Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinin 62-ci elmi-texniki konfransı keçirilir Noyabr 12, 2013 | 10:35 / Konfranslar, iclaslar


Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) akademik Azad Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş ADNA tələbələrinin 62-ci elmi-texniki konfransı öz işinə başlayıb. 


Tədbirin keçirilməsində əsas məqsəd bakalavr və magistratura səviyyəsində elmi yaradıcılıqla məşğul olan gənclərin tədqiqat işlərinin nəticələrini müzakirə etmək, onlar arasında informasiya mübadiləsini təşkil etmək, elmə olan maraqlarını artırmaqdır. Konfransda 476 məruzənin dinlənilməsi nəzərdə tutulub. 

Öncə tədbir iştirakçıları alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən məlumat guşəsi ilə tanış olublar. 

Təhsil Nazirliyi və ADNA-nın təşkilatçısı olduğu tədbiri giriş sözü ilə akademiyanın rektoru, akademik Siyavuş Qarayev açıb. “Azərbaycan son illər özünün inkişaf modeli ilə dinamik addımlarla irəliləyir, həmçinin beynəlxalq miqyasda tədbirlər keçirməklə böyük uğurlara imza atır” – bildirən S.Qarayev bu yaxınlarda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun buna əyani misal olduğunu qeyd edib. “Dünyanın elmi və mədəni elitasının görkəmli nümayəndələrini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini də bir araya toplayan tədbirin əsas vəzifələrindən biri innovativ ideya, nəzəri və praktiki biliklərin mübadiləsini təşkil etməkdir”. Rektor forumun işində 70 ölkədən 800 qonağın, o cümlədən 13 Nobel mükafatı laureatının iştirak etdiyini vurğulayaraq 2013-cü il üçün kimya üzrə Nobel mükafatı laureatlarının ADNA-nın kimya fakültəsinin kafedra və laboratoriyası ilə tanış olduqlarını bildirib. 

ADNA-nın məzunu, görkəmli alim və pedaqoq, ictimai xadim Azad Mirzəcanzadənin elmi fəaliyyətini dəyərləndirən rektor akademikin yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyətindən danışıb. S.Qarayev alimin rəhbərliyi altında dərin biliklərə malik, innovativ təfəkkürlü, peşəkar mütəxəssis ordusu yetişdirildiyini, ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın formalaşdığını söyləyib. O, A.Mirzəcanzadənin perspektivli gənclərin axtarışı məsələlərinə də böyük həssaslıqla yanaşdığını bildirib: “Alimin səyi və bilavasitə iştirakı ilə orta məktəb şagirdləri və tələbələrlə müxtəlif səpkili görüş və seminarlar keçirilir, burada elmin müasir problemləri müzakirə olunurdu”. 

Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkədə İnformasiya-kommunikasiya ili elan olunduğunu da qeyd edən S.Qarayev bu istiqamətdə akademiyanın İnformasiya-kommunikasiya Mərkəzinin fəaliyyətindən bəhs edib. 

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev konfransın Ümumdünya Elm Günü həftəsinə təsadüf etdiyini qeyd edərək bildirib ki, informasiya əsrində bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyatın, cəmiyyətin inkişafının əsasını elmi fəaliyyət, texnologiyalar təşkil edir: “YUNESKO-nun baş direktoru İrina Bokova 10 Noyabr - Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü münasibətilə universitetlərə, elmi-tədqiqat müəssisələrinə müraciətində bildirmişdir ki, elmi fəaliyyətin sərhədi yoxdur, elmlə məşğul olmaq üçün yüksək ixtisaslı gənclər yetişdirmək, dünyada qlobal informasiya cəmiyyətinin formalaşdırılmasında onların fəal iştirakını təmin etmək lazımdır”. 

Cari ilin ölkədə İKT ili kimi qeyd olunduğunu bildirən alim hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda informasiya cəmiyyətinin qurulması məqsədlərinə xidmət edən “Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiya”nın qəbul edildiyini söyləyib. Alim bu 10 il ərzində ölkədə informasiya texnologiyalarının geniş tətbiqi sayəsində böyük nailiyyətlərin əldə olunduğunu bildirərək, bu uğurlarda daha çox gənclərin, tələbələrin payı olduğunu bildirib: “İnnovativ ideyaların tətbiq edildiyi qabaqcıl texnologiyaları sürətlə mənimsəyən məhz gənclərdir. Artıq Azərbaycanda ölkə iqtisadiyyatının təbii sərvətlərdən yüksək texnologiyalara, elm və təhsilə söykənən biliklər iqtisadiyyatına transformasiyası prosesi gedir. Ölkədə e-hökumətin tələbləri bərqərar olunur. Azərbaycanın yerətrafı orbitə peyki çıxmış, kosmik sənayenin əsası qoyulmuşdur. Görülən tədbirlər nəticəsində ölkəmiz İKT-nin inkişaf indeksi üzrə 157 ölkə arasında 61-ci yerə yüksəlmişdir. Bu o deməkdir ki, Azərbaycan bu illər ərzində yüksək göstəricilər əldə etmiş və 10 il ərzində əldə olunmuş nailiyyətlərin nəticəsi olaraq 2013-cü il İKT ili kimi qəbul edilmişdir”. 

Ölkədə yaxın gələcəyin inkişaf hədəflərini özündə əks etdirən “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının əhəmiyyətindən də danışan R.Əliquliyev bildirib ki, burada elm və təhsildə innovativ inkişaf əldə etmək, müxtəlif fəaliyyət sahələrində İKT-nin tətbiqini genişləndirmək, biliklər iqtisadiyyatını formalaşdırmaq əsas hədəflərdəndir: “Biliklər iqtisadiyyatının formalaşmasının əsas aparıcı qüvvəsi alimlərdir, müəllimlərdir, yüksək intellektə malik olan Azərbaycan gəncliyidir. Elm və təhsilin qarşısına böyük vəzifələr durur. Həm elm, həm də təhsil qurumları bu məsuliyyəti hiss edərək öz fəaliyyətlərini məhz konsepsiyanın tələblərinə uyğunlaşdırırlar” – bildirən alim AMEA-da son zamanlar innovativ islahatların keçirildiyini vurğulayıb: “Azərbaycan elminin dünya elminin tələblərinə uyğunlaşdırılması üçün islahat proqramları həyata keçirilir. Bu proqramlarda gənclər xüsusi yer tutur. İstedadlı gənclər Avropa, ABŞ universitetlərinə, elm mərkəzlərinə göndərilir. Bu vəzifələr sırasında ən mühüm məsələlərdən biri elm və təhsilin inteqrasiyasını daha da qüvvətləndirməkdir. Təhsilsiz elm, elmsiz təhsil yoxdur. Ona görə də AMEA ilə təhsil qurumlarının əməkdaşlığı daha intensiv xarakter almalıdır”. 

Çıxışının sonunda AMEA-nın akademik-katibi gəncləri biliklər cəmiyyətinin formalaşması işində yaxından iştirak etməyə çağırıb. 

Tədbirdə həmçinin Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru, professor Alçın Şirinzadə, ADNA-nın “Geoloji kəşfiyyat” fakültəsinin dekanı, dosent Mais Babayev, “İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment” fakültəsinin dekanı Azad Əliyev, Tələbə Elmi Cəmiyyətləri Şurasının sədri, professor Kamil Ayda-zadə və digərləri çıxış edərək akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafındakı mühüm xidmətlərindən, elmi-pedaqoji fəaliyyətindən danışıblar. 

Qeyd edək ki, konfrans öz işini noyabrın 15-dək davam etdirəcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı