AMEA prezidenti, akademik Akif Əlizadənin Akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı Noyabr 10, 2015 | 02:55 / Mühüm hadisələr

Möhtərəm cənab Prezident!

İcazə verin ilk növbədə bu gözəl nitqinizə görə, Sizə bütün Azərbaycan alimləri adından dərin təşəkkürümü bildirim. Müəyyən etdiyiniz hədəflər, qaldırdığınız problemlər və irəli sürdüyünüz vəzifələr bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil edəcək. Sözsüz ki, bütün bunları gerçəkləşdirmək üçün bizə mövcud potensialımızla yanaşı, kreativ düşüncəyə malik gənclər, yeni texnologiyalara və innovasiyalara yiyələnməyə qadir insanlar, maddi-texniki bazamızın müasir tələblər səviyyəsinə qaldırılması və bir sıra sosial problemlərimizin həlli gərəkdir. Əminəm ki, Akademiyaya göstərdiyiniz diqqət və qayğı sayəsində bunların hamısı həyata keçiriləcəkdir. Bir daha Sizə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Hörmətli alimlər! Əziz qonaqlar! Xanımlar və cənablar!

9 noyabr – Azərbaycanda gözəl bayram günüdür. Bu, Dövlət Bayrağı günüdür. Onun rəngləri bizi daim müasirləşməyə, milli-mənəvi dəyərlərimizi qorumağa və Azərbaycanın müstəqilliyinin keşiyində dayanmağa sövq edir. Akademiyanın ilk üzvlərindən olan Üzeyir bəy Hacıbəylinin bəstələdiyi himn kimi, bizim dövlət gerbimiz kimi Akademiya da dövlətçiliyimizin əsas rəmzlərindən biridir. Fərəhli haldır ki, Azərbaycan Milli Elmlər Akademiyasının yubileyini biz belə gözəl gündə qeyd edirik. Bunun dərin simvolik mənası vardır. Çünki Azərbaycan elmi də əslində bayrağımız kimi dövlətçiliyimizin rəmzlərindəndir. Bu mənada Akademiyanın yubileyi bizim üçün ikiqat bayramdır.

Bizim bu yubileyi xüsusi rövnəqləndirən həm də odur ki, ölkə prezidenti İlham Əliyev cənabları bu günlərdə yubiley münasibətilə alimlərimizin böyük bir qrupunun təltifi haqqında xüsusi sərəncamlar imzalayıb. Bu gün isə o özü bizim əziz qonağımızdır.

İcazə verin sizin hamınızı bu münasibətlə təbrik edim. Hər birinizə can sağlığı, uzun ömür və Azərbaycan Respublikasının inkişafı, onun elminin yüksəlişi naminə böyük uğurlar diləyirəm.

Hörmətli yığıncaq iştirakçıları!

Qədim sivilizasiyanın əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etmişdir. Bugünkü Elmlər Akademiyası əsrlər boyu inkişaf etmiş və püxtələşmiş Azərbaycan elminin varisidir. Qədim dövrdən orta əsrlərə qədər Azərbaycan elminin səviyyəsini dolğun əks etdirən güzgü Nizaminin əsərləridir. Nizami əyani surətdə sübut etdi ki, biz bir tərəfdən Yunan-Roma mədəniyyətinin varisləriyik, digər tərəfdən isə müsəlman intibahını yaradan və Avropaya renessansı ərməğan edən mədəniyyətlərdən biriyik.

Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr əsasında 1945-ci ilin mart ayında yaranmışdır. 1945-ci il martın 31-də isə Azərbaycan Elmlər Akademiyası yaranma tarixini böyük ümumi yığıncaqla qeyd etmişdir. Bu, Azərbaycanın həyatında yeni atributun yaranmasını göstərən təntənəli hadisə idi.

Azərbaycan elminin ənənələrini davam etdirən Akademiyanın ilk üzvləri bütün ömürləri boyu yüksək fədakarlıqla elmə xidmət etmişlər. Mən onların adlarını bir daha səsləndirərək böyük hörmətlə hər birinin işıqlı xatirəsini yad etmək istərdim. Onlar dahi Üzeyir Hacıbəyli, Mirəsədulla Mirqasımov və Səməd Vurğun, Yusif Məmmədəliyev və Aleksandr Qrossheym, Heydər Hüseynov və Mustafa Topçubaşov, İosif Yesman və Mirzə İbrahimov, Mikayıl Hüseynov və Şamil Əzizbəyov, Mirəli Qaşqay və Sadıq Dadaşov, Ələşrəf Əlizadə və İvan Şirokoqorovdur. Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb.

Akademiya inkişaf etdikcə onun sovet və dünya elminə töhfələri, respublika qarşısında duran problemlərin həllindəki rolu da artmaqda idi. 70 il ərzində Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar. Onların şərəfli əməyi layiqincə qiymətləndirilmiş, Azərbaycan alimləri yüksək dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülmüşlər. Bu proses, alimlərimizin əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması bu gün də davam etməkdədir.

Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələ 1970–1985-ci illəri əhatə edən dövrdür. Akademiya tarixinin bu mərhələsi bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar.

XX əsrin 90-cı illərinin əvvəllərindən Akademiyanın həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ başladı. SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai institutların iflasa uğraması, dərin iqtisadi böhran, hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin yalnız bir qismi idi. Həmin dövrdə Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə mübarizə adı altında İttifaq strukturlarının ləğvi kimi Akademiyanı da ləğv etmək cəhdləri vəziyyəti daha da kəskinləşdirmişdi.

Xoşbəxtlikdən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahiyanə siyasəti sayəsində Elmlər Akademiyası öz bütövlüyünü qoruyub saxlaya bildi.

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi özümüzə və gələcəyimizə inam hissini qaytarmaqla, xalqımızın tarixi yaddaşında milli ideallara fədakarcasına xidmətin nümunəsi kimi qalacaqdır. İkicə faktı qeyd etmək kifayətdir. Biz iqtisadiyyatımızın ən çətin dövründə YUNESKO çərçivəsində dahi Məhəmməd Füzulinin 500 illiyini və möhtəşəm Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyini böyük təntənə ilə qeyd etdik. Bütün bunlar əslində, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə xidmət edərək xalqımıza onun milli-mənəvi irsinin qaytarılması yolunda çox mühüm addımlar idi.

Hörmətli tədbir iştirakçıları!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu kimi, akademik elmdə də nailiyyətlər və uğurlar əldə edilmişdir. Möhtərəm Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” və 2012-ci ilin dekabr ayında xüsusi fərmanla təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma dövrünün və informasiya cəmiyyətinin qarşımızda yeni hədəflər qoyduğu dövrdə bizi dövrün çağırışlarına cavab verməyə səfərbər edir.

Cənab Prezident! Sizinlə bu zalda, Akademiyanın ümumi iclasında, dörd il əvvəl görüşmüşdük. Bu illər ərzində həm Akademiya institutlarının xarici görkəmi kəskin surətdə dəyişib, həm də islahatlar proqramlarının böyük qismi gerçəkləşdirilib. Gözəlləşmiş Akademiya şəhərciyinə xüsusi rövnəq verən Elmi Kitabxananın və Milli Ensiklopediyanın yeni binalarının qısa zamanda tikilməsi ölkəmizdə elmə göstərdiyiniz böyük diqqətdən xəbər verir.

Möhtərəm cənab Prezident!

O görüşümüz zamanı qaldırılmış bir çox məsələlər də artıq ya öz həllini tapıb, yaxud tapmaqdadır. Elmə yüksək qayğınıza görə Sizə bir daha bütün alimlər adından dərin minnətdarlığımı bildirəm.

Hazırda Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Milli Elmlər Akademiyası, ənənələrə sadiq qalaraq, elm və təhsilin inteqrasiyasına ciddi diqqət yetirir. Hazırda AMEA institutlarında onlarla müxtəlif universitetlərin kafedralarının filialları fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər.

Möhtərəm cənab Prezident!

Məhz Sizin dəstəyiniz nəticəsində Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunmuş və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilmişdir. İnstitutlarımızın ali məktəblərlə sıx əməkdaşlığı – akademik fəaliyyətin strateji xəttidir.

Hörmətli həmkarlar və qonaqlar!

70 illik yubileyə Akademiyanın kollektivi əliboş gəlməmişdir, dəyərli elmi əsərlər və monoqrafiyalar hazırlanmışdır. Bu əsərlərin nəşrini Akademiya tarixinin müvafiq mərhələlərdə fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Bu, bizim yubiley hədiyyəmizdir. Amma bu çoxsaylı nəşrlərin sırasında bir nəşr bizim üçün xüsusilə əzizdir.

Mən “Azərbaycan Milli Elmlər Akademiyası simalarda” kitab-albomunu nəzərdə tuturam. Burada 70 il ərzində öz əməyi ilə respublika elminin nailiyyətlərini artırmış şəxsiyyətləri görmək olar. Bu, bizim tariximizdir. Məhz həmin tarix bizi həm gələcəyə aparır, həm də keçmişə qaytarır və buna görə də bizi həyəcanlandıran hadisələr gələcək nəsilləri də maraqlandıracaq.

Hörmətli tədbir iştirakçıları!

Hamıya məlumdur ki, elmdə keçirilən islahatlar ən çətin və ən mürəkkəb bir prosesdir. Akademiyanın 70 illik yubileyi günlərində qürurla deyə bilərik ki, səylərimizi birləşdirməklə Azərbaycanın bu əvəzsiz sərvətini qoruyub saxlaya bilmişik. Bu gün bu müqəddəs elm ocağı yaşayır və inkişaf edir.

Möhtərəm cənab Prezident!

Bu inkişafa görə, elmə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan elmi ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizi əmin edirik ki, Azərbaycan alimləri milli maraqlara uyğun həyata keçirdiyiniz dövlət siyasətinə daim dəstək verəcək, ölkəmizdə biliklər iqtisadiyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, bu amal uğrunda həmrəyliyini artıracaq, səylərini daha da gücləndirəcəkdir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı