Elektron tibbə dair terminologiyanın formalaşması problemləri araşdırılıb May 23, 2016 | 02:00 / Konfranslar, iclaslar

Son onillikdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafında baş verən irəliləyiş cəmiyyət həyatının müxtəlif sferalarında keyfiyyətli dəyişikliklərə səbəb olub. XXI əsr informasiyalaşma ilə xarakterizə olunur. Son zamanlar “elektron cəmiyyət”, “elektron hökumət”, “elektron xidmət” kimi terminlər geniş tətbiq olunur. Sosial sferanın bir hissəsi olan səhiyyə sahəsində də informasiyalaşma gedir. Tibb sahəsində İKT-nin tətbiqi tarixini uyğun metodların işarələnməsi üçün istifadə edilən terminlərin tədrici inkişafı ilə izləmək olar.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova 16 saylı şöbənin elmi seminarında çıxışı zamanı bildirdi.

“Elektron tibbə dair terminologiyanın formalaşması problemləri” mövzusunda məruzəni təqdim edən Ə.Qurbanova elektron səhiyyə sahəsində terminologiyanın təkamül tarixi və elektron tibbi kartla əlaqəli termin və anlayışlar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, tarixin müxtəlif mərhələlərində səhiyyədə İKT-nin tətbiqi imkanları informasiya, telekommunikasiya və tibb texnologiyalarının vəziyyəti ilə təyin olunur. İKT-nin səhiyyədə tətbiqinin ilk nümunələri radio, telefon, teleqraf, teletayp və televiziyanın istifadəsi ilə əlaqəlidir, uyğun terminologiya məhz bu ixtiralardan bir qədər sonra meydana gəlib.

Onun sözlərinə görə, 1905-ci ildə Nobel mükafatı laureatı, fiziologiya üzrə professor Vilhelm Einthoven (Hollandiya, Leydenski Universiteti) tərəfindən ilk dəfə telefon vasitəsilə elektrokardioqramın ötürülməsi üsulu reallaşıb və müəllif tərəfindən “telekardioqrafiya” adlandırılıb.

Sektor müdiri XX əsrin 20-30-cu illərində Hollandiya, Norveç, İsveç və İtaliyada inkişaf edən radio vasitəsilə telekonsultasiyanın aparılması üçün “teleqnoziya” (telegnosis) termininin, ötən əsrin 40-cı illərində isə tibb işçiləri üçün distant tədrisin aparılması zamanı ilk dəfə “tibbi televiziya” (medical television) anlayışının tətbiq olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, tibdə telekommunikasiya texnologiyalarının istifadəsilə yeni dar çərçivəli istiqamətlərin yaranması nəticəsində “telepsixiatriya”, “telediaqnostika”, “teleradiologiya” kimi terminlər daxil edilib. Ötən əsrin 70-ci illərində distant konsultativ tibbi köməyin işarələnməsi üçün “teletibb” termini istifadə olunub. Sonrakı inkişaf dövründə teletibbin xüsusi istiqamətlərinin göstərilməsi üçün “telekardiologiya”, “teleradiologiya”, “telepatologiya” və s. kimi anlayışlar tətbiq olunub.

“XXI əsrdə səhiyyədə İKT-nin geniş tətbiqi informasiya cəmiyyəti quruculuğu kontekstində baş verir. Son onillikdə İKT-nin səhiyyədə tətbiqinə aid terminologiya inkişaf etmişdir. Hazırkı dövrdə daha ümumi termin “elektron səhiyyə” terminidir. Elektron səhiyyə əhalinin sağlamlığının qorunması məsələlərinin həllinə yönələn, tam əhatəli sənəd dövriyyəsi əsasında həyata keçirilən, personal tibbi verilənləri özünə daxil edən, bütün informasiyaya operativ əlyetərliliyi təmin edən, onların həkimlə birgə distant analiz imkanlarını təqdim edən və teletibb texnologiyaları əsasında həkim-pasiyent əlaqələrini təmin edən sistemdir”.

Məruzəçinin sözlərinə görə, elektron səhiyyə geniş anlayışdır və sağlamlığın qorunması ilə əlaqədar informasiya, resurs və xidmətlərin təqdimatı məqsədilə elektron vasitələrin istifadəsi kimi müəyyən olunur. Elektron səhiyyədə çoxsaylı terminlər istifadə olunur: elektron tibbi kart, mobil səhiyyə, telesəhiyyə və teletibb, sağlamlığın qorunması məsələlərinə toxunan elektron tədris, sağlamlığın maraqları baxımından sosial şəbəkələr, səhiyyənin verilənlərinin analizi və “böyük verilənlər”.

Ə.Qurbanova qeyd etdi ki, elektron tibb tibb sahəsində xidmətin göstərilməsi prosesinin bütün iştirakçılarının marağında olan informasiya mübadiləsi üzrə xidmətin təşkil edilməsi və göstərilməsi üçün kompleks informasiya-kommunikasiya texnologiyaları və vasitələridir. Elektron tibbi xidmət İKT-nin tətbiqi ilə tibbi informasiyanın ünvanlı yayılması və distant tibbi xidmətin göstərilməsidir. Elektron tibbi texnologiyalar səhiyyə sahəsində İKT vasitəsilə teletibb texnologiyaları, distant tədris, distant elmi fəaliyyət və idarəetmənin həyata keçirilməsidir. Elektron tibbi xidmətin göstərilməsi sistemi elektron tibbi xidmətin göstərilməsi üçün informasiya-kommunikasiya resurslarının yaradılması prosesidir.

Tibbi informatika sahəsində anlayışlar sisteminin hələ kifayət qədər dayanıqlı olmadığını diqqətə çatdıran məruzəçi bildirdi ki, mütəxəssislər çoxsaylı terminlərdən istifadə edirlər, onların izahı və tərifi isə hər zaman eyni cür anlaşılmır.

“Beynəlxalq terminlərin tərcüməsi zamanı yalnız linqvistik dəqiqlik deyil, həm də ölkədə ümumi qəbul edilən terminlərə uyğunluğa da nail olmaq lazımdır. Bu problemlə bağlı Rusiyada anlayışlar və onların beynəlxalq terminlərlə qarşılığının razılaşdırılması üçün milli standartlar işlənilmişdir. Bu problem Azərbaycan üçün də xarakterikdir”, – deyə Ə.Qurbanova qeyd etdi.

Məruzəçi həmçinin elektron tibbi kartla əlaqəli termin və anlayışlar, fərdi elektron tibbi kart, elektron tibbi arxiv, elektron tibbi sənəd, inteqrasiya olunmuş elektron tibbi kart və s. barədə geniş məlumat verdi.

Onun sözlərinə görə, hazırda həkimlərin professional fəaliyyətlərini bir pedaqoq kimi və təcrübədə necə həyata keçirdiklərini təsvir etmək üçün “elektron tibb” terminindən istifadə olunur. Bu, biologiya və texnologiyanın bir növ vəhdətidir – proqram təminatları və qurğular olan smartfonlar, veb-saytlar, sosial media və digər veb-alətlərin istifadəsidir və tibbi-sanitar yardımın yaxşılaşdırılması üçün insan və biliyin birləşdirilməsi məqsədini daşıyır.

“Azərbaycanda elektron səhiyyə, elektron tiblə bağlı terminlər sistemi tam formalaşmayıb, bu sahədə terminlərin toplanması və sistemləşdirilməsi, lüğət şəklində təqdim edilməsi zəruridir. Eyni zamanda, elektron tiblə bağlı terminlər və onların beynəlxalq terminlərlə qarşılığının razılaşdırılması, qəbul edilməsi üçün milli standartlar işlənilməlidir”, – deyə bildirən Ə.Qurbanova institutda elektron elm çərçivəsində terminoloji informasiya sisteminin konseptual modeli və veb-portalının işlənildiyini diqqətə çatdırdı. Elektron tibb sahəsində toplanmış terminlərin veb-portala daxil edilməsi ilə bu sahədə çalışan alim və mütəxəssislərin lazımi informasiya ilə təmin olunmasına böyük imkanlar yaranacağına əminliyini ifadə etdi.

Sonda Ə.Qurbanova təqdim olunan araşdırmaların Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1) maliyyə dəstəyi ilə yerinə yetirildiyini diqqətə çatdırdı.

Sonra mövzu ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı