Qabaqcıl texnoloji yeniliklər təqdim olunub Oktyabr 01, 2015 | 03:00 / Konfranslar, iclaslar

Müasir dövrdə elmi-texniki tərəqqi sayəsində az qala hər saniyədə yeni texnologiyalar icad edilir. İnnovativ qurğular – noutbuk, planşet, “ağıllı” telefonlar getdikcə vüsət alır. İKT sahəsində əldə olunan bu yeniliklər və yaranan imkanlar əksər fəaliyyət sahələrinə sürətlə nüfuz edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında təqdim edilən məruzələrdən biri də məhz İKT yenilikləri mövzusuna həsr olunmuşdur. Şöbə müdiri Şakir Mehdiyev İKT sahəsində baş verən yeniliklərlə bağlı geniş məruzəni iştirakçıların nəzərinə çatdırıb. Cari ilin avqust ayında San-Fransiskoda (ABŞ) keçirilən “Intel Developers Forum – IDF” haqqında məlumat verən məruzəçi İKT üzrə mühüm tədbirlərdən olan IDF 2015-də təqdim olunan əsas texnoloji yeniliklərdən bəhs edib. Dünyanın aparıcı İT-şirkətlərindən olan “Intel”in yeni 6-cı nəsil “Skylake Microarchitecture” prosessoru, tamamilə yeni növ yaddaş tutumlu “Intel Optane” seriyasından olan “3D XPoint” fləş-daşıyıcıları haqqında məlumat verib.

Ş.Mehdiyev qeyd edib ki, alimlər bu yeni texnologiyanı yaddaş tutumu baxımından inqilabi hadisə hesab edirlər. “Intel və Micron şirkətlərinin birgə hazırladığı qurğunun məhsuldarlığı adi fləş kartdan 1000 dəfə çoxdur”. Məruzəçi “3D XPoint”in böyük həcmdə verilənlərin (Big Data) saxlanılmasında mühüm rol oynayacağını vurğulayıb.

Almaniyanın paytaxtı Berlində keçirilən “IFA 2015” beynəlxalq istehlak elektronikası sərgisindən də söz açan Ş.Mehdiyev tədbirin istehlak elektronikası sahəsində aparıcı innovasiyalar sərgisi olduğunu bildirib. Qeyd edib ki, IFA pavilyonlarında hər il “Samsung”, “LG”, “Philips”, “Sony” və digər şirkətlərin flaqman məhsulları təqdim olunur. Onun sözlərinə görə, “IFA 2015”də diqqətçəkən qurğulardan biri də Cənubi Koreyanın “LG” şirkətinin istehsal etdiyi yeni OLED-displey olub. 3 müxtəlif 65 düymlük 4K Ultra HD formatlı OLED-displey bazası əsasında yaradılmış və qalınlığı 5,3 mm olan ekranın unikallığı ikitərəfli olmasındadır.

Şöbə müdiri sərgidə Cənubi Koreyanın “Samsung” şirkətinin “ağıllı” ev üçün təqdim etdiyi 200-dən çox müxtəlif ev qurğusunun hərəkətini sinxronlaşdıran idarəetmə sisteminin üstünlükləri haqqında da məlumat verib. “Samsung Smart Things Hub” adlandırılan sistemin mərkəzi qurğusu bir növ sistemin ayrı-ayrı modullarından məlumatların daxil olduğu server rolunu oynayır. Qurğunu “Android” və ya “iOS” əməliyyat sistemləri üçün hazırlanmış mobil proqramın köməyilə idarə etmək olar”.

O, “Verbatim” şirkətinin məlumatların saxlanılması qurğularının üstünlüklərini də nəzərə çatdırıb. Bildirib ki, “Verbatim M-Disc” digər disklərdən uzunömürlülüyü ilə fərqlənir. “M-Disc” markası altında 4,7 Gb-dan 200 Gb-dək yaddaşa malik bir sıra optik disklər təklif edilir.

Şöbə müdiri həmçinin 3D-çap texnologiyalarının imkanlarından da danışıb. Bu texnologiyaların getdikcə inkişaf etdiyini və bir çox sahələrlə yanaşı, tibdə də geniş tətbiq olunduğunu nəzərə çatdırıb. Avstraliyanın “CSIRO” şirkətinin üçölçülü printer vasitəsilə döş sümüyü və qabırğaların implantatını çap etdiyini, bunun tibbin inkişafında mühüm hadisə olduğunu bildirib: “3D-çap implantat xərçəng xəstəliyindən əziyyət çəkən 54 yaşlı xəstəyə uğurla implantasiya edilib. Bu implantatın üstünlüyü titandan hazırlanmasındadır”.

Məruzəçi bir sıra digər qadjetlər və yeni layihələr haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı