Böyük həcmli tibbi verilənlərin analitikasının imkanları müzakirə olunub May 23, 2016 | 04:00 / Konfranslar, iclaslar

Bu gün dünyada bir çox sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük həcmli verilənlərin rəqəmsallaşdırılması meylləri müşahidə olunur. Böyük həcmli verilənlər xərclərin azaldılması ilə yanaşı, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi üçün geniş spektrli tibbi funksiyalar, o cümlədən qərarların qəbulunun klinik dəstəklənməsinə, xəstəliklərin monitorinqinə və əhalinin sağlamlığının idarə edilməsinə şərait yaradır.

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin elmi seminarında çıxış edən institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova bildirdi.

“Böyük həcmli tibbi verilənlərin analitikası: mövcud problemlər və imkanlar” mövzusunda məruzəni təqdim edən R.Qasımova səhiyyədə Big Data mənbələri, səhiyyə sahəsində böyük verilənlərin analizi problemləri və bu sahədə böyük verilənlərin analitikasının imkanları haqqında ətraflı məlumat verdi.

Məruzəçi qeyd etdi ki, səhiyyədə təyinatına görə böyük verilənlər çox böyük sürətlə müxtəlif mənbələrdən və müxtəlif formatlarda toplanan verilənlərə aiddir. Eyni zamanda səhiyyədə toplanan böyük həcmli verilənlərdən çox kiçik zamanda böyük sürətlə analiz aparmaqla bilik əldə etmək və analizin nəticələrini təqdim etmək aktual problemlərdən biridir.

Məruzəçi statistik rəqəmlərə nəzər salaraq bu sahədə ABŞ təcrübəsindən danışdı. Bildirdi ki, statistik məlumatlara əsasən, ABŞ-ın səhiyyə sistemində verilənlərin həcmi 2011-ci ildə 150 ekzabayta çatmışdır.

Səhiyyədə istifadə olunan Big Data mənbələrindən danışan R.Qasımova bu mənbələrə maşınlar vasitəsilə yaradılan verilənlərin, biometrik, insanın generasiya etdiyi verilənlərin və veb və sosial media verilənlərinin, o cümlədən böyük verilənlərlə razılaşmaların daxil olduğunu bildirdi. Onun sözlərinə görə, böyük verilənlər axınını analiz etmək üçün bütün mümkün parametlərin qeydiyyatı və bütün yazıların elektron formaya keçirilməsi, həmçinin informasiyanın müxtəlif klinikalardan vahid verilənlər bazasına toplanmasının təmin edilməsi vacib şərtdir.

“Big Data mənbələrinin əsas hissəsini özündə son dərəcə faydalı informasiya saxlayan, adi relyasiya bazalarının emal etmək imkanına malik olmadığı yüzlərlə terabayt və ekzabayt həcmində strukturlaşdırılmamış və qismən strukturlaşdırılmış verilənlər təşkil edir”, – deyə bildirən sektor müdiri qeyd olunan informasiyanın toplanması və saxlanması, axtarışı, təhlükəsizliyi, analizi kimi məsələlərin həlli məqsədilə yeni alətlərin yaradılmasına böyük ehtiyac duyulduğunu vurğuladı.

Bu sahədə mövcud problemlərdən danışan məruzəçi qeyd etdi ki, səhiyyədə yüzlərlə terabayt və ekzabayt həcmində böyük verilənlərin mövcud metodologiyalar və ya alətlərlə toplanması, idarə edilməsi, saxlanılması və onlardan faydalı informasiyanın əldə edilməsi kimi problemlərə xüsusi diqqət yetirilməlidir: “Strukturlaşdırılmış və strukturlaşdırılmamış informasiya ilə işləmək, daha dərin intellektual analiz aparmaq və analizin nəticələrini vizuallaşdırılmaq böyük verilənlərin analitikasının əsas məsələlərindəndir. Verilənlərin həcminin artması və real zamanda onların analizinə olan tələbat böyük verilənlərin analitikası (Big Data Analytics) istiqamətinin yaranmasına gətirib çıxarmışdır”.

R.Qasımova səhiyyə sahəsində böyük verilənlərin analitikasının klinik və iqtisadi effektli müalicə metodlarının müəyyənləşdirilməsi üçün pasiyentin xarakteristikalarının analizi, həyat tərzi dəyişən pasiyentlərin effektiv şəkildə aşkarlanması üçün qabaqcıl analitik vasitələrin tətbiqi, profilaktikanın dəstəklənməsi üzrə proqnostik tədbirlərin və təşəbbüslərin aşkarlanması üçün xəstəliyin geniş miqyaslı profilaktikası, tibbi prosedurlar haqqında verilənlərin toplanması və nəşri, real vaxt rejimində iddiaların həlli və s. kimi imkanlara malik olduğunu diqqətə çatdırdı.

Onun sözlərinə görə, hazırda səhiyyə təşkilatları tərəfindən böyük verilənlərin rəqəmsallaşdırılması, birləşməsi və effektiv istifadəsi bir çox üstünlüklər əldə etməyə imkan verir. Bunlara xəstəliklərin daha asan və effektiv şəkildə müalicə olunması üçün onların erkən aşkara çıxarılması, şəxslərin və əhalinin sağlamlığının idarə olunması və səhiyyədə möhtəkirlik faktlarının daha tez, effektiv aşkarlanmasını aid etmək olar. Məruzəçi, həmçinin səhiyyə sahəsində böyük verilənlərin analitikasından istifadənin isbatedici tibb, genom analitikası, məsafədən monitorinq, pasiyent profilinin analitikası kimi sahələrin inkişafına öz töhfələrini verəcəyini söylədi.

Big Data ideologiyasının tətbiqi üzrə görülən işlər barədə məlumat verən R.Qasımova qeyd etdi ki, yazıların elektron daşıyıcılara köçürülməsi, tibbi informasiya sistemlərində toplanan məlumatların Big Data analizi vasitəsilə müalicə prosesinin optimallaşdırılması, poliklinikalara təhkim olunmuş əhali kontingenti üzrə informasiyanın yerli bazarların lazımi dərmanlarla zəmanətli təmin edilməsi məqsədilə dərman istehsalçılarına təqdim edilməsi və s. istiqamətində işlər həyata keçirilib.

Gələcəkdə böyük verilənlərin analitikasından səhiyyə sisteminin bütün sahələrində geniş tətbiqi və istifadəsinin nəzərdə tutulduğunu bildirən R.Qasımova bu sahədə mövcud olan bir sıra problemləri həllinin vacib məsələlərdən olduğunu qeyd etdi: “Böyük verilənlərin analizində şəxsi həyatın toxunulmazlığı, təhlükəsizliyin təminatı, standartların və idarəetmə sistemlərinin qurulması, həmçinin təkmilləşdirilmiş alət və texnologiyaların istifadəsinə xüsusi diqqət yetirmək vacibdir. Hazırda səhiyyə sahəsində böyük verilənlərin analizi və tətbiqləri ilkin inkişaf mərhələsindədir, lakin platforma və alatlərin tərəqqisi ilə təkmilləşmə prosesinin sürətlənməsinə nail olmaq mümkündür”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı