İnstitutun şöbə müdiri “Gənclər və elmi innovasiyalar” konfransında iştirak edib May 04, 2016 | 10:59 / Konfranslar, iclaslar

Mayın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Gənclər və elmi innovasiyalar” mövzusunda respublika elmi-texniki konfransı keçirildi.

Konfrans iştirakçıları öncə universitetdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə tanış oldu, ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzdü, xatirəsini ehtiramla yad etdilər.

Sonra universitet rəhbərliyi və qonaqlar aprel ayında cəbhədə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan, AzTU-nun şəhid məzunlar üçün yaradılan guşəsi ilə tanış oldu və şəhidlərin xatirəsinə ehtiramlarını bildirdilər.

Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsindən, gənclərin inkişafına göstərilən dövlət qayğısından danışdı. Ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən rektor ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin təhsilinə, hərtərəfli inkişafına diqqət və qayğısını xüsusi vurğuladı.

Rektor qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aydındır ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən çox asılıdır. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindəndir. Bildirildi ki, son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.

H.Məmmədov vurğuladı ki, müstəqilliyimizin əbədi olması, torpaqlarımızın azad edilməsi sahəsində gənclərimizin üzərinə böyük vəzifələr düşür. Gənclərimiz təhsildə müvəffəqiyyət qazanmaqla yanaşı, vətənin layiqli övladları kimi yetişməlidirlər. Çünki Azərbaycanın uğurlu gələcəyi bu günün fəal gənclərindən asılıdır.

Konfransın plenar iclasında “Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti”, “Virtual iş yeri infrastrukturunun qurulması”, “Zireh dələn yandırıcı gülləli patronun layihələndirilməsi” və “İnvertor” proqramı vasitəsilə kompüter modelinin qurulması” mövzularında məruzələr dinlənildi.

Qeyd edək ki, tədbirdə iştirak edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev konfrans iştirakçıları ilə aparılan birgə müzakirələrdə İnformasiya Texnologiyaları İnstitutunda tədqiq edilən innovasiya və biliklər iqtisadiyyatının formalaşması problemləri, institutda yerinə yetirilən innovativ xarakterli digər tədqiqatlar və perspektiv işlər, həmçinin yaradıcı gənclərə göstərilən diqqət və qayğı barədə də məlumat verdi.

Daha sonra konfrans işini “Avtomatika və kompyuter texnikası”, “Radiotexnika və rabitə”, “Elektrotexnika və energetika”, “Mühəndis biznesi və menecment” və s. kimi digər bölmələr üzrə davam etdirdi.

Bölmə iclasında İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Roza Şahverdiyevanın, institutun əməkdaşı Leyla Əkbərovanın AzTU-nun ekologiya ixtisası üzrə tələbəsi Məleykə İbişova ilə birlikdə konfransa təqdim etdikləri “Effektiv informasiya mühitinin formalaşmasının sosial-ekoloji problemləri” mövzusunda məruzə maraqla qarşılandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı