəfə 1960-cı illərdə Danimarka alimi Peter Naur tərəfindən səsləndirilmiş, fənn kimi isə ötən əsrin 60-cı illərindən formalaşmağa başlamışdır. Lakin termin 1990-cı illərdə geniş istifadə olunmağa başlamış və 2000-ci illərin əvvəllərindən hər kəs tərəfindən qəbul edilmişdir. Təsadüfi deyil ki, 1966-cı ildə Elm və Texnika üçün Məlumat Komitəsi (CODATA – International Council for science: Committee on Data for Science and Technology) təsis edilmişdir.

“Data Science-in əsas məqsədi verilənlərdə öncədən məlum olmayan qanunauyğunluqların tapılması və biliklərin aşkarlanmasıdır. Bəzən datalogiya (datalogy) adlandırılan bu akademik sahə informatikanın bir bölməsi olmaqla, rəqəmsal verilənlərin emalı, analizi və təqdim olunması problemlərini öyrənir”.

Məruzəçinin sözlərinə görə, səhiyyə sahəsində bilikləri aşkarlayan elm “Heath Data Science” adlandırılır. Bu elm sahəsi pasiyent haqqında toplanmış böyük həcmli verilənlərin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə sistemə yerləşdirilməsinə və oradan faydalı informasiyanın çıxarılması ilə düzgün qərarlar qəbul edilməsinə imkan verir. Data Science sağlamlığa qarşı hər hansı təhlükədən qorunmaq, müxtəlif xəstəliklərin qarşısının alınması və daha effektiv müalicəsində mühüm rol oynayır.

“Elmdə multidissiplinar sahələrin artması, Big Data texnologiyalarının bütün fəaliyyət sahələrinə, o cümlədən tibbə nüfuz etməsi nəticəsində müvafiq sahələr üzrə peşəkar kadrların hazırlanması məqsədilə Data Science proqramlarının tədrisinə tələbat artmışdır”, – deyə bildirən H.Gözəlova sözügedən akademik fənnin bir sıra Amerika və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif səviyyələrdə tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycanda da Data Science-in tədqiqi istiqamətində aparılan araşdırmaların dərinləşdirilməsi və Data Science fənninin tədrisinin zəruriliyini qeyd edib.

Sonra mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı