Dünya Beynəlxalq Təhlükəsiz İnternet Gününü qeyd edir Fevral 11, 2014 | 11:00 / Mühüm hadisələr

Bu gün dünyanın 110-dan çox ölkəsində Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd olunur. Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən etibarən hər il fevral ayının ilk çərşənbə axşamı qeyd edilən bu əlamətdar günün əsas məqsədi təhlükəsiz İnterneti təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaqlar və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir. 

“Pozitiv İnterneti birlikdə yaradaq” şüarı altında qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü bu il 11 fevral tarixinə təsadüf edib. 

ABŞ-da isə bu əlamətdar gün ilk dəfə qeyd edilir. Bu gün Vaşinqtonda “Ən yaxşı qlobal şəbəkəni yaradan gənclər və İT-liderlər” şüarı altında “Təhlükəsiz İnternet günü-2014” mövzusunda konfrans keçiriləcək. 

“Взгляд” qəzetinin məlumatına görə, bayram ərəfəsində 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi fəaliyyətinin ilk ilinin yekunları ilə bağlı hesabat verib. Bu müddət ərzində mərkəz tərəfindən İnternetdə fırıldaqçılığa, maliyyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılmasına qarşı 20 iri əməliyyat keçirilib. Təşkilat rəhbəri Truls Ertinq bildirib ki, ötən il onun rəhbərlik etdiyi qurum fəal çalışaraq Avropa İttifaqının hüquq-mühafizə orqanlarına transsərhəd kibercinayətlərin qarşısını almaqda və araşdırılmasında yardımçı olub. 

Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Hazırda təşkilatın fəaliyyəti İnternetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir. 

Mərkəzin hesabatında deyilir ki, hazırda dünyada 2,5 milyard insan İnternet istifadəçisidir, daha yarım milyard istifadəçi yaxın dörd ildə onların sırasına qoşulacaq. Mütəxəssislərin qənaətincə, kibercinayətkarlığın da miqyası artacaq ki, artıq bu gün onun həyəcanlandırıcı tendensiyalarını müşahidə etmək mümkündür. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı