İnstitutun nümayəndə heyəti kosmik şüaların tədqiqinə həsr olunmuş seminarda iştirak edib Aprel 11, 2016 | 05:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti aprelin 11-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında keçirilən kosmik şüaların tədqiqinə həsr olunmuş seminarda iştirak edib.

Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov ABŞ-ın Merilend Universitetindən dəvət olunmuş akademik Roald Saqdeevin və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi Tədqiqat İnstitutunun direktoru, professor Mixail Panasyukun kosmik tədqiqatlarla bağlı elmi fəaliyyətlərindən söz açıb.

Akademik R.Saqdeev bildirib ki, son illər alimlərin qarşısında duran mühüm vəzifələrdən biri də kosmosun, kosmik şüaların tədqiqi, onun Yer planetinə və insanlara təsirinin daha dərindən öyrənilməsidir. Rusiya və digər xarici ölkələrdə yeni nəsil texnika və xüsusi cihazların yaradılması da bu sahədə aparılan tədqiqatlarda əhəmiyyətli rol oynayıb. Alim nəzərə çatdırıb ki, Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi Tədqiqat İnstitutunun bu istiqamətdə gördüyü məqsədyönlü işlərlə beynəlxalq ictimaiyyət də yaxşı tanışdır. İnstitut hazırda da kosmik şüaların astrofizikası sahəsi üzrə elmi işlərini davam etdirir və mühüm nailiyyətlərə imza atıb.

Professor M.Panasyuk çıxış edərək rəhbərlik etdiyi qurumun kosmosun astronomiya, astrofizika, kosmik fizika, astrobiologiya, kosmik biologiya və digər sahələr üzrə elmi-tədqiqatlar apardığını vurğulayıb. Bildirib ki, hazırda dünya alimlərini düşündürən əsas problemlərdən biri də kosmik şüalar və onların təsir qüvvəsidir. Bu şüalar böyük enerjiyə malik hissəciklər olmaqla, digər qalaktikalarda da müşahidə edilib. Lakin xoşbəxtlikdən belə şüalar Yer kürəsinə daxil ola bilmir, çünki Yerin maqnit sahəsi və atmosfer buna mane olur.

M.Panasyuk qeyd edib ki, institutun mütəxəssisləri kosmosun daha yaxından öyrənilməsi məqsədilə qalaktikadakı kosmik şüaların mühəndis modellərini hazırlayıblar. Bundan əlavə, “Mir” orbital stansiyasında, peyklərdə radiasiyanın vəziyyəti ilə bağlı çoxsaylı monitorinqlər aparılıb. Moskvalı alim deyib ki, kosmosda, o cümlədən Mars planetində güclü radiasiya olduğundan burada yaşayış mümkün deyil. M.Panasyuk bunu hətta Çernobılda baş verən radiasiya ilə də müqayisə edib. Onun fikrincə, bütün bunlara baxmayaraq, kosmik şüaların monitorinqinin aparılması üçün qlobal sistem yaradılmalıdır.

Sonda alim seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı