Biometrik texnologiyalarda Big Data problemləri araşdırılır Noyabr 10, 2015 | 04:38 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalarda Big Data (Böyük verilənlər) problemləri araşdırılır. Araşdırmaların nəticələri haqqında institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova çıxış edib.

İnstitutun elmi seminarında “Biometrik texnologiyalarda Big Data problemləri” mövzusunda məruzəni təqdim edən Ş.Mahmudova Big Data texnologiyalarının tətbiq sahələrindən danışıb. Məruzəçi bu texnologiyalardan kəşfiyyat, kibertəhlükəsizlik, marketinq və tibbi informatikada istifadə olunmasının vacib nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Big Data texnologiyalarından istifadənin üstünlüklərindən söz açaraq, ABŞ-ın bir çox universitet və hava limanlarında böyük verilənlərdən şəxsiyyətin müəyyən olunmasında geniş istifadə olunduğunu bildirib: “Hüquq-mühafizə orqanlarında isə “Face Recognition” və Big Data analitikasından istifadə insanın tanınmasında işin səmərəliliyinin yüksəldilməsinə səbəb olur”.

Məruzəçi Big Data texnologiyalarının bir sıra üstün cəhətləri ilə yanaşı, risk və konfidensiallıq ilə əlaqədar müəyyən problemlərin mövcud olduğunu da söyləyib. Onun sözlərinə görə, daxili işlər orqanlarında olan biometrik məlumatlar, kriminalistika bankları və məlumat bazaları kifayət qədər dağınıq və əsasən lokal səviyyədədir. Bu isə öz növbəsində, şübhəli şəxslərin aşkarlanması üçün axtarış imkanlarını məhdudlaşdırır. Məruzəçi qeyd olunan problemlərin həllində geniş imkanlara malik biometrik Big Data texnologiyalarından istifadənin önəmliyini vurğulayıb.

Ş.Mahmudova biometrik texnologiyalarda buluddan istifadə məsələsinə də toxunub. “Bulud texnologiyaları geniş sahəni əhatə edən paylanmış resurslara vahid nöqtədən sorğu üzrə giriş imkanı verən yeni informasiya texnologiyalarıdır”, – deyə bildirən məruzəçi istifadəçilərin bulud servislərlə sərbəst işləmək bacarığının olması, buluda istənilən məkandan, istənilən vaxtda və müxtəlif qurğu vasitəsilə daxil olmanın mümkünlüyünün bu texnologiyaların üstünlüklərindən olduğunu qeyd edib: “Biometrik texnologiyalarda buluddan istifadə təhlükəsizlik və məxfilik ilə bağlı problemlərin sayını xeyli azaldır və istənilən xoşagəlməz hadisənin tez bir zamanda qarşısının alınmasına kömək edir. Bulud texnologiyaları yüksək miqyaslanmanı asanlaşdırır və sistem geniş istifadəçi kütləsinə yüksək səviyyədə xidmət etməyə zəmanət verir”.

Bu sahədə mövcud olan etibarlı mexanizmlər barədə məlumat verən Ş.Mahmudova “Animetrics”, “BioID” və “robust Face” texnologiyalarını misal gətirib.

O, həmçinin biometrik texnologiyalarda Big Data problemləri ilə bağlı beynəlxalq konfrans və seminarlar haqqında da məlumat verib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı